Ömrü kim tutub ki, sən saxlayasan?
Dərdini dost bilib qucaqlayasan,
Bu qoca dünyaya bel bağlayasan,
Xaraba qalmışa güvənin ola!
Kim səni büdrətdi, kim səni yıxdı?
Sürüşkən qismətə fələk karıxıdı.
Nə sevgi, xətrinə dəyən də yoxdur,
Uzaqdan gözünə dəyənin ola!
Könlünü yalandan ovutmayalar,
Səni bu dünyadan soyutmayalar,
Evinin yolunu unutmayalar,
Ara-bir qapını döyənin ola!
Səni hər sözündə düz sayanların,
Doğru başa düşüb anlayanların,
Hər xırda səhvində danlayanların,
Hər böyük uğurda öyənin ola!
Yorğun qayıdasan hər yanı gəzib,
Sakit oturasan hər şeydən bezib,
Belə bir məqamda iki çay süzüb,
“Bu gün nə etmisən?”— deyənin ola!
***
Buranın soyuq olur
Qışı da, payızı da.
Yazda çiçək-çiçək
Yaya ümidlənirsən.
Bir dəfə sulamadığın ağacdan
Çox şey umursan,
Sonra ləçək-ləçək solursan.
Bura belə yerdir,
Damı yox, quşlar gizlənə,
Söykənməyə divarı yox.
Yaman qəribə yerdəyik,
Aşağı var, yuxarı yox.
Bu ucsuz-bucaqsız yerdə
Unutmusan bizi, Allah?
Əl tutmaq Əlidən qalıb,
Əlimizdən tut, Allah,
Çataq sənə.
Tikdiyin evdə kirayə qalırıq,
Bir ömür borcumuz var.
***
Əlim cibimə,
Özüm dünyaya ağır.
Qurban olum, bu dəfə sən çağır.
Günəş doğan kimi canımdan can çıxır, Allah.
Kölgəm sürünür arxamca,
Yıxılmazdım ayaqlarıma dolaşmasaydı.
Yerə sərilmiş Berlin divarıyam,
Üstümdən keçənlər necə də xoşbəxtdir?!
Bilmirlər,
Bilmirlər ki,
Bu torpağın üzü soyuqdur,
Üşüdür, unutdurur…
Uğrunda axıdılan qanı,
Məhv olan canı,
Yadına düşən hər şeyi
Xatırladınsa, demək ki, unutmuşdun.
***
O çıxdığın ağ günündən götür, gəl,
Bu boyuma kəfən biçək, gedərsən.
Son xahişim, kömək elə, çəkinmə,
Ölümlərdən ölüm seçək, gedərsən.
Fələk səni güldürübdür, gülmüsən,
Ayrılığı səadətin bilmisən.
Fərz elə ki, ehsanıma gəlmisən,
Bir stəkan çay da içək, gedərsən.
Sönən sevgin alovlanar, alışar,
Mən beləyəm, dilim susmaz, danışar.
Çox danışdım, fikirlərin qarışar,
Məni burax, sənə keçək, gedərsən.
Günəş batar, birdən hava qaralar,
Bilirsən də, yolçu yolda qocalar.
Gözü yolda, qərarsızdır çantalar,
İzacə ver, durub köçək, gedərsən.
Başımız dik, alın açıq, bəxt qara,
Eyib olar, durum sənə yalvaram.
Bu qədər dediyim sözlərdən sonra,
Dili şirin, üzü göyçək, gedərsən?
***
Qurban olum, gəl ağlayaq bu dərdə,
Günüm keçmir bu keçilməz şəhərdə.
Elə gözəl yaşayırdım o yerdə,
Dünyaya gətirdi bir mələk məni.
O dərd elə, can yoldaşım, kənizim,
Günü-gündən solub gedir bənizim.
Sən tərəfə nahaq gəldim, əzizim,
Daşıya bilməz ki daş ürək məni.
Cavan canım, sən tələsmə ,dur, dayan,
Fələk bilməz neçədir ki mən sayan.
Arzu tutub bir ağaca bağlayan,
Hələ də yaşadır o dilək məni.
Axı sən üstümə niyə gəlirsən?
Mən dərd adamıyam, sən ki bilirsən.
Üşüyürəm, titrəyirəm, görürsən,
Sanma tərpədirsən, ay külək məni.
Yıxa bilməz bu şəhərin küləyi,
Mən Allahdan gözləmişəm köməyi.
Bəyənmədi anam vuran bələyi,
Qanıma bələdi bu Fələk məni.