Ögey dəniz
Ağactək torpağa basdır saçımı,
Kölgə versin başdan ötüb gedənə.
Öləndə basdırın öz bədənimə,
Saçlarımdan tabut düzəldin mənə.
Səma mavi rəngli torpağa dönüb,
Göydə məzarların içləri dolmur.
“Ölənlə ölünməz” deyilib, amma
Axı qalanla da yaşamaq olmur.
Göyün üstündədir torpağın altı,
Yerdən, göydən deyil, hardandır insan?
Üzü xəritədir hər bir adamın,
Nələr yaşayıbsa, ordandır insan.
Bədənləri yeyir, amma ki, doymur,
Torpağın dişidir baş daşlarımız.
Hansı dənizlərdən alır, görəsən,
Öz başlanğıcını göz yaşlarımız?
Gəmilər ölübdür ölü dənizdə,
Ölməkçün dənizə gəlməyib izin.
Çəkindik adına “ögey” deməyə,
Adın “Xəzər” qoyduq ögey dənizin.
Yarı hissəm sutək göylərdə qalıb,
Qara buludlardan doğuldum yarım.
Yaşamağa yerim yox, buxarlanıb,
Sənin ürəyinə köçürəm, Tanrım.
İlk günah
Geri götürməyə gəldim, yaşamaq,
Gəncliyimin səndə qalmasın izi.
Başa düşmüşəm ki, yaşımız deyil,
Yaşadığımızdır böyüdən bizi.
Anam qocalmasın deyə çağırdım,
Rəqəmlər üst-üstə adıma gəlir.
Haçan doğulmuşam, xatırlamıram,
Amma öldüyüm vaxt yadıma gəlir.
Anladım, göz yaşı gözlərimizin,
Kölgə də bədənin çıxan ahıdır.
Günahsız bir insan yoxdur, məncə də,
Doğulmaq insanın ilk günahıdır.
Günahıyla eyni böyüyər insan,
Günahımın səsi sükunətimdir.
Bəlkə də Tanrının yalanıyam mən,
Amma Tanrı mənim həqiqətimdir.
Necə göndərmişdin, necə olmuşam,
Yarımçıq kəsilən sözüm kimiyəm.
Göndərdiyin təki qala bilmədim,
Dəyişmişəm, daha özüm kimiyəm.
Saymağı bacarsam, sonsuz deyil ki,
Bəllidir aldığım nəfəsin sayı.
Həyatım nə qədər uzun olsa da,
Tabutum boydadır ömürümün boyu.
Axı hansı yaşdan başlayır ölüm?
Suala çevrildim, əydim başımı.
Gələndə sənə nə gətirim, Tanrım?
Yaşadıqlarımı yoxsa yaşımı?
Adsız şeir
Ayağımın izi göydədir hələ,
Arxamca gəlirdi, bir azdan çatar.
İnanmırsan, göydən gəlmişəm? Çıx, bax,
Özüm yerlərdəyəm, göydə izim var.
Mən yarı torpağam, yarı insanam,
Tanrı bitirməyib, hələ yaradır.
Birdən ürəyimi sındırsan əgər,
Görəcəksən, göydə Ay da paradır.
Əvvəl torpaq idim, canım yox idi,
Ruh verildi, insan bədəni oldum.
Bircə ovuc torpaq olduğum zaman
Görəsən, kimlərin vətəni oldum?
Vətənin deyil ha səni isidən,
İliq nəfəsimin istisidir o.
Bil ki, buxar deyil ağzımdan çıxan,
Yanan ürəyimin tüstüsüdür o.
Gələcək gecikir, keçmiş keçibdir,
Əslində, bu həyat çoxdan azadır.
Kimə lazımdır e yüz il? İnsana
Yüz il ömür çox-çox ağır cəzadır.
SƏN MƏN SƏN
O, yarım yaratdı, sən köks ötürdün,
Tanrıya küsdün, heyif aldın bəndədən,
Nəyin çatmırdısa, məndən götürdün,
Özünü mənimlə tamamladın sən.
Yolları aldatmaq əbəsmiş, əbəs,
Ayaq izlərini sirdaşın tutdun.
Qayıtmısan, yarı hissəm hanı bəs?
Məni harda qoydun, kimdə unutdun?
Sənliyin də səndən qisas alıbdır,
Canımın yarısın alıb gedənsən.
Azalmışam, məndən bir az qalıbdır,
Amma ki, sən indi daha çox sənsən.
İndi gəlişindir yolları yoran,
Gedişin köhnəlib, özün yenisən.
Heç bilmirəm, kimdir qarşımda duran,
Sən çox dəyişmisən, sən çox eynisən.
Yox, yox, yuxu gördüm, tərk etməmisən,
Şəklində şahidtək durub gözlərin.
Nə bilim, bəlkə də heç getməmisən,
Mənə yalan deyib ayaq izlərin.
Ucadan susmaq
Gələn hər insanın bir gedişi var,
Gediş yolunu da gəlişlər seçir.
Sənin ürəyinə aparan yollar
Mənim ayağımın altından keçir.
Gözünün yaşını niyə silirsən?
Göz yaşı övladdır, gözlər anadır.
Ucadan susmuşam, amma bilirsən,
Sakitlik özü də bir fırtınadır.
Gündüzün üstünə sərdim gecəni,
Dünya gözlərintək qaradır yenə.
Gedişin öldürə bilmədi məni,
Daha nə mözücə göstərim sənə?
Ağlımla qəlbimin tən arasında
Dartılıb-dartılıb qırılmışam mən.
And olsun ki, “sən”lə “mən” arasında
Gedib-gəlməkdən də yorulmuşam mən.
Arxanca da gəlməz, son əsirindir,
Ayağının izi yanından ötər.
Məsafə var imiş, bilirəm indi,
Bizim aramızda sənlə mən qədər.
Yeni başlanğıcdır bizim axır da,
Ayrılmışdıq mənə gəldiyin gündən.
Gedişin xatirə qalmasın burda,
Götür bədənini, çıxıb get məndən.
Eyyub Xəyal