***
Bilmədim saatın hansı çağıydı,
Səninlə sənsiz də eynidi dünya.
Onda qaranlıqlar hələ ağ idi,
Onda yalan deyil doğruyduq güya.
Mən sənin yanında ağrı bilməzdim,
Mən acı bilməzdim sənin yanında.
Moruğtək yeyirdim günləri bir- bir,
Mən ölə bilməzdim sənin yadında.
Onda bəmbəyazdi qar bəmbəyazdı,
Bilmirdim bəxtimə fələk nə yazdı.
Günlərlə xəyaldan ayrı düşməzdim,
Elə sanırdım ki yenə də azdı.
Mən elə bilirdim yol fənərləri,
Gecələr səhərə nağıl danışir.
Elə sanırdım ki adam sevəndə,
Dünyanı unudur ağlı qarışır.
Elə sanırdım ki bütün çicəklər,
Saçımda çələngə dönmək üçündü,
Mən hələ bilmirdim burda duyğular,
bir gün suya düşüb ölmək üçündü.
Onda bütün dunya sən rəngdə idi,
Bütün insanların adı adındı.
Min ömür yaşasam, yenə olmadı,
Yadındı yadındı daha yadındı.
***
Ömür yolu qısadı,
Bizə oyun oynadı.
Uzun göründü bizə,
Kimsə onu qısnadi.
Günlər illərə döndü,
anlar dönüb gün oldu.
Çör – çöp saman çöpləri,
Nəzərlərdə gül oldu.
Guya yaşatdı bizi,
Yalnız daş atdı bizə.
Neçə dəfə sındırıb,
Belə gətirdi dizə.
Ömür yolu dediyin,
Alıb verdiyin nəfəs.
O nəfəsdə bitəcək,
Dünya bildiyin həvəs.
Bir ah qədər qısadı,
Umman qədər uzundu.
İnsan ömür payına,
Kəsiləcək quzudu.
***
Yenə də tək səni görərəm, bəlkə
Bu dünya üzünə doğulub gəldim.
Çoxdan unutduğum cizgilərində,
İnadkar ruhumu göylərə dəldim.
Göründün gözümə bir neçə adla,
Aldatdın doğmayla, ovutdun yadla.
Mən oldum piyada, sən oldun atlı,
Səni bu dünyadan zərrəylə dərdim.
Uşaq gülüşündən, müdrik qocadan,
Günəşin nurundan, tüstü bacadan.
Sevdim gizli-gizli, dandım ucadan,
Mələk qanadını göylərə sərdim.
Mən səni dünyada pak olan nə var,
Yığıb hissə-hissə adam elədim.
O da sən olmadı, o da sən deyil,
yenə də gec qaldım hardan bilərdim?
Tapsaydım, gözümün qarası idin,
Canımın olmayan parası idin,
Könlümün solmayan yarası idin —
Ey mənim bilinməz, görünməz dərdim!
Ən çox da şeirdə aradım səni,
Sözün sehri ilə izinə düşdüm.
Səni mən qarışıq kimsə bilmədi —
Şeirimin sonunda sevimli bəndim.
Yenə də tək səni görərəm, bəlkə,
Bu dünya üzünə doğulum bəlkə ……….