.....

.....

Nübar Eldarqızının şeirləri

Nübar Eldarqızının şeirləri

TALE VARMIŞ…

Anam öləndən sonra
evlənmək istədi atam.
– Neyləsin yazıq adam,
7 il iflic qadını üçün
dua eləmişdi Allaha…
Cavanlardan kim eşitdi,
dedi, nahaq,
neynir o yaşda kişi evlənməyi?
Ən çox evdəki bacım
üsyan edirdi bu qərara.
Anamın axirətliyi qonşu qadın,
bir kəlmə demişdi ki,
kişi arvadsız qala bilməz, –
bacım az qalmışdı onu
evdən qovub çıxara…
Sonra…
Daha heç kəs qarışmadı…
– Anam nə qədər ki sağdı,
ruzidi, oddu, ocaqdı, –
evdə hər şey yolundaydı.
Yaxşı da olmasa, babatdı…
Yaşını bəhanə eləyib iş yeri
atamı işdən çıxartdı, –
anamdan sonra…
Atam, onsuz da azdanışandı,
daha da dinməz oldu,
süstləşdi…
Arıqladı,
səhhəti pisləşdi…
Atamızın ən ağır vaxtlarını
ən çox o bacım görmüşdü.
Danışır ki,
bir dəfə həyətimizin iti
adamı tanımayıb hürmüşdü…
O zaman mən qonşu kənddə
“Sürgündə” yaşayırdım.
Çətin şəraitdə, dar gündə yaşayırdım…
Bir çətən külfət vardı o evdə…
Müharibə, yoxluq, qıtlıq…
Söz-söhbətdən bezirdik…
– Nə qədər uzatsam da,
“iki addımlıqdan” əlim çatmırdı atam evinə…
Adam ata evinə gedəndə sevinər,
anasız evdə sevinc nə gəzirdi?!
– Bu gün hamı siyasətdən danışır…
Sizlərdən kim bilir,
– ən böyük siyasətçi fələkdi!?
Bacım illər sonra iki uşaqlı dul kişiyə ərə gedəcəkdi…

VER ÖZÜNƏ

Söy bu baxtı, bu taleyi:
– Ay bu baxtı, bu taleyi!..
Qıy bu baxtı, bu taleyi,
Kim yazıbsa, ver özünə!

Yaza-yaza şair yazdı, –
Qismətini sözdən asdı!
Xoşbəxtliyi bir abzasdı,
– Kim yazıbsa, ver özünə!

…Qəlbimdə bir darıxmaq var!..
Bu depressiyadan çıxmaq var…
Bir ad yazılı çaxmaq var,
Kim yazıbsa, ver özünə!

SÖZ BAZARI

Bu gün söz bazarına getdim.
Bir tərəf qələbəlikdi.
Ucuz söz qalmamışdı.
Məsələn: – yaltaq”, “qorxaq”…
“Binamus”, “biqeyrət”,
“Vicdansız”tək sözlər hamsı
alınmışdı.
Bir ucdan alıcı gəlirdi-
Hər zümrədən…
Hara getdim, –
hər yerdə növbə…
Bir söz vardı,
Almaq istəyən ən çox qocalardı:
– “Tövbə!”
“Qəddarlığ”ı alan çox,
“Nankorluğ”u alan “N” qədər!..
Bəzi sözlər vardı ki,
Tələb təklifdən çox geriydi.
“Təmənnasız”, “minnətsiz”…
“Yaxşılıq” da onlardan biriydi…
Bir ağsaqqaldan sordum:
Ümumi vəziyyət
necədi?
– Kasadlıqdı, – dedi.
– Ən dəyərsiz söz “insan”,
Ən baha söz
“Azadlıq”dı…

BİR, DOQQUZ, ÜÇ, YEDDİ…

Qapı-baca bilmir, gedir, qayıdır…
Sanki məhərrəmlik, oruc ayıdır.
İştahı diş altda, dibsiz quyudur, –
Çoxdan tanıyıram mən bu taleyi.

Sümük tulladılar, cumdu köpəklər,
Harda yağlısı var, qapdı zirəklər…
Qırmızı cizgini aşdı tək-təklər,
– Çoxdan tanıyıram mən bu taleyi!

– Onu Seyid Əzim, Sabir yaşadı,
Müşfiq Nargin, Cavid Sibir yaşadı,
Adını gözləyən məzar daşıdı! –
Çoxdan tanıyıram mən bu taleyi.

…Sən qədər yazarsan, – pozan tapırlar!
Xaindir! – Ad qoyan “ozan” tapırlar.
Bu cəhənnəm, bu qır, – qazan tapırlar,
Çoxdan tanıyıram mən bu taleyi!

Bəraət!..
Nə acı bir güzəşt oldu…
Sonra küçə oldu, prospekt oldu…
Dərsliyə salındı, sual, test oldu, –
Çoxdan tanıyıram mən bu taleyi!..

– Üstün dəyişiblər, alt qatı eyni!
Edam olunanı, cəlladı eyni…
Bir, qoqquz, üç, yeddi, – kod adı eyni,
Çoxdan tanıyıram mən bu taleyi!..

ADAM TƏLƏSİ…

Bu oğlan dəlidir, – bir qız dəlisi!
– Divanə bir qız var,
eşqə düşübdür…
– Bəs eşq özü nədir?
– Adam tələsi!..

Bu sevgi yaşanan yaz, – çoxdan olub…
Bu, qoca qarıdır, qız çoxdan ölüb…
Dipdiri bir eşqə heykəl qoyulub,
Üstündə ağlayan illər ölüsü…

Orda bir ev vardı, uçulub ölüb…
Vaxtı çatan-çatan seçilib ölüb…
Adam var, gözümdə kiçilib, ölüb, –
Ölümün də beləsi.

Başı dik saxlamaq ağıl istəyir.
Düz sözü söyləmək oğul istəyir.
3 alma EŞQinə nağıl istəyir
Millətin köləsi!
–EŞQ – adam tələsi!