ÖLÜM, GEDİM
Açdım Sənə bu qəlbimi,
Niyyətini bilim, gedim.
Ya kəs ətəkdən əlimi,
Ya eşqimi bölüm, gedim.
Bu ömrümün şah əsəri,
Bircə odur dərdi səri.
Qəlb göynədən bu dərdləri,
Gəlmir yaza əlim, gedim.
Gəzib bayquştək viranda,
Məcnun ollam biyabanda.
Rüsvay etmə bu cahanda,
Qoyma gülsün elim, gedim.
Qıyma yansın qəlbim, hərdən
Yad baxışla baxanda sən,
Yaş tökülsün gözlərimdən,
Coşsun axan selim, gedim.
Ölən eşqə mənsiz ağla,
Nalə çəkib, qəlbi dağla.
Ürəyimi kil bıçaqla,
Doğra dilim-dilim, gedim.
Əfrahimə gəl can eylə,
Sevincin böl, ümman eylə,
Ya eşqinə sultan eylə,
Ya biryolluq ölüm, gedim.
ÇARƏSİ VAR
Könlümün sevdiyi bir nazlı ciyərparəsi var,
Sanma eşqdən kam alıb, qəlbdə qübar yarəsi var.
Eşq odunda alışan bir ürəyin dərdi böyük,
Hər coşan dağ çayının bir dəli fəvvarəsi var.
Hər görən etdi həsəd, söylədi bu bəxtəvərin,
Gül üzlü, şux yerişli, zülfü, gözü qarəsi var.
Gözə kimlər gətirib, yıxdı bu eşqin sarayın,
Kim nəzər etdi məni, bir belə məhparəsi var?
Çoxu həsrətlə baxır, Leylisitəmkarı görüb,
Nə bilir Məcnunu var, eşqidə avarəsi var.
Yusifə qisməti yazmış Yaradan, ancaq onun,
Bir Züleyxa kimi dönməz, böyük əğyarəsi var.
Dərdimi ərz elədim, ruhum ilə, Loğmana mən,
Dedi, get, dərdinin ancaq bir ölüm çarəsi var.
Salıb eşqin toruna, çox dəli-divanələri,
Dərdə sultanlıq edən, gör neçə qəmxarəsi var.
Əfrahim, uyma dəli eşqə, əcəl sandığıdır,
Girmə, hər şux gözəlin yüz belə biçarəsi var.
VİRANLIQ EDİR
Bu gözəl kimdi belə, eşqimə sultanlıq edir,
Girərək qəlb evimə, hökm eləyir, xanlıq edir?
Bu sevən incə, zərif qəlbimi arəstə görüb,
Çapır eşqin atını sağ-sola, divanlıq edir?
Çəkir ahəstə dara, ruhumu, İsa kimi, o
Axıdır göz yaşımı qəlbimə, ümmanlıq edir.
Nə bilim, bəlkə də o, ibni Salamın yarıdır?
Məni Məcnun eləyib, sonra biyabanlıq edir.
Görüb eşqində yanan aşiqi, mən çarəsizi,
Gətirir, Minada o eşqinə qurbanlıq edir.
Təkcə mən yox, görüb o gözlərinin aşiqi çox,
Öyünür nazlı sənəm, yoxsa şərəf-şanlıq edir?
Sevgimi tay tutaraq Fərhada, rüsvay eləyib,
Çəkilib bir kənara, indi də pünhanlıq edir?
Qurtarır, bəlkə əzabdan, qırıb eşq zəncirimi,
Bəlkə cəlladlıq edir, bəlkə də insanlıq edir?
Əfrahim, gəzmə əbəs nazlı gözəllərdə vəfa,
Yıxır eşqin sarayın, qəlbini viranlıq edir.
YANDIRIR
Bir dildara könül verdim,
Gəlmir sədası yandırır.
Zalım qızı naz eyləyir,
Nazı, ədası yandırır.
Bir cəllad yox onun kimi,
Zildə çalır, sarı simi.
Oda salıb bu qəlbimi,
Yoxdu dəvası yandırır.
Mən divanə, o isə pir,
Saf eşqimi verdim nəzir…
Nə dərd-kədər, nə qəm bilir,
Qəmi, cəfası yandırır.
Tale salıb məndən uzaq,
Nə ün yetir, nə əl-ayaq.
Dönüb qışa, sən işə bax,
Soyuq havası yandırır.
Bəlkə bir gün çıxıb “ova”,
Qeyri qəlbdə salıb yuva?
Nə fərqi var etsə dua,
Bu xoş duası yandırır.
Əfrahimi etmiş əsir,
Can alan mələkdir, nədir?
Könül vermir, can istəyir,
Bu bəd xətası yandırır.
ŞƏHİDİM
(Müqəddəs şəhidlik məqamına yüksələn igidlərimizin əziz xatirəsinə)
Nə gördün, son anda, gözlərinlə sən,
Fələkdən bir ömür uman şəhidim.
Hayqırdın düşmənə, mənimdir Vətən,
Şahintək şığıdın o an, şəhidim.
Aç bir gözlərini, bu el qan ağlar,
Bir ANA fəryadı qəlbləri dağlar…
Dostlar toy-düyündə səni sorağlar,
Son qoy ayrılığa, oyan şəhidim.
Qarşıda şad günün – ilk nişanın var,
Bəylik geyimin var, şərəf-şanın var.
Bu gün qan ağlayan bir heyranın var,
Sağaltmaz bu dərdi zaman, şəhidim…
Gedən haqq aşiqi, sadə can deyil,
Sevgisi dünyadır, bir ümman deyil.
Cismini boyayan adi qan deyil,
Bir tarix yaratdı bu qan, şəhidim.
Qaytardın torpağı, kama yetişdin,
Ucaldı bu Vətən adınla sənin.
Durdun cərgəsində ölümsüzlərin,
Oldu düşmən qəlbi viran, şəhidim.
Əfrahim ABBAS
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, “Qızıl qələm” mükafatı laureatı, Prezident mükafatçısı.