SONRA…
Sonra kirpiklərim yükünü atdı,
boşaldı gözümün dolu tərəfi.
Sonra boğazımda dağı əritdim,
qəhər selə döndü o dar cığırda,
çəkdi qoşunların nəfəs yolumdan,
yenildi səbrimə qəzəb ordusu…
Sonra zəfər çaldı çiyinlərim də,
soyundu əynindən məğlub libasın.
Açıldı qaşımın düyünləri də,
sovruldu alnımdan qırış topası.
Sonra qollarımı havaya açdım,
“çiçəyi çırtladı” ümidlərimin…
Sığalsız saçlarım çox ağlamışdı,
sonra barmaqlarım savaba batdı.
Qurudu göz yaşı saçlarımın da
öldükcə ovcumda sığal həsrəti.
Yetim əllərimdə dua göyərdi,
inandım yerişsiz ayaqlarıma.
Bəlkə də üz tutub göyə gedərdim,
“dön” səsi oxundu qulaqlarıma.
Sonra ürəyimə bir nəğmə axdı,
dirildi içimdə ölən arzular.
Çəkdim pərdələri günəşə sarı,
tutdum şəfəqinin hörüklərindən.
…sonra gülümsədi aynamın üzü
baxdım ki, əksimi yaz qucaqlayıb…
YOXA , MƏCHULA ÇIXACAM
Qapına gələn yorğunam,
Hanı qapının açarı?
Yüz yalanda bir doğrunam,
Al evinə bu naçarı.
Aç uyuyum dizlərində,
Dizlərin savaba batsın.
Hicran gəlib izlərində,
Qoyma diləyinə çatsın…
Alım gözümün ağrısın,
Sonra xəyala dönəcəm.
Lap əzab məni doğrasın,
Könül taxtından enəcəm.
Yox olacam dumanlarda,
Gözümdə bulud bitəcək.
Bəlkələr də, gümanlar da
Düşüb yollarda itəcək.
Varıb qeyblərin göyünə,
Yoxa, məchula çıxacam.
Kilidlənib bir düyünə,
Kəndirə boyun sıxacam.
AĞRIYAN GECƏ…
Hamı tərəfindən unudulmaqdı
ağrılarına bürünüb gecəni
sübhə daşımaq.
Pəncərəni döyəcləyən küləyin
vahiməli səsindən,
xəstə uşaq kimi zarıyan pişiyin
iniltisindən gizlətdiyin qulaqların
səhərə kar doğular.
Yumulmayan kipriklərini
qucaqlayan barmaqların kor olar,
yuvasını tapmaz.
Saçların balışla savaşar,
məğlub olmaz,
bir-birinə dolaşıb boğular.
Şirin yuxu diləməz,
“gecən xeyirə qalsın” deməz,
ömrünə yazılan o adam da.
Bədbəxt görünər gözünə narahat
yatağının adamsız tərəfi.
Divarları cırmaqlayan kölgənin
qanayan dırnaqlarından
ölüm qoxusu gələr.
Fikrin ruhuna sədd çəkirmiş kimi
duman şəkli cızar
baxışlarınla yorduğun tavanda.
Ay nə qədər hüzünlü,
ulduzların işıq libası oğurlanıb.
Qaranlıq rəngində kədər yağır
əyinlərindən.
Göy üzü ikiqatdı, sancı-sancı,
göynək-göynək doğranır…
Tanrı mələklərinin dərslərini yoxlayır,
nə gecənin, nə sənin dərdin
vecinə deyil,
Sabahkı tapşırıqları yerbəyer
edir beynində…
ÖMÜR DƏ SIĞINIB TANRI ŞEİRİNƏ
Bəzən tanımıram heç özümü də,
Ruhuma yad gəlir hissim, həvəsim.
Hərdən qınayıram bu dözümü də,
Sıxdıqca köksümü ölüm nəfəsi.
Əynim iztirabın təzə donunda,
Kipriyim yuyunur köhnə yağışda.
Bəlkə də işıq var yolun sonunda,
Sönür ümidlərim yalnış naxışda.
Kimsə əl uzadır duama sarı,
Göy üzü doludu qırıq diləklə.
Bəxtim cadar üzlü zavallı qarı,
Özüm hələ körpə qızdı bələkdə.
Biçənək kimidi arzumun üzü,
Bir-iki dən düşüb ümid yerinə.
Təsəlli seçmişəm könlümə sözü,
Ömür də sığınıb Tanrı şeirinə.
Sevinc QƏRİB
AYB-nin üzvü, Prezident təqaüdçüsü
