Gözəl gecə
Bu nə gözəl bir gecə?!
Uzaqda şimşək çaxır,
Qəlbim atır gizlicə.
Sanki göyün üzündən
Yerə darıxmaq yağır.
Bu darıxmaq gözəldir,
Sizə gəlməsin ağır.
Bu nə gözəl bir gecə?!
Məni alıb aparır,
Yağış yağır sakitcə.
Nə bir parlayan ulduz,
Nə də ki ay görünür.
Amma yenə bu gecə
Necə gözəl görünür?!
Bu nə gözəl bir gecə?!
Seyr edirəm həvəslə,
Gecə keçir beləcə.
Baxıram qaranlıqda
Uzanan uzaqlara
Gedənimmi gələcək?
Gözləyirəm səhəri,
O, günəşlə dönəcək…
İntizar
Köçür məni gözlərinə,
Bəbəyində itim, qalım.
Kəlmə-kəlmə, sətir-sətir
Ürəyində yatım, qalım.
Götür məni bu dünyadan,
Öz dünyana qonaq apar.
Yorğun ruhum bəlkə orda
Dinclik tapar, hüzur tapar.
Səslə məni, qoy səs verim
Əl çatmayan səmalardan.
Axtar məni gizli, aşkar,
Dolmuş qara buludlardan.
Bir sığal çək tellərimə,
Sənə həsrət biriyəm mən.
Bircə kəlmə şirin sözə
Möhtac uşaq kimiyəm mən.
Keçmişimdən gələcəyə
Şirin anla apar məni.
Al hicranın əllərindən,
Bu dünyadan qopar məni.
Həsrət
Yenə gecə görünür, gəlir həsrət qoxusu,
Bu vaxt ərşə çəkilir dərdlilərin yuxusu.
Gözüm artıq yorulub, ulduzları saymaqdan,
Gecə də bezib məndən, zillət çəkir bayaqdan.
Pəncərənin önündən gözüm sizə yol çəkir,
Gözümün qarşısında hicran yola sədd çəkir.
Bağçamda güllərimin rəngi də sən qoxuyur.
Həsrətin ilmə-ilmə qəlbimə “sən” toxuyur.
Bəlkə bir xəyalıma hərdən qonaq gələsən,
Bircə an sənsizliyi xatirimdən siləsən.
Mən bu dərdi, həsrəti Yükləmişəm qəlbimə,
Mənim yaşadıqlarım Həkk olunar qəbrimə.
Gedəcəyəm dünyadan Sinə dolu, əli boş.
Qoy desinlər, Nigari köçdü, getdi, xətri xoş…
Darıxmağa gedirəm
Mən neynim ki, bu qədər üzür məni intizar,
Bədənimə hopubdur qara rəngli dərd, azar.
Ruhum tərk edib məni, cismim olubdur bezar,
Bu həsrətin əlindən qəlbimə zülm edirəm,
Sənsizliyi götürüb darıxmağa gedirəm.
Sənsizliklə sınadı həyat məni hər anda,
Tarım yaman sızlayır, nalə çəkir kaman da.
Xoşbəxtliyi dadmadım yaşadığım zamanda,
Nə döyünən ürəyəm, nə də cansız qəbirəm,
Sənsizliyi götürüb darıxmağa gedirəm.
Gecə həsrət, gündüz qəm görünür gözlərimdə,
Bir tək “vüsal” kəlməsi sürünür sözlərimdə.
Yollarına baxmaqdan kor olub gözlərim də,
Vallah, elə yoruldum, daha o mən deyiləm,
Sənsizliyi götürüb darıxmağa gedirəm.
Həsrətinə qərq oldu, hey süzülür göz yaşım,
Gecələrdir yalnızca mənim dostum, sirdaşım.
Daha yoxdur taqətim, bu dünyayla savaşım,
İstəyirəm, geridə qalan ömrü tək sürəm,
Sənsizliyi götürüb darıxmağa gedirəm.
Könlüm
Nə ağlarsan, nə sızlarsan?
Nolub sənə, yenə, könlüm?
Bel bağlama bu dünyaya,
Səni atar yelə, könlüm.
Qalxdım zilə, düşdüm bəmə,
Halım oldu dəmdən-dəmə.
Necə dözüm, bu sitəmə?
Qoşularam selə, könlüm.
Dünya mənə zindan olub,
Fikrim qeyri-qalla dolub,
Əsən külək saçım yolub,
Görən nə vaxt, gülə könlüm?
Kimsə yoxdur, dərdim açam,
Bilməm, hardan-hara qaçam.
Gözləyirəm, görən, haçan
Gələcəkdir dilə könlüm.
Nigariyəm, dindir məni,
Bacarırsan güldür məni.
Öz əlinlə öldür məni,
“Sevgi” nədir, bilə könlüm.
Naibə Nigari