.....

.....

Niyə bircə ayrılığın doğma gəlir – Günay Ələkbərzadə

Niyə bircə ayrılığın doğma gəlir – Günay Ələkbərzadə

***

Sən ki sözləri mənə,
Qolları başqa qadına sarılan adam…
O gözlərdə günəş necə batır görəsən?
Dikilirmi gözləri sən gedən yolların
Gəlməyəcək dönüşünə…
Səni ona gətirən səhərlərə
and içirmi mənim qədər?
Saçlarıma yad əlin
İstisinə əzbər edər barmaqları əllərində üşüyənə…
Sayıqladar adını sənsizlikdən səhərədək tövşəyənə…
Ən yaxınında belə isinməyən könlümə
Sənmi uzaq idin, uzaqlarmı səndin?…
Bilmədim heç vaxt…
Mən susan tərəfindim,
Mən qurban tərəfindim…
Mən ömürlük ağrına təsəlliydim, deyəsən…
Gözlərimə, ürəyimə
Niyə bircə ayrılığın doğma gəlir, görəsən?
Bir gün tapacağam unutmağın yolunu…
Bir şəklə sığmayan əksimizə and olsun!
Sənə aid ömrümün əskiyinə and olsun!
Bir gün tapacağam unutmağın yolunu…

***

Bir də düşməyəcək izim yoluna
Zirvəndən külək tək əsib enəcəm.
Dumanda azdırıb eşqimi səndən
Qurdlara, quşlara yemlik edəcəm.

Bəlkə də zirvədən atıb eşqimi,
Ruhumu göylərə uçura bildim…
Bəlkə də yollardan alıb özümü
Əlçatmaz yerlərə köçürə bildim.

Hardasa evimdin qapısı bağlı
Bir tavanarası sevgidən yoxsul.
Hardasa ümiddin, əlləri bağlı,
Mən gedən tərəfdim, sən davam edən..

***

Sən onda gəlsəydin, gözüm yolundan,
Qulağım səsindən ayrı qalmazdı.
Sən onda gəlsəydin, sənsiz bu tale
Özgə ocağına odum salmazdı.

Sən onda gəlsəydin, bu şəhər bizi
Bəlkə bir küçədə ev eyləyərdi.
Sən onda gəlsəydin, birtəhər bizi,
Bir damın altında küy eyləyərdi.

Sən onda gəlsəydin, özüm özümü
Ömrünə, gününə qurban edərdim.
Yüklənib dərdinin ən yekəsini
Gözündən uzaqda qubar edərdim.

Sən onda gəlmədin, sən indi yoxsan,
Mən yarıyollarda, yarım-yarımçıq…
Sən dünən yox idin, sabah da yoxsan,
Mən sənsiz öləcəm, gözlərim açıq…

Sən onda gəlmədin, qaldım beləcə,
Bircə sənə görə haçansa güldüm.
Nə həyat yaşadım, nə ölüb getdim,
Bircə səndən ötrü darıxdım, öldüm…

***

Qəhərimi udub sənsizliyə dözmüşəm,
Sənsiz ölü yatıb səhər diri gəzmişəm,
Özümü yandıran bir nəfərlik közmüşəm,
Varından, yoxundan payım söz oldu.

Sən özgə əlinə ömürlük qol olanım,
Vaxtı mənə gödək, özgəyə bol olanım,
Mənə eniş, yoxuş, özgəyə yol olanım,
Solunda gedənlə könlünü xoş et!

Məndən ölüsü yox yerin altı, üstündə,
Mən evinin yadı, kimsə gözün üstündə,
Qaldım bu dünyada quru sözün üstündə,
Şeirinə köçəni ruhuna köç et!

Sən ağır günümün özgəyə yar olanım,
Kiminə isti yay, mənə qış, qar olanım,
Bir qucaqlıq köksü tək mənə dar olanım,
Könlünə sığandan get muğayat ol!

***

Bu dünyanın varından,
Yağışından, qarından,
Yaxınından, yarından,
Bir andaca gedəsən…

Bu dünyanın oxundan,
Olanından, yoxundan,
Hər kəsinin çoxundan
Göz yumunca gedəsən…

Bu dünyanın başından,
Torpağından, daşından,
Ömrünün gənc yaşından
Tərəddüdsüz gedəsən…

Yad doğmadan qopasan,
Bir buludluq topasan,
Dənizlərə hopasan,
Buxarlanıb gedəsən…