Ömrümü, günümü uzatmağa gəl
Taleyim tərəfdən çıxdın qarşıma,
Bir zaman hər yerdə ötən dilim lal.
Söz tapa bilmirəm deyim yaşıma,
Ürəyim deyir ki, qadasını al.
Gözümü sən gələn yola dikmişəm,
Sevgi dəftərimdə ağ varağımsan.
Sənə ürəyimdə saray tikmişəm,
Qəlbimin işığı, çilçırağımsan.
Sən elə bilirsən yatıb qalmışam,
Sənsiz ötüb-keçən bircə anım yox.
Qara gözlərində batıb qalmışam,
Hamı baxıb keçir, çıxaranım yox.
Kəsəmməz yolumu boran, qar mənim,
Bağlı qapıları açıb gələrəm.
Görsəm ki, qolumda zəncir var mənim,
Qıraram, yanına qaçıb gələrəm.
Hissimə, duyğuma yaraşıq verən,
Göz yaşın sevincdən, qurutmaq olar?
Ay mənim gözümə nur, işıq verən,
Səni bu dünyada unutmaq olar?
Sənnən bitən deyil sözüm, söhbətim,
Mürgülü ruhumu oyatmağa gəl.
Sən mənim son eşqim, son məhəbbətim,
Ömrümü, günümü uzatmağa gəl.
Çörək haqqı
Bala, gəl çörəyi qonşuyla bölək,
Qalıb qulağımda anamın səsi.
Bizim evimizdə ən gözəl dilək,
Çörək təknəsiydi, çörək təknəsi.
Evi tərk edərdi, qızaranda dan,
Tənbəl adamlara baxıb gülərdi.
Çörəyin dalınca gedən atamdan,
Qeyrətin qoxusu, ətri gələrdi.
Adamın üzünə gülən çörəyin,
Üstündə zər dolu, naxış-naxışdı.
Zəmidən süfrəyə gələn çörəyin,
Anası torpaqdı, atası xışdı.
Alnım da açıqdı, başım da dikdi,
Sınayan sınasın, hər saat, hər an.
Adam tanıyıram akademikdi,
Kəsilib duz-çörək imtahanından.
Duz olub çörəyə şərik babalar,
Biliblər varını hara qoyanda.
Uzağı görüblər müdrik babalar,
Qonağı çörəklə qarşılayanda.
Dünya tüstülənir, odlar içində,
Ölməsin, axırın kaş görək haqqın.
Mənim xoşladığım andlar içində,
Bir ana südüdü, bir çörək haqqı.
Ay Vətən
Dəm almışam sevincinin dəmindən,
Oxlanmışam kəsirindən, kəmindən.
Alın tərim, çörək alıb zəmindən.
Nökərinəm, sən də ağam, ay Vətən!
Hər saatım, hər bir anım halalın,
Bu ürəyim, bu da canım, halalın.
Səngərində axan qanım halalın.
Zəfərimi çalacağam, ay Vətən!
Bulaqları hara köçüb dağların?
Buludların suyun içib dağların.
Mənə qürur dərsi keçib dağların,
Şuxam, şux da qalacağam, ay Vətən!
Ay demirəm, il demirəm, sirr, günüm,
Qənimətdi sənlə keçən hər günüm.
İşdi, birdən sənsiz keçsə bir günüm,
Yarpaq kimi solacağam, ay Vətən!
Qayaları sel aparsa, daş axsa,
Yağı sənə göz dikəcək, baş axsa.
Gözlərindən bircə gilə yaş axsa,
Haray- həşir salacağam, ay Vətən!
Axtarmasan, doğmalar da yadlaşar,
Əzabına, yadlar necə qatlaşar?
Ana… Vətən… məndə uki söz yaşar,
Nə qədər ki, varam, sağam, ay Vətən!
Göyərəcək
Düşdü ürəyimə ümid dən kimi,
Deyəsən qışda da yaz göyərəcək.
Taleyin mələyi güldü üzümə,
Cığırım güllənib, iz göyərəcək.
Görən kim barını dərib həsrətin?
Bilinməz ünvanı qərib həsrətin.
Sevənlər küçədə sərib həsrətin,
Hər tində, döngədə naz göyərəcək.
Sevginin tağına Günəş saçılar,
Dönər xatirəyə ağrı- acılar.
Bu payız kiminsə baxtı açılar,
Bu payız, bir gözəl qız göyərəcək.
Verdim əyriyə yox, düzə ömrümü,
Bədxahlar gətirdi gözə ömrümü.
Nə yaxşı, vermişəm sözə ömrümü,
Qəbrimin üstündə söz göyərəcək.