Ölü canda sağ ruhum.
Gecəyarı…Qaranlıq, buz kimi soyuq otaq.
Haray salır taqha–taq saatın əqrəbləri.
Sanki, əlində çəkic başımı döyəcləyir,
Can çəkişən ruhumun gərilmiş əsəbləri.
Tərpənə bilmirəm ki, kəsim onun səsini.
Bircə beynim işləyir, əlim-ayağım donub.
Hiss etmirəm köksümdə döyünən ürəyimi,
Elə bil sinəm üstə soyuq əzrail qonub.
Leş yeyən quzğun kimi didir məni kölgələr,
Qışqırmaq istəyirəm, eşitmirəm səsimi.
Gör bu damın altında neçə yatan diri var,
Biri oyanmayır ki, yoxlaya nəfəsimi.
Ümüdüm pənçərədən süzülən işığadır,
Barı açıla səhər ya dirilim, ya ölüm.
Görən hansı günahın ahına tutulmuşam?
Ölü canda sağ ruhum hər gecə çəkir zülüm.
***
Dağlar çayların anası,
Dənizlər məzar yeridir.
Gözlər ruhların aynası,
Ürəklər azar yeridir.
Fələk batmaz bu tilsimə,
Möhtac olur gör kim, kimə?!
Başıma qaxınc sevgimə
Bəxtim utanc, ar yeridir.
Günəş kimi inadkardım,
Dərdim yandırdı, qaraldım.
Özüm başıma daş saldım,
Əllərim qubar yeridir.
Daşam, qayayam, dəmirəm,
Dözümdür məni gəmirən.
Öz gözlərimi əmirəm,
Anam ahu- zar yeridir.
İllərimi verdim bada,
Çeynəndikcə gəldim dada.
Ölləm, qismət olsa yada,
Sinəm üstü yar yeridir.
***
Elə yağış yağır ki,
tut ucundan göyə qalx.
Bəlkə, zəng edim sənə?!
Sənlə söhbət etməyə
bəhanə tapmışam, bax.
Danışım bu yağışdan, ildırımdan, doludan…
Yaman göy guruldayır, qorxdum, qayıt yolundan.
İldırımın səsindən qısılıram divara,
Pəncərədən baxıram göydən yağan daşlara.
Sanki yağır o daşlar ürəyimin başına,
Bu yağış da bənzəyir qəlbimin göz yaşına.
Bilirsən neçə dəfə telefona baxmışam?!
Birdən sən zəng edərsən,
Kimsə duymasın deyə qulaqcığı taxmışam.
Neçə dəfə nömrəni yazıb, yenə silmişəm…
Bəlkə də, milyon dəfə səhifənə girmişəm.
Necə dözürsən axı, bəlkə, orda gün doğur?
Bir şəkil paylaşmışam, bax, necə yağış yağır!
Ehh, niyə axı girib yatağıma yatmışam?
Elə bir selə düşüb, lil içində batmışam.
Çıxım dəli yağışda bir az çimim, doğrusu,
Qorxma, xəstələnmərəm…
Onsuz da islanmışın yağışdan nə qorxusu…
***
Uşaqkən məhləmizdə “sevir-sevmir” söyləyib,
Qorxardım, çiçəkləri yolan dəli qadından.
Deyirdilər, sevdiyi ən yaraşıqlı oğlan,
Öldürməzdi, qırardı quşları qanadından.
Deyirdilər, özünü hörüyundən asıbmış,
Deyirdilər, ürəyi köksündə daşlaşıbmış,
Deyirdilər, yaddaşı qadına yadlaşıbmış,
Demirdilər, o qadın çıxıb kimin yadından.
Kimsə ölməsin deyə hörüyünü kəsibmiş,
Aylar ilə saçları qucağında gəzibmiş,
Deyirdilər, Tanrıdan milyon ildir küsübmüş,
Demirdilər, nə çəkib Tanrının ucbatından.
Harda boş yuva görsə, içinə daş düzərmiş,
Qurumuş budaqları gəlin kimi bəzərmiş,
Gündüzlər gülüşləri dağı-daşı gəzərmiş,
Gecələr diksinərmiş bayquşlar fəryadından.
Bütün günah onunmuş, günah yoxmuş özgədə.
Çəkdi, ağrısı qoydu ağrıları kölgədə,
Bəlkə də, belə qadın heç olmayıb, bəlkə də,
Özümdən danışıram sənə onun adından.
Bəlkə də , belə qadın heç olmayıb …
***
Sən ruhumun kölgəsi, sən üfüqün çizgisi,
Şeirimin aşkarı ,ürəyimin gizlisi.
Hər kəsin misar-misra axtarıb tapmadığı.
Kimsənin çözmədiyi, kimsənin batmadığı.
Dünyanın ən sonuncu ,ən sirli möcüzəsi,
Balıqların nəğməsi ,kəpənəklərin səsi.
Xəyalımda itirib, gerçəyimdə tapdığım,
Nəfəsimdə ,könlümdə , canımda yaşatdığım.
Həm dərdim, həm dərmanım ,həm Kəbəm ,həm niyyətim,
Ən böyük qələbəmdir sənə təslimiyyətim.
Sən Tanrı sərgisinin ən mükəmməl əl işi,
Günəşin qürubudur kirpiyinin enişi.
Min cəhənnəm qədərdir bir həsrət qığılcımı,
Qollarından öpərəm sanıb cənnət qucunu.
Səni elə sevdim ki, həsəd qoydum hər kəsi,
Heç bir nağılda olmaz bu sevgidən ötəsi.
Məni şair eyləyən eşq sənin əsərindir,
Bütün şeirlərimin ünvanı gözlərindir.
Oxuyanlar Leylidə yoxmuş bu hünər dedi,
Mənə “dəli” deyənlər, sənə “bəxtəvər” dedi.