.....

.....

Olmur, Allah – Rəqsanə Tapdıqlının şeirləri

Olmur, Allah – Rəqsanə Tapdıqlının şeirləri

NAXÇIVANDAN ZƏNGƏZURA

Aralıqda qarlı dağ var,
Bəs o dağın adı nədir?!
Axı niyə doğma dağım,
Öz elimizə sərhəddir?!

Əl üzməyib biz Qafandan,
Birləşməyi istəyirik.
Gələcək gündən, zamandan,
Sülh yolunu gözləyirik.

Dualarımız haçandır,
Bizlərə səbr eylə deyir.
Naxçıvanımla, Zəngəzur,
Uzaqdan bizi seyr edir.

Güvənirik ordumuza,
Gücünə bələddir hamı.
Sadiq qalıb andımıza,
İçəcəyik düşmən qanın.

“44”,”Qisas”, “Antiterror”,
Od saldı düşmən canına.
Tanrı seçmiş bizə Sərdar
Bağlıdır sülhə, qanuna.

Göygölümə kölgə salan,
Qarları əridəcəyik.
Tarixi çox qədim olan
Doğma yurda gedəcəyik.

Qalib adın qoruyaraq,
Vətənim dönsün gülzara.
Birlik müjdəsin göndərək,
Naxçıvandan, Zəngəzura.

Olmur, Allah

Görən bu teleh niyə nan yerinə duz verdi?! (Göz yaşı)
Yoxuşa saldı yolu, dərdi bir dəniz verdi.
Üz tutduğumuz Allah ömrü çox aciz verdi,
Bilirik, bu gedişin dönüşü olmur, Allah…
Qəm çəkməyin başqacür vərdişi olmur, Allah.

Səndən sənə şikayət etməyə haqqımız yox,
Pənahımız sənədir, getməyə haqqımız yox.
Bir nağıl kimi gəldik, bitməyə haqqımız yox,
Bilirik, bu gedişin, dönüşü olmur, Allah…
Qəm çəkməyin başqacür, vərdişi olmur, Allah.

Torpağa iz salmışıq, bu cığırla gedirik,
Dalıb xəyallar ilə əriyirik, itirik,
Şəhidin nurundakı cənnəti dərk edirik,
Bilirik, bu gedişin dönüşü olmur, Allah…
Qəm çəkməyin başqacür vərdişi olmur, Allah.

Yağdırdın anaların saçına gecə qarın,
Bir az qəmə boyadın, ataların vüqarın,
Rəngarəng oldu indi, şəhidlərin məzarı,
Bilirik, bu gedişin dönüşü olmur, Allah…
Qəm çəkməyin başqacür, vərdişi olmur, Allah.

Vətən sağolsun dedik,əymədik başımızı,
Təqvimdə yenilədik tarixi yaşımızı,
İgdlər qorudular torpağı, daşımızı.
Qurban verdik torpağa dostu, qardaşımızı,
Bilirik, bu gedişin dönüşü olmur, Allah…
Qəm çəkməyin başqacür, vərdişi olmur, Allah.

Mən bir Vətən səsiyəm

Mən bir Vətən səsiyəm,
İçim, çölüm Vətəndir.
Ürəyim Vətən boyda,
Vətən boyda söhbətim,
Sözüm, dilim Vətəndir.
Bütöv diyar bir soyda,
Doğma elim Vətəndir.
Mən haqqın tərəfiyəm,
Haqq da bizdən yan ötməz!
Şəhidi olan Vətən…
Parçalanmaz, bölünməz!
Qorxmazdır igidləri,
Əsil igiddir onlar.
Əsli igid olanlar.
Azad torpaq naminə,
Enməz Bayraq naminə,
Cəsur oğulları var.
Hayqırıram gücümlə,
Söyləyirəm sözümlə,
Ruhumla, qələmimlə,
Mən şəhidin səsiyəm.
Hekayəmlə, şeirimlə,
Qəlbimin atəşiylə,
Zəfər sədasın yayan,
Zəfər müjdəçisiyəm.
Mən bir Vətən səsiyəm.
Nəsil-nəsil böyüyən,
Tarixim var, əbədi.
Hər vətəndaş qoruya…
Bu müqəddəs məbədi.
Bir qürbət eldə olsam,
Qərib bilməm özümü.
Vətən mənimlə birgə,
İçim-çölüm Vətəndir!
Ürəyim Vətən boyda.
Özümlə gəzdirirəm,
Vətənimin vəsviyəm.
Mən, bir Vətən səsiyəm!
Mən, bir Vətən səsiyəm!

Sülhün rəngi

Yazıb-yazıb bitirmədim,
Yaşadığım, seyr etdiyim,
Qarışıq duyğularımla,
Həyatın boşluqlarını
Vərəqlərdə ağ buraxdım.
Vurub-yıxıb öldürmədim,
Ox yerinə kirpiyimlə
Qan tökdüm mən.
Ümidin qatillərini
Sınaq üçün sağ buraxdım.
Azad etdim, azadlığın
bağrına köz qoyub, yaxan,
qənim çıxan zəncirləri.
Nifrətimlə söküb-diddim,
Kökü yerdən qidalanan,
Qana doymaz, qəlb dağlayan,
dar ağacın, kəndirləri.
Qoy hər zaman açıq Səma
Günəş doğsun, tellərindən şölələnsin,
sülhün rəngi, sülhün səsi.
Zülmətlər yad olsun bizə,
Dünya işığa söykənsin!
Əllər birləşib bir olsun!
Dostluqlar əbədi məşəl
kimi yanıb, qamaşdırsın
düşmən gözün.
Birliyimiz hər an, hər vaxt
Zəfərlərlə desin sözün!
Zəfərlərlə desin sözün!

Birtəhər

Bu dünyanı, bu həyatı a dostlar,
Qəbul edib yaşayırıq birtəhər.
Ömrü-günü sinədə edib qubar,
Dərd yükütək daşıyırıq, birtəhər.

Fələk yaxşı oynayır öz oynunu,
Salır cəngə, vurur düzün boynunu.
Gözləyirik rəhmi gələr sonunun,
Əti üzdən qaşıyırıq, birtəhər.

Dərd dağıyıq bu faninin əlindən,
Cana doyduq fitnəsindın, felindən,
Tut dara çək, bu dünyanı telindən.
Sinə gərib yol aşırıq birtəhər.

Darıxmayaq, düzələcək deyirik,
Tale deyib, boynumuzu əyirik,
Bu həyatdan möcüzə gözləyirik,
Yeni günə qovuşuruq, birtəhər.

Arada bir yıxılırıq, dururuq
Ömrün zəncirinə yamaq vururuq.
Hər nə olsa əff edib unuduruq,
Qədər deyib, barışırıq birtəhər

Dünya malı şirin gəlir, nədəndir?!
Hər kəs müvəqqəti gəlib-gedəndir.
Bizə qalan beşcə metr kəfəndir.
Şeytana da daş atırıq birtətəhər.

Gəl qədəmi asta götür, yavaş get,
Başqa yol yox, bu həyatla barış get.
Gücün çatsa dünya ilə dalaş get.
Ömür boyu yarışırıq birtəhər.

“Nə yaxşı dünyada yaxşılar da var”

“Nə yaxşı dünyada yaxşılar da var,”
Vallah hamı yolun bir-bir azardı.
“Nə yaxşı dünyada yaxşılar da var,”
Yoxsa bu qələmim nədən yazardı??

“Nə yaxşı dünyada yaxşılar da var,”
Cahan usanardı insandan inan.
Bu yerə, bu göyə şahid Tanrı da,
Öz yaratdığına olardı peşman.

“Nə yaxşı dünyada yaxşılar da var,”
Təbiət ruhunu kimdən alardı.
Gül-çiçək yaşıllıq, bir də ki, otlar
Deyir kaş ki, mən də insan olardım.

“Nə yaxşı dünyada yaxşılar da var,”
İnsanda yaşamaq həvəsi artır.
Şəfa olur haqqdan gələn dualar,
Səxavət bəxş edir,bəni adamlar.

“Nə yaxşı dünyada yaxşılar da var,”
Pislik atəşində xiffət kül olar.
Rəqsanə sənin də bir amalın var,
Gözəllik içində bəşər parlayar.