Ruhumdan səda…
Sən soyuq adama bənzəməsən də,
Baxırsan titrəyir,mənim vücudum.
Mən isti adamam,isti sevənəm
Özümü sükutda necə ovudum?!
Mən səni sevirəm? Çətindir sual.
İçimlə danışan dilim dolaşır.
Amma ki,yazdığım söz ayrı məna
Oxu gör necədir,sənə yaraşır?
Darıxsan,bir nəfəs havaya göndər
Çatar üşütdüyün ruhuma mənim.
İmkanın olanda dodaqlarından
Bir ümid pıçılda… azaltmaz səni.
Sinəmdə qarışıq duyğular coşur
Xəyallar üzürlər dərinliyində.
Ahhh! Sənin kəpənək xəyallarındır.
Dolaşır qəlbimin çəmənliyində…
Deyirəm…
Yaxşı ki, şeir var,yaxşı ki söz var.
Əl çəkir başıma hüzur, tumardı.
Yoxsa bu sürətli,çılğın ürəyim
Sinəmi qoparıb sənə qaçardı…
Ovcumdakı ruh yeri
Ürəyimdə ürəyinin əksi var
Danışanda havalanır sözümlə.
Ruhum ilə əl-ələdir xəyalın
Birgə gedir arzularda izinlə.
Boylanıram səhər üfüq boyunca,
Doğan günəş səni görən baxışdır.
Axşam olur,bulud gəlir səmaya
Qürub yeri səndən qalan naxışdır…
Min bir səbəb tapmaq olur,yazmağa
Həsrət imiş bu sevgiyə fəlsəfə.
Səmimiyəm,içdə nə var açıram
Bir gün sənə hisslərindir məhkəmə…
Amma,yenə…
Ruhun üçün ovcumda yer açıram
Kəpənək ol,qanadlan gəl arada.
Mən demirəm əbədilik qovuşaq,
Tozun qalsın sən qanadan yarada…
” Duyğu mövsümündə bahar “
Yarpaq ömrü yaşarıq bu sevgidə
Puçurladıq, çiçək olduq önündə.
Rəng də alıb təbiətdən,saf olan
Ətir saçıb,göz oxşarıq səninlə.
Nə qədər ki,əl-ələdir ruhumuz
Göy səmada gözəlliklər eyhamı.
Nə qədər ki,təmas edir yollarla
İzimizdi, yerdə sevgi ehramı…
Doğmalığın,hərarətin ümidi
Məhəbbətə qayğı çəkən köksümüz.
Qovuşanda dodaqların istisi
Kəhkəşana kölgə salır əksimiz…
Külək qonur saçımızın üstünə
Dəyişkəndir axı dünya qanunu.
Aç gözünü ay vüsaldan uyuyan!
Sən də qoru,həzzdən sonra anını…
Bir səbəblə soyuqlayır təravət
Ömürdür bu sevgi adlı, yaşlanan
Mənalanır,şəkillənir,görk olur
Sona dönür bir gün başdan başlanan…
Yaşananlar kiminə bir xatirə
Qədirbilən aşiqlərə ömürdür.
Biz sevirəm kəlməsində yaşayan
Şeir bizi gələcəyə götürdü…
Ah! Nə yazdım, nə bölüşdüm İlahi ?!
Mən ki,duyğu mövsümündə baharam…
Sətirlərim ac ürəyə ruzisi
Yəqin həsrət süfrəsində naharam…
Bu şəhər ruhumun tənhalıq yeri…
Bu şəhər ruhumun tənhalıq yeri,
Təsəlli tapmağa gecələri var.
Hansı pəncərədə işıq görürəm,
Sanıram mənimtək neçələri var…
Ulduzun tuşunda uçur xəyalım
Kəhkəşan yolunda dayanacaqdır.
Mənim ürəyimdən gedən arzular
Qorxuram günəşi oyadacaqdır…
Ey mənim içimdən qanadlananlar!
Aparın,nə qədər ağrı-acım var.
Sizin getdiyiniz işıq yolunda
Hər-hal axtardığım bir əlacım var…
Darıxan könlümün gecə ümidi
Kiməsə bir həvəs sanılacaqdır.
Bir şair arzusu-bir insan ömrü.
Ölümdən sonra da anılacaqdır.
Bu yaşam içində,ömür içində
Darıxmaq ayrı cür azadlıq imiş.
Gecələr şəhərdə sərhəddi yoxdur
Amma ki,gündüzlə təzadlıq imiş…
Ehhh…
Bu şəhər ruhumun tənhalıq yeri
Təsəlli tapmağa gecələri var.
Hansı pəncərədə işıq görürəm
Sanıram mənimtək neçələri var..
Məsumluğun göz yaşı.
Dünyada bütün uşaqlar ağlayır
Səbəbli,səbəbsiz
Təbli,təbsiz…
Hamısının gözü yaşarır bilirsiz?!
Yerli,yersiz…
Milyon cür uşaq naləsi var…
Kimisinin ağlamasının halisi var.
Ağlamaq adlı vərdişin də alisi var.
Uşaq ağlaması da,alilikdəndəndir.
Ali ağlamaqdır,məsumluqdan ağlamaq…
Hər adama yetişməz ki,qəlbdən çağlamaq…
Bu təcəssümü duyan var,
duymayan var.
Uşaq ağlamasının çoxlu məsələsi var.
Hələ fəlsəfəsi var.
Onun müxtəlifliyi,
onun müxalifliyi
xəfifliyi
zərifliyi var.
Bu çoxluq da “maraq”-lıdır
Hərəsi bir cür soraqlıdır…
Bu məna üzərində neçə kəşf etmək olar.
Bir uşaq kövrəkliyinə bəzən
günah əfv etmək olar…
Amma,
ağlamaqların ən dəhşətlisi və ən məşəqqətlisi,
ən riqqətlisi var ki,
onu heç cürə çözmək olmur…
Bu ölümü dərk etməyən uşağın
Məzar üstə ağlamasıdır…
Kəpənək
Qəlbimin rəngarəng çəmənliyində
Çiçəkdən çiçəyə qonan kəpənək!
Ətirdən ruhuna çəkdiyin qida
Qəlbimdir o bişən,yanan kəpənək…
O sənə göylərin hədiyyəsidir
Yerlərdə nişanə,ürəyim adlı.
Sorub şirəsini həzzini aldın
Bəs indi necədir,deyilmi dadlı?
Təsadüf deyildir adı hər şeyin
Kəpənək adın da,çiçək yerim də.
Sənin məhəbbətin qorxduğu yerdən
Mənim məhəbbətim qopur dilimdən…
Bəzən yuxu tutdu sinəmdə başın…
Nəfəsim laylanı çaldı həzindən.
Ah! Sığal çəkdim zərif qanadın
Bəlkə güc almadı o əl izimdən?!
Razıyam tozlandı ruhum təmasdan
Xəfif toxunuşdan yenilik bitir.
O sənə öyrəşən,qonduğun yerdən
Getdin… ayağında saçdığım ətir.
Kəpənək misalı,çiçək misalı
Yaşantı…sözlərə,şeirə sığmaz.
Qovuşmaq ümidi təsəllin idi
Təsəlli şeh deyil,çiçəyə yağmaz…
Gələcək hər kəsi yerinə qoyur
Payızlar baharın xatirəsidir…
Kəpənək! Gəzdiyin qəlb çəmənliyim
Bir eşqin əbədi xəritəsidir…
Elvin Firudinoğlu