Oxunmayan şeirlərim
Mənim oxunmayan şeirlərim var,
Onları beynimə həkk eyləmişəm.
Niyə orda yoxsan, ey sevgili yar,
Bəlkə, sevginə mən şəkk eyləmişəm?
Şeir güvən yerim, o tək sirr yerim,
Məni dərd tanıyıb, qəm bilənimdir.
Həm bütöv şənliyim, həm kəsir yerim,
Həm də gözlərimdən nəm silənimdir.
Yazdığım misralar gah səssizliyim,
Gah qəhqəhə çəkən şaqraq səsimdir.
Nə yazmadıqlarım həvəssizliyim,
Nə də beynimdəki şah əsərimdir.
O şeirlər heç vaxt oxunmayacaq,
Gedəcək mənimlə qəbir evinə.
Bir kimsə onlara toxunmayacaq,
Qoymaram oxuyub düşmən sevinə.
Həmin oxunmayan şeirlərimin,
Beynim elə bil ki, qərargahıdır.
Əlim toxunmayan şeirlərimin,
Hər biri əlçatmaz haqq dərgahıdır.
Gecələri
Yuxum yoxdu, bir tək mənmi,
Yatammıram gecələri,
Zülmətə dad, bilirsənmi?
Qatammıram gecələri!
Yorulmuşam göz yaşımdan,
Ruhum yaşlı öz yaşımdan,
Nə unudub, nə başımdan,
Atammıram “Gecə”-ləri.
Nə özümlə qaldığımı,
Nə özümdən çaldığımı,
Nə də səndən aldığımı,
Satammıram gecələri.
Nə sən məni məndən alma,
Nə gündüz gəl, gecə qalma,
Sevgi adlı dərya olma,
Batammıram gecələri.
Dərd əlindən bac alıram,
Gündən günə qocalıram,
Dərgahına ucalıram,
Çatammıram gecələri.
Ürəyim məzarlıq…
Görmək istəyirsən gör ürəyimi,
O bir məzarlıqdır, ölülər yatır.
Nə olar, hasarla hör ürəyimi,
Hər gecə yuxumu ölülər qatır.
Əvvəl-əvvəl ruhum öldü bədəndə,
Ölmədi, bədəni böldü bədəndə,
Göz bəbəyim dolub, göldü bədəndə,
Hər gecə yuxumu ölülər qatır.
Ölən duyğularım ağlamır daha,
Elə dayandı ki, çağlamır daha,
Getdi, ürəyimi dağlamır daha,
Hər gecə yuxumu ölülər qatır.
Hissim də onlara qarışdı getdi,
Bəlkə mərc gəlmişdi? Yarışdı getdi,
O, öz ölümüylə barışdı getdi,
Hər gecə yuxumu ölülər qatır.
Sanki bədənimin çölü kimiyəm,
Ruhundan ayrılan dəli kimiyəm,
Artıq mən özüm də ölü kimiyəm,
Hər gecə yuxumu ölülər qatır.
Hər gəlin yaşayır həmin o anı…
Qız gəlin köçəndə ata evindən,
Gözlərində kövrək bir qəm aparır.
Ata – anasından ayrılan zaman,
Sanki sevincini, o kəm aparır.
Atasından xeyir-dua alsa da
Ana gülə-gülə yola salsa da
Onu sevən vəfadarı olsa da
Sevinclə nisgili, o cəm aparır.
Qardaş kövrələrək belin bağlayır,
Gəlin ona baxıb, gizlin ağlayır,
Onların bu halı ürək dağlayır,
Sevincli gözlərdə, o nəm aparır.
Elə ki, yayılır vağzall səsi,
Bir anlıq gəlinin durur nəfəsi,
Yandırır qəlbini ahı, naləsi,
Ah-nalə səsini, o bəm aparır.
Hər gəlin yaşayır həmin, o anı,
Bilinmir nə çəkir, onun sol yanı,
Nəmli gözlərinə dolan giryanı,
Sanki özünə o həmdəm aparır.
Əsiriyəm mən
Sanma hər kəs üçün eyni oluram,
Səndən başqasına tərs biriyəm mən.
Getdiyin o gündən hər gün soluram,
Bu sevda qəminin yesiriyəm mən.
Yandırır qəlbimi sənsizlik hissi,
Bürüyüb ruhumu tüstüsü, hisi,
Vururam, çıxıram, sonda ən pisi,
Bu haqq-hesabların kəsiriyəm mən.
Sevgim ov idimi, sən də ac şiri?
Parçaladın onu sən diri-diri,
Yazdığım bu şeir, həsrət şeiri,
Eşqin ayaq altda həsiriyəm mən.
Mən səni sevməsəm, əzə bilməzdin,
Mənəm-mənəm -deyib gəzə bilməzdin,
Əvvəlki sən olsan, dözə bilməzdin,
Sənin həyatının təsiriyəm mən.
İndi mənim könlüm yaralı quşdur,
Dəyəri də yoxdur, qəpik-quruşdur,
Bir insafın olsun, soruş, soruşdur,
Darıxmaq hissinin əsiriyəm mən.