NOVRUZUM
Gəlişin, qədəmin mübarək olsun,
Xoş gəldin, buyur keç başa, Novruzum.
Şaxtanı, sazağı qoyaq geridə –
Əlvida söyləyək qışa, Novruzum.
Hər evə, ocağa ruzi gətir sən,
İşvəni gətir sən, nazı gətir sən.
Nəğməli kamanı, sazı gətir sən –
Min illər beləcə yaşa, Novruzum.
Ağaclar gül açsın, torpaq oyansın,
Təbiət al-yaşıl rəngə boyansın.
Sevincin hüdudu ərşə dayansın –
Arzular dəyməsin daşa, Novruzum.
Bayramınız Mübarək
Ətri gəlir baharın,
Yasəmənlər oyanıb.
Qönçələnib qızılgül –
Hazır durub dayanıb.
Kəpənəklər sevinib
Ora – bura uçurlar.
Budaqlardan boylanır –
Xırda-xırda puçurlar.
Qoy var olsun, el-obam,
Ömrümüzü şən sürək.
Deyin, gülün, şənlənin –
Bayramınız mübarək!
A NƏRGİZ
Sən də mənim kimi həsrət çəkirsən?
Nədən saralıbdır rəngin, a nərgiz?
Hicranın bol olub, möhnətin artıq –
Nədən saralıbdır rəngin, a nərgiz?
Deyəsən qəlbində kədər əkilib,
Sinənə ayrılıq dağı çəkilib.
Qamətin əyilib, boynun bükülüb –
Nədən saralıbdır rəngin, a nərgiz?
Gəl bir az dərdləşək biz ordan-burdan,
Gedişin haradır, gəlişin hardan?
Səndəmi aralı düşmüsən yardan –
Nədən saralıbdır rəngin, a nərgiz?
Nə dərdin? Gözəllər qoxlayır səni,
Öpüb göz üstündə saxlayır səni.
Bəlkə yar həsrəti oxlayır səni –
Nədən saralıbdır rəngin, a nərgiz?
GEDİRƏM
Bəlkə görüşmədik, o üzdən gülüm,
Ətrini sinəmə alıb gedirəm.
Sevincim günəşlə qürub eylədi,
Ayrılıq havası çalıb gedirəm.
Hicran aramızda bir qara pərdə,
Könül qəm yeyərmi sən olan yerdə?
Ürək tab gətirməz bu qədər dərdə,
Ümid bir allaha qalıb, gedirəm.
Sənli xatirələr saralıb, solub,
Gəncəli həsrətdən çox yara alıb.
Donub baxışlarım, üzündə qalıb,
Gözlərim yaşarıb, dolub, gedirəm.
KAŞ Kİ SƏNİNLƏ…
~ Qoşaqafiyə ~
Hərdən düşünürəm, kaş ki səninlə,
Bəylik kürsüsündə qoşa duraydım.
Həsrəti, hicranı, qəmi, möhnəti,
Salaydım çınqıla, daşa, yoraydım.
Maral baxışından qüvvət, güc alıb,
Əhdimə, eşqimə mən sadiq qalıb,
Bir damın altında sənlə qocalıb,
Bir ömrü bərabər başa vuraydım.
Aşıq Gəncəlinin müxtəsər sözü,
Tapsın bəlasını ayıran bizi.
Fələyin gül açan baharı, yazı,
Dönəydi şaxtalı qışa, görəydim.
MÖHTAC
Yoxdan şəfa versin hər dərdə Allah,
Heç kəsi olmasın dərmana möhtac.
Bütün bəşəriyyət, bütün kainat,
O adil təbibə, loğmana möhtac.
Yar olsun hər kəsə uca Yaradan,
Yox olsun qəm, kədər getsin aradan.
Azar da, bezar da çıxsın sıradan,
İnsanlar qalmasın sağ cana möhtac.
Daim üzü gülsün vətənin, yurdun,
Tapılsın çarəsi hər müşkül dərdin.
Düyünə düşməsin kələfi mərdin,
Yaxşını etməsin yamana möhtac.
El qədri bilənlər çəkilsə başa,
Arzular, istəklər toxunmaz daşa.
Haşa qanmazlardan, haşa, min haşa,
Gəncəli hər zaman qanana möhtac.
SƏRİNDİ, BƏH-BƏH
~ Təcnis ~
Gözəl dağ havası, yaşıl çəmənlik,
Həzin bir meh əsir, sərindi, bəh-bəh.
Düzün ortalığa balı, qaymağı,
Açın süfrəmizi, sərin di, bəh-bəh.
Nə gözəl oxuyur bülbül budaqda,
Yarpaqlar sevinir, şəndi budaq da.
Başı buludlardan uca bu dağda,
Nədən dincəlməsin sər indi, bəh-bəh?!
Gəz yaşıl çəməni, sevin, gül, gözəl,
Topla çiçəkləri, sevin, gül gözəl.
Sevin ay Gəncəli, sevin, gül göz, əl,
Ruhunu çəmənə sər indi, bəh-bəh.
Aşıq Gəncəli Babayev