Buludlar düyçə-düyçə
Deyəsən ayazıyır,
gecə üzü danadı;
küçələr bomboş qalıb,
binalar yan-yanadı;
sözüm ocaq üstədi,
ruhum məni səslədi.
uçdum, hara istədim,
sızıldayır qanadım;
gedim kimi oyadım,
gün çırtdadı bir udum;
üfüqdə ağ buludun,
yanaqları qanadı;
saçları uzun-uzun,
gizlədə bilmir nazın;
yuxumdakı o qızın,
nə özü var, nə adı;
buludlar düyçə-düyçə,
xəyallarım düyünçə;
yata bilmədim gecə,
göydə ulduz sanadım.
Niyə belə solmusan
Niyə belə solmusan,
nə bət, nə bəniz qalıb;
duman dağa sarılıb,
nə cığır, nə iz qalıb;
çıxıb qardan, sazaqdan,
kimsə gəlir uzaqdan;
bax, o sönən ocaqdan,
bircə ovuc köz qalıb;
bulud sökülüb gedib,
yarpaq bükülüb, gedib;
sular çəkilib gedib,
nə çay, nə dəniz qalıb;
düşünürəm, bayaqdan,
nə vardanam, nə yoxdan;
fələk ölübdü, çoxdan,
yerində kəniz qalıb;
hamı dərdlə əlləşər,
hərəyə bir pay düşər;
nə gündədi, bu bəşər,
dünya yiyəsiz qalıb.
Untduğum göy üzü
Unutduğum göyüzü,
tanrıya daha yaxın;
burdan dağlar görünmür,
hardan boylanım, baxım;
dünya bağlı qalaça
gedib harda qalacam;
bir cüt qanad alacam,
yeri tutmur ayağım;
mən daha nə görəcəm,
bağ becərəm, yer əkəm;
saçlarına hörəcəm,
çiçəklərin ən ağın;
ömrün qırışığı var,
dərdin qarışığı var;
üzümdə işığı var,
gözündəki çırağın;
günüm harda keçinə,
döndüm bulud köçünə;
nə yazılıb içinə,
alnımdakı varağın.
Təzə dünya dağılır
Əllərimi buz kəsir,
niyə belə soyuxdu;
ruhum didərgin oldu,
ağrılarım hayıxdı;
üzdüm o çiy sularda,
doğma, ögey sularda;
həsrətim göy sularda,
azıb qalan qayıxdı;
hanı, çəkilən ahlar,
dönüb gəlir günahlar;
baxma, yatıbdı dağlar,
bulaqları oyaxdı;
su yorulmur axmaqdan,
ölürəm, darıxmaqdan;
göy üzünə baxmaqdan,
gözlərimiz qıyıxdı;
bulud kilim-kilimdi,
yanıb-sönən külümdü;
dağ yarıdan bölündü,
arasından çay axdı;
hanı huşum, ağılım,
harda bitir nağılım;
təzə dünya dağılır,
köhnə dünya ta yoxdu.