.....

.....

Nargilə Yusifqızının şeirləri

Nargilə Yusifqızının şeirləri

Möcüzə

Selin axarına düşən ağac tək,
Həyat öz kökümdən qopardı məni.
Dözərdim gur sular içinə düşsəm…
Suyun lal axanı apardı məni!

Hələ əl eylədim dalğalar üstdən,
Hamı üz çevirdi eləbil qəsdən,
Ümidim var idi, bu son nəfəsdə,
Kimsə xilas edib, tutardı məni.

Qərq oldum dəryaya, dalğaya dözdüm.
Boğula- boğula sularla üzdüm
Bu da qismət, deyib həyatdan küsdüm,
Yaşatdı zamanın bu ardı məni

Axırda çəmənli bir düzə düşdüm…
Zülmətlər içindən gündüzə düşdüm…
İlahi eylədi möcüzə, düşdüm,
Tanrının sağ əli qurtardı məni.

Danışma

Tale hər vaxt üzə gülmür, əzizim,
Gəl yaramı yada salıb qaşıma.
Saçımdakı dərd ələyən qarları
Yaraşdırmır görən mənim yaşıma.

Abi-kövsər dirildənməz nəşimi
Dar ağacı meyvəsiyəm, düz, şümal.
Mən yandırdım o üflədi şəmimi,
Nə oyunlar açdı həyat başıma.

Susuz səhra qorxu verməz ərənə,
Su kar etməz qəlbin yanan yerinə.
Eşq yanğısı nədir, bilən birinə,
Əbəs olar, cəhənnəmdən danışma.

Solmuş yarpaq

Nə tez soldu bu yarpaq
Payızı nə tez düşdü?
Üzülərək budaqdan
Astaca yerə düşdü.

Səsiz düşdü amma ki,
Səsi düşdü aləmə.
Vaxtsız solan yarpağa,
Ağlayan çoxmuş demə.

Ağladı bütün meşə,
Ahı tutdu hər dağı.
Mümkün olmadı qoymaq
Yerinə bu yarpağı.

Vaxtında dəyər verib,
Qulluq eyləsək əgər.
Nə yarpaq vaxtsız solar,
Nə ağlarıq bu qədər.

Hələ yaşamağa dəyər bir az da
Şair Məmməd İsmayılın eyni adlı şeirinə nəzirə

Həyat bir məktəbdir müəllim özü,
Boşa söyləməz o dediyi sözü.
Sevinc bir üzüdür, kədər bir üzü,
Arzum tumurcuqdur, açacaq yazda,
Hələ yaşamağa dəyər bir az da.

Hələ ümidim var, xoş gün öndədir,
Niyyətim zərifdir, pakdır, incədir.
Hərdən də dərd üzür, kədər incidir,
Ürəyim mizrabdır çalınan sazda,
Hələ yaşamağa dəyər bir az da.

Məni bu dünyaya gətirən anam,
Dərdlərin əlinə ötürən anam,
Kirpiyiylə közü götürən anam,
Laylan qulağımda, həmin avazda,
Hələ yaşamağa dəyər bir az da.

Qoy bitsin ömrümün qəmli günləri,
Dumanlı günləri çənli günləri,
Qədrini bilmədim sənli günlərin,
Yenə çəkmək üçün işvə də, naz da,
Hələ yaşamağa dəyər bir az da.

Qartallı qayalar, zirvəli dağlar,
Mərcan tək parlayan ayna bulaqlar,
Görmək istədiyim çöllər oymaqlar,
Xəyalım qıy vurur Kürdə, Arazda.
Hələ yaşamağa dəyər bir az da,
Hələ yaşamağa dəyər bir az da.

Nəsihətnamə

Dünya belə olub ta yaranışdan,
Bahar sonra gəlir şaxtalı qışdan.
İçərək nur kimi düşən yağışdan,
Torpaqdan qanqal da cücərir, gül də!

Yaxşılar hər yerdə yaxşı görünür
Nadanlar yaltaqtək ardla sürünür
Qurunun oduna yaş da bürünür
Ocaqda kösöv də közərir, kül də!

Musiqi sədası gəzər cahanı,
Yaxşı oxuyanı səsindən tanı.
İndi əsl mahnı, gözəl səs hanı,
Qarğa da oxuyur bağda, bülbül də!

Seyredib gəzərkən çölü, çəməni,
İnsanlar salamlar, alqışlar məni.
Gözlə, təmiz suyla doldur kuzəni.
Dağlardan bulaq da süzülür ,sel də!

Dəyərli iz burax daim həyatda,
İzindən tanısın səni həyat da.
Köç edib gedərkən sən bu həyatdan,
Bir ev də ağlasın səni, bir el də!
Nargilə Yusifqızı