Ağrı
Ömrün ömrü nədir ki, yem olsun qayğılara,
Candərdi can verəsən günə can azarında.
Qapıları çırpasan bütün ehtiyaclara –
Mərhəməti təmənna yerin yer bazarında.
İynənin ucu boyda işıq deyilsə ümid,
Ona könül bağlamaq nəyin sevdası belə?
Div yandıran işığa tərəf əyilsə ümid,
İçindən bir mən dinər:
— özünə ümid elə…
Harda gedib durasan gözlər səni görməsin,
Bir bucaqlıq yer ola, biləsən ki ordasan.
Qaçdığın mağaraya hörümçək tor
hörməsin,
Səni düşmən görənlər bilsin ki, sən hardasan…
Altmış bir gün möcüzə
Bir nida ismarlamışdım göy üzünə onda,
İçimdən bir ah qopmuşdu
iyunun üçüncü gecəsində.
O gün ümidsiz bir səhərə ümid edərkən sirr dolu bir sabahın
açılmağı var imiş üfüqlər boyunca.
Gözləməmişdim…
Üç arzu da havalanmışdı burnumun ucunda
uzun həsrət qoxusu kimi –
cənnəti tanımaq,
yaradana qovuşmaq,
əbədi dünya olmaq…
Sonra duydum ki, tək duyğulardan
ibarət deyilmiş cənnət arzusu.
Dünya dərdlərindən hesab da varmış
o cənnətin iqlimiylə görüşməyə.
Geriyə dönmüşdüm –
bir yuxuydu salmışdı hüdudsuz sahilə.
Nə dənizə düşə bilmişdim, nə ləpələr özünə çəkmişdi –
son ola bilməmişdim sahildə…
“Focke-Wulf Fw 61” nömrəli
təyyarə də vardı
son uçuş zolağında
gözlərimə görünən.
Bir az mavilım, bir az da sarı donlum yenə gülümsəmişdi üzümə,
sağ qalmışdım yer üzünə…
Hansısa duaya ismarıcmış
göylərdən əskik etmədiyim pıçıltılar,
məhzun yalvarışlar…
Bəlkə
bildiklərim deyilmiş hesabda olanlar.
Ömürlük həbsə atırmış
taleyin umid rəngli uzanan sarmaşığı.
Yol alırmış
ömrün təqvimində iz salacaq altmış bir gün
eyni adlı möcüzəyə!
***
… vüsal idim ömrünə birnəfəsə yazılan,
bütün təxəyyülləri yığıb sənə bölündüm.
bir ürək əzbərlədim, adı sarsılmaz olan
bəs, niyə bu qədər tez ürəyindən ələndim?!
mən səni kəşf elədim, hüdudsuz asimanım,
heç kəsin görmədiyi, əngin səmam bilirdim.
məğlub olmayan şahım, mənsə güclü vəzirin
qoşa qaladan çıxıb başına tac gəlirdim.
ən əziz obrazısan, ən məsum hekayəmin,
sonsuzluq misrasısan bitməyən sözüm üçün.
mənsə gülə dönməyən incə, zərif qönçənin
sənə qədər ömrüyəm həsrətə dözüm üçün.
aparıb sənsizliyin dənizinə atalar,
bir ovuc quma dönsəm, yenə də qəm etmərəm.
kəşf edib dənizboyu, körpə, kiçik adalar,
adını sən qoyaram, yenə səndən getmərəm…
Kün Fe Yekün
Bir gün yol görünəcək sənə də.
Bir könüldən itəcəksən,
bəlkə bitəcəksən düşdüyün həsrətdə.
Başqa yuvalara meyl edən
quşlar üzündən
solacaq uzaqlara baxışların.
Bir gün
günbəgün solduğun
hər şeydən ayrılacaqsan,
ölüb, diriləcəksən.
Və səmaya ucaltdığın ayədən
bir nida gələcək
-Kün Fe Yekün…
…yenidən doğulacaqsan özünə.
O zaman
bir ümid parçalanacaq göyün üzündə.
Yerini yerində tapmadığına,
bütün yalançı qafiyələri yad gələcək
sənə ismarlamadığına.
Hər gün saysız qulaqlara üfürdüyü
daha bir şeir düşəcək gözündən.
Ünvanlara çatmayacaq
yarımçıq bəstələr…
Bir gün sən dediyin olacaq, ey bəşər,
bitməz dediyin bitəcək,
amma sənin əllərində…
Ruhla söhbət…
Səfil ruhlardan doymuş, sən özünə asisən,
Bu qədər laqeydcə özündən asdın məni.
Sən uzaq keçmişlərin yaşamaq həvəsisən,
Alınır hissə-hissə öldürmək qəsdin məni.
Mənsə,
batil günah izləyən bir bəyaz ruha bədən
Bax, sənə öyrəncəli adam adlı vərdişəm.
Ölüm sevməyən biri, həyat belə tərk edən,
bir qərib yolçu kimi dəfnə gedən dərvişəm.
Sənin ömrünə düşmüs atalar misalıyam:
“Nə əldən qoyuram yar, nə də səndən doyuram”…
Nə Nəsimiyə Şəmsəm, nə də ki, Nəsimiyəm
Mən özümə qatiləm, öz dərimi soyuram.