.....

.....

Övlada nəsihət – Əncəm Vələdovun şeirləri

Övlada nəsihət – Əncəm Vələdovun şeirləri

DİL VAR…*
~ Sicilləmə ~

Dil var, ilan təki vurar hər kəsi,
Dil var ki, od saçır, sanki əjdərdir.
Dil var, düz bağrından yarar öfkəsi,
Dil də var, səhrada abi-kövsərdir.

Dil var ki, tüstüsüz yaxar adamı,
Dil var, səs-səmirsiz yıxar adamı.
Dil var ki, bir qovtək çaxar adamı,
Dil də var, qiymətli ləli-cövhərdir.

Dil var, səbəb olur gözlərdə yaşa,
Dil var ki, bəladır başa bir başa
Dil var, vurar başı daşlardan daşa,
Dil də var, adama mayak, sərvərdir.

Dil var, ümidləri yıxar, puç edər,
Dil var, savabları günah, suç edər.
Dil var, “dağ” hörməti bir ovuc edər,
Dil də var, yolunda böyük yavərdir.

Lacivərd gözlüm

Yenə uzaqdasan, lacivərd gözlüm,
Dərd,kədər sinəmdə,aşiyan qurub.
Bənövşə qoxulum, tazə vərd üzlüm,
Ayrılıq əzabı ,ruhumu yorub.

Eşqimmi böyükdür, dünyamı dardır?
Alnıma yazılan, giley-güzardır.
Qəm, ələm çəkməkdən ,qəlbim qübardır
Bir xəbər alan yox,halımı sorub .

Mən limansız qalmış itkin bir gəmi,
Yüklənib belimə,dərdlərin cəmi.
Sən getdiyin gündən, ey dərd həmdəmi,
Bil ki, buralarda,zamanda durub…

Övlada nəsihət

Çox yorma özünü ,çəkmə əziyyət,
Nə etsən də, söyüd  bar verən deyil.
Çalışıb yolunda çəksən də zəhmət,
Qarğa yumurtası sar verən deyil .

Qədirsiz birilə ömrü puç etmə,
Özünə qəsd edib günah, suç etmə.
Dərya hörmətini, bir ovuc etmə,
Bitirsədə tikan,nar verən deyil.

Tənbəl biri ilə qala tikmə sən,
Acgöz biri ilə buğda əkmə sən.
Axsaq yabı ilə yükü çəkmə sən,
Yeriməz ,axsıyar,kar verən deyil.

Qış

Sərdi yorğanını qardan ağappaq,
O bahar günləri  indi çox uzaq.
Uladı küləklər sanki yalquzaq,
Qış qapını döydü birdən taq- taraq.

Bax yuxuya dalıb,çöl çəmən torpaq,
Oxunmur nəğməsi ,bülbülün oynaq.
Yoxdur istisi də, günəşin parlaq,
Qış qapımı döydü birdən taq -taraq .

Öz yerini qara verdi yağışlar,
Ayaz pəncərəmdə çəkdi naxışlar.
Bahar həsrətilə üşüdü quşlar
Qış qapımı döydü birdən taq-taraq.

Tənha ağac

Talada boy atmış tənha bir ağac
Sanki qərinədir, bir yoldaş gəzir.
Çöllü biyabanda qalmış, naəlac
Tənha bir zindanda ömürlük əsir.

İllərin çovğunu boranı, qarı
Çəkib aparmışdır ,dostunu, yarı.
Torpaqla bağlamış, əhdi ilqarı,
Hər il  meyvələrin verir, o nəzir.

Köksündə gör neçə, balta izi var,
Təkliyin acısı,odu közü var.
Məncə deyilməmiş çoxlu sözü var,
Acını qəlbindən sevinctək süzür.

Məktəb

Mamırlı,şibyəli o daş divarlar
Nə qədər yaxındır,doğmadır mana.
Səndə unudulmayan xatirələr var,
Fəsillər keçsə də bağlıyam sana.

Sənin hər yanında izlərim vardır,
Keçibdir qoynunda uşaq çağlarım.
Bu günlər “biçdiyim,”verdiyin “bardır,”
Sana bitişikdir könül bağlarım.

Beynimə əbədi həkk olub mənim
Qapı cırıltısı, təbaşir səsi,
Sənsən övliyam,ocağım,pirim,
Ruhuma ən yaxın qəlbin nəğməsi…

Düşüncə qanadlarında

Gör neçə zamandır, hisslərim durğun,
Tükənib taqətim,günəşim solğun,
Ərinir cümlələr,sözlərim yorğun.
Sanki qərinədir,bu cahandayam,
Qapısı açılmaz bir zindandayam.

Dar gəlir yer mənə,göylər gəzirəm,
Dərdimi dərdimin üstə düzürəm,
Həyat çox sıxıcı,bəzən bezirəm,
Həm keçmiş,həmdəki bu zamandayam,
Həm yerdə,həmdəki asimandayam .

Bir gözüm gülsədə,biri ağlayır,
Biri yolum açır,biri bağlayır,
Bir mələk get deyir,biri saxlayır.
Həm günəşli gündə,həm dumandayam,
Mən qəmgin nəğməli bir kamandayam…