***
Ovutdum hər sətiri,
Göz yaşımdan götürüb
Çay dəmlədim ətirli
Sənə ,
hara gedirsən ??
Göylərin örtüyünü
Gözümün örpəyini.
Sərmişəm kirpiyimi
Günə ,
hara gedirsən?
Ruhum səndə dincələr,
Sözdən qaçar hecalar.
Getmə, tənha gecələr
Dönər,
hara gedirsen?
Bir eşqin geyimində ,
Səni geydim əynimə.
Bir yağmurun çiynində ,
Yenə hara gedirsən?
Yenə hara gedirsən?..
***
Orada hava necədir
Burda bilsən necə yağır…
Gecənin qara köynəyin,
Qara bulub yuyub sıxır…
Torpağın ətri hopubdur,
Otların yaşıl donuna.
Təbiət çətirsiz rəsm
Çəkdirir yağış fonunda…
Şimşək qaranlıq boyunca,
Gecələrə işıq çəkir…
İslanmış bir cütlük görüb,
Ay üzünə yaşmaq çəkir…
Gecənin boz hayküyündə,
Həsrəti necə soyudum??
Qollarının şəklin çəkdim
Yastığa,
rahat uyudum…
Bir qanad tax, qalx ruhuma,
Buluddum leysan olmuşam.
Bayquş kimi darıxmaqdan,
Çevrilib insan olmuşam…
Bəlkə yağışın xətrinə,
Gələsən,birgə islanaq.
Orada hava necədi
Burda yağır yanaq-yanaq…
Sevdim səni…
Heç bilmədim necə oldu,
Sorma, necə sevdim səni.
Bir şeirin könlün alıb,
Heca- heca sevdim səni…
Dodağımda adın güldü,
Günəşi qoynuma aldım.
Həsrətin yuxuma gəldi,
Sonra gecə sevdim səni…
Yağdım, gözümdə qurudum,
Bu eşqin səbrini yordum.
Nəfəsini qurtum- qurtum,
İçə- içə sevdim səni…
Saçım köksündə qarışdı,
Kədərim qoynunda susdu.
Sən gedən yollara küsdüm,
Küçə-küçə sevdim səni…
Eh…mən heç nə etmədim ki,
Elə təkcə sevdim səni…
Adam…
Tumarı xəfif külək,
Əssə, ruhum əsəcək.
Pəncərəmə günəş çək,
Ey…sevgisi yaş adam.
Mənə yoxluq öyrədən,
Ayrılığı böyüdən.
Yolları uzaq edən,
Sinəsi daş, daş adam…
Qolları eşq döngəsi,
Ömürdür hər nəfəsi…
Gedişi mərmi səsi,
Həsrəti savaş adam.
Ovcuma ümid burax,
Uzaqları sevmə çox.
Bir az bahara darıx,
Uzaqlığı qış adam.
Gec gəlsən, öləcəyəm,
Tələsmə,yavaş, adam.