YENƏ DƏ MƏN QALİBƏM!
Daha nağıllardakı xoxanlardan qorxmuram, ana!
Həyat çox bəzəkli-düzəklisin çıxardı qarşıma.
Daha mən də nə Cırtdanam, nə şahzadə,
Nə də ki, yatmış gözəl.
Dönüb oldum yeddi başlı əjdaha –
Öldürdülər, dirildm,
Ağlatdılar, kiridim.
Uzaqlaşdım hər kəsdən,
Yazdım öz hekayəmi, özüm də başına keçdim.
Onları ”böyütmədim” gözümdə
Dedim cılız qalsınlar, daha betər olsunlar,
Həyatı rəqib seçdim.
Davam da onunladır, müharibəm də, mübarizəm də…
Dərdlə bükdükcə belimi, tutub ürəyimdən ayaqlandım,
Ona qarşı duruşumla canlandım.
Qorxma, ana, indi mənə ən doğma duyğudur ölüm.
Həyat ölümdən qorxanlara əzizdir.
Ölüm qorxusuyla insanlar həyata tutunub, biləsən,
Ölüm olmasa həyat da kimsəsizdir…
Yenə də mən qalibəm…
ÖZÜNƏ ÖZGƏLƏŞMİŞ ÖZÜM…
Yola dikilən gözlərimi
Asta-asta yoldan yığıb,
Evin ən darısqal küncündə
Xısın-xısın ağlayanda,
Açdım həqiqətlərə gözümü…
Arzularından geri dönüşün mənasızlığına təslim olub,
Qollarımın dizlərimə sarıldığı vaxtdan başladı
tənhalığım.
Bu qədər olanlara, bitənlərə rəğmən,
Bükülən boynuma çiyinlərim sahib çıxanda sevdim –
İllərlə özünə özgələşmiş özümü.
***
Bir çatdaquş tamıdı uşaqlığım,
Bir xınadaşı qoxusu
Bir “hökumətağacı” qorxusu.
Çardaqdan ulduzlara boylanan qayğısız baxışlar,
Məktəbli çantasında işlənməmiş bəzəkli say çubuqlar.
Müəllimdən gizlədilmiş qırmızı qələm.
Bir də
Biləyimdə zamanı donduran “diş saatım”
Bununla bitir uşaqlıq əhvalatım.
Sonra
Boz dumanlı havada qaçhaqaç
Boğulmaqdan qurtulduğumuz Araz,
Arazın bu tayı dərd-ələm.
Və…
Uşaqlığını yaşamadan böyüməyə məhkum edilmiş mən –
Yoxdur başqa bir xatirəm.
YOL BİR NƏFƏS
“Öz dibinə kölgə salmaz şam ağacı”,
Dərd gözünü zilləyər,
Sevinc baxar qıyğacı.
Ömür yolun ölçər zaman –
Həyat adlı.
Bir gün gəlib keçmək bilmir,
İllər isə yel qanadlı.
Uzaq gəlir, hər şey uzaq,
Ümid əsir, arzu əbəs.
Bu dünyadan o dünyaya
Uzaq deyil, yol bir nəfəs.
AMMA TORPAĞA SATMIR
Bir şirin yuxu idi,
Çaşıb bəxtimə yozdum.
Yenik düşdüm həyata,
Onu yada uduzdum.
Həyat sevmir naşını,
Güclülər baş roldadı.
Nə ağrı var yüklənib,
Vücudumda, soldadı.
Acizlikmi, qürurmu?
Bilmədim ki, heç nəydi.
Hamı sağ bu oyunda,
Zərbə bir mənə dəydi.
Bu nə sevda, bu nə eşq,
Hələ ki, mənə çatmır.
Həyat məni öldürür,
Amma torpağa satmır.