Düşüb
Ata ocağından uzaq düşən qız,
Qırırlar qəlbini, bir az üşən, qız,
Dərdin atasıyla hey bölüşən qız,
De görüm, könlünə atanmı düşüb?
De kim sənin üçün canından keçər,
Kim sənin könlünü hər gün xoş edər?
Bilmirsən bir də kim onuntək sevər,
O kövrək qəlbinə atanmı düşüb?
Yazan yazıb artıq dərdi qədərə,
İstəməz düşəsən qəmə, kədərə.
De niyə verəsən ömrü hədərə,
O odlu köksünə atanmı düşüb?
Darıxmaq
Bu qədər darıxmaq çox deyil, səncə,
Səni zərrə qədər sevməyən üçün?
Demirəm, darıxma, darıx, hissindir,
Axı sən,sevginin göstərdin gücün.
“Unutdum” deməklə unutmursan ki,
Xatirələr düşür yada, darıxırsan.
Gecələr yatmırsan, ancaq içirsən,
Ya həsrət çəkir, ya da darıxırsan.
Bu qədər darıxmaq, məncə, ağırdır,
Ən çox qalan yoxsa gedən darıxır?
Bilmirəm, həsrətdir, yoxsa peşmanlıq,
Həsrətin çəkirsə, sevən darıxır.
Darıxdı, həsrətdən yandı bir aşiq,
Darıxmaq talelə, qismət kimidir.
Kimə könül verim, kimi sevim ki,
Görən “O” dediyi, qismət kim idi?
Düşündüm
Düşündüm, uzaqlar səni də bəlkə
Çıxardar yadımdan, heç yada salmaz.
Bilməzdim, özümlə aparmışam mən,
Sən demə, ruh sənsiz, xəyala dalmaz.
Düşündüm, dodaqlar səni də bəlkə
Yadırğar mənasız cümlələr kimi.
Sən demə, adımı unutmuşam mən,
Heç oxunmayacaq nəğmələr kimi.
Düşündüm, qucaqlar səni də bəlkə
Şeirin, qəzəlin hər bircə sətri.
Heç bilə bilməzdim, illər keçsə də,
Çıxmaz heç yadımdan saçının ətri.
Məni
Mən gəzmərəm qismətimçün,
Özü gəlib tapar məni.
Gözləsəm, eşq vağzalında,
Aparacaq qatar məni.
Sevgisinə baş əyərdim,
Hər gün bir az da sevərdim,
“Etməz xəyanət” deyərdim,
Bilməzdim o satar məni.
Ən rahat yer sənin qoynun,
Ən xoş qoxu sənin qoxun.
Gəlişinlə qəlbə toxun,
Röyalara apar məni.
Eşqi bilməm röya kimi,
Yalnız qalmam dərya kimi,
Çox gözəlsən dünya kimi,
Bu dünyadan qopar məni.
Qadın getsə, gəlməyəcək
Qadın sussa, bitib, demək.
Heç görməyib səndən əmək,
Kaş bunu sən edərdin dərk,
Qadın getsə, gəlməyəcək.
Sanma nə vaxtsa, barışar,
Nə də bununçün çalışar,
Səninçün dağları aşar,
Amma getsə, gəlməyəcək.
Yazıb yaratmaqmı, yoxsa
Qadın ömrü daha qısa?
Şad günü dönübsə yasa,
Bil ki, getsə, gəlməyəcək.