SU ÇƏRŞƏNBƏSİ
Bu bayram ayında yazın qoxusu
İşvənin, qəmzənin nazın qoxusu
Bir yerdə mahnın sazın qoxusu
Gözəllik yetirir bu cərşənbəni
Yalançı olsada, özün doğru bil
Yaz adlı nəğməsin, sözün doğru bil
Ocağın isti gör, közün doğru bil
Qanadı açılan qu çərşənbəni
Sulardan durusu nə vardır yaza?
Bulağlar qoynunda mahnılar yaza
Ürəklər sevgisin salsa niyaza
Arzular gözündə, yu çərşənbəni
Gül – cicək paylasın sevgi ətrini
Duyğuya doldursun könül sətrini
Hörmətdə saxlasın törə xətrini
Elmana aydın gör su çərşənbəni
YEL ÇƏRŞƏNBƏSİ
Sudan axar, oddan isti ürəkdən
Aydan arı, gündən duru diləkdən
Gəlir bizə, yazı yazan fələkdən
Ay baxışlı, günəş telli çərşənbə
Payız keçib, qış qurtarır yaz gəlir
Gözəllrdə qucaq – qucaq naz gəlir
Aşıq əldə durna boğaz saz gəlir
Tel darayır incə belli çərşənbə
Yurdumuza addım atan gül – çiçək
Yaz adında bir gözəldir, tam göyçək
Özü doğru, izi aydın bir gerçək
Aşıb – daşır zumar selli çərşənbə
Dəniz olub sahillərə baş vurar
Alov sayaq, qəm – kədəri qovurar
Tufan kimi can həsrətin sovurar
Sevgi güclü, ipək telli çərşənbə
Elmanların könlündədir el sözü
Ocaqların istisidir el közü
Gözəlliyə tərəzidir el gözü
Mübarəkdir igid elli çərşənbə
OD ÇƏRŞƏNBƏSİ
Gəl odda yandıraq, kədəri – qəmi
Sevincə bürüyək bütün aləmi
Göz dəniz olanda, ürəklər gəmi
Ocaqlar isinsin, od çərşənbəsi
Yaz adı gətirsin canlara dinci
Sevgimiz dür olsun, məhəbbət inci
Gülüşlər yetirsin bollu sevinci
Qoçaqlar isinsin, od çərşənbəsi
Arzular çin olsun, yanan ürəkdə
Sədaqət gül açsın, qanan ürekdə
Hörməti saxlayıb sanan ürəkdə
Bucaqlar isinsin, od çərşənbəsi
Sevgili canların bitsin həsrəti
Talehi yaratsın bir də fürsəti
Ömür bərəkəti, övlad mürvəti
O çağlar isinsin, od çərşənbəsi
Çöl – bayır oyansın qış yuxusundan
Al – əlvan boyansın az – çoxusundan
Qaranquş qayıtsın, gül qoxusundan
Ağaclar isinsin, od çərşənbəsi
Xanımlar, xatınlar, gəlinlər, qızlar
Nazını, az etsin, bu insafsızlar
Elmanam ürəyim ney kimi sızlar
Qucaqlar isinsin, od çərşənbəsi
AXIR ÇƏRŞƏNBƏ
Bulaq tək coşğundur, su kimi duru
Doldurur camlara çaxır çərşənbə
Günəş tək ışıqdır, varlığın nuru
Təbiət canında axır çərşənbə
İstilik, qurduğu ocağındadır
Gül – çicək, dop – dolu bucağındadır
Sevginin əlləri qucağındadır
Od sayaq yandırıb yaxır çərşənbə
Əsdirir varlığa dirilik yelin
Çaldırır sazında gözəllik telin
Törədə yaşadır oğuzun elin
Yel kimi dolanıb, baxır çərşənbə
Torpaq tək analıq yayır ellərə
Göyərdir yam – yaşıl bayır ellərə
Verimin bol edib sayır ellərə
Köksünə bərəkət, taxır çərşənbə
Ad – sandır yaşayan, nəfəsdən uzaq
Elmanda sevgidir, həvəsdən uzaq
Canlara qış adlı qəfəsdən uzaq
Yaşıl yaz gətirir axır çərşənbə