***
İndi gözlərinə baxa bilmirəm,
Uzaqlar nə yaman uzaqdır, gülüm.
Daha həsrətimdə sevgi payı yox,
Bu sevgi deyil ki, maraqdır, gülüm.
Nə dərddir ki, durub buna dözməyim,
Axtarmıram, daha səni gəzmirəm.
Bir Allahdır əlin məndən üzməyən,
Hamı sənin kimi qonaqdır, gülüm.
Bu dərdin qəlbimi sıxan deyil ki,
Acı sözlərin də yıxan deyil ki,
Heç bir şey yadımdan çıxan deyil ki,
Elə bil dünəndir, bayaqdır, gülüm.
Kaş gülə biləydim gülməyin kimi,
Siləydim keçmişi silməyin kimi,
Gəlməyin fərq etmir ölməyin kimi,
Bu da bir qismətdir, sınaqdır, gülüm.
Düz yolu tapmıram, elə azıram,
Nə desən, yolunda yenə hazıram.
Gör saat neçədir, səndən yazıram,
Bütün çarəsizlər oyaqdır, gülüm.
***
Bu məktubu oxuyursansa, deməli, hələ də həsrət çəkirəm.
Bir ovuc torpaq oluram dərdinin qabağında.
Gecələri yatmıram,
Boş küçələrdə ən sadiq dostlarımla
sədaqətsiz bir qızın sorağında yaşayıram.
Bilmirəm hardasan, necəsən?
Bəlkə də dünyanın ən xoşbəxt yerində,
Bəlkə sən olan yerdə doğur günəş?
Bəlkə dodağın təbəssümdən yorulub,
Bəlkə gözlərin çəkib bu yolu?
Ayrılıq adında bir yol…
Bilirsən, ayrılıq ölüm kimi deyil,
fərq ondadır ki, ayrılığı özün seçirsən.
Bilirsən, bizim aramızda da fərq var –
Mən darıxıram, sən gözləyirsən.
Ona görə də sevginin nə olduğunu anlamırsan, gözəl qız.
Bu məktubu oxuyursansa, deməli, hələ də həsrət çəkirəm.
İmza: “Bəlkə”lərlə yaşayan adam…
***
Axı yoxsan, axtarıram, gəzirəm,
Bu qismətə boyun büküb dözürəm,
Yollarına boylanmaqdan bezirəm,
Səbir kasam daşan yerdir, hardasan?
Sonsuz sevgi, vallah, bizə yetərdi,
İnanmazdım, gözlərimdən itərdin.
Arsız dərdin sarmaşıqdan betərdir,
Dərdlərim dolaşan yerdir, hardasan?
Bilirəm ki, günahı yox qismətin,
Uzun gecə, evim sənsiz çox çətin.
Bir canavar sürsüdür həsrətin,
Həsrətin ulaşan yerdir, hardasan?
Hər nəyim var, aparmısan, halaldır,
Axşam düşdü, yenə hava qaraldı.
Gözləməkdən gözün kökü saraldı,
Hər şeyə alışan yerdir, hardasan?
Tamarzıyam, tamahımsan bəlkə də,
Fəryadımsan, son ahımsan bəlkə də,
Bu sevgidə Allahımsan bəlkə də,
Sənə şərik qoşan yerdir, hardasan?
***
Bilirsən, fəsillərin mənası yoxdur,
Sən üşüyürsənsə qış, sənə istidirsə yay, ağlayırsansa, deməli, payız gəlib.
Gül, üzündə çiçəklər açsın.
Gözlərinin yaşılı sənə gəlməyin yolunu göstərir,
Dodaqlarının qırmızısı dayanmağa məcbur edir.
Ömürsə gedir,
Gedir üzü qaranlığa.
Bəxtim kirşanlı yanaqların qədər ağ deyilmiş,
Qara saçlarına çox oxşamışam,
Qara saçlarını çox oxşamışam.
Nə yalan deyim, darıxmışam…
Bilirsən, hər nəyim var, özünə çəkirsən,
Ürəyimdən sevgini, başımdan ağlımı,
əllərimdən duamı.
Xəbərin yoxdur,
Sən elə bir qadınsan ki,
Cazibə qüvvəsindən də cazibəlisən.
***
Yanağımdan damla-damla süzülən
O saat da yoxa çıxır, göl olmur.
Bilirsənmi, bu bağçada tayın yox,
Solub gedir hər tərəfi, gül olmur.
Yorulmasam, gəlib səni ötərəm,
Mən də canam, yox olaram, bitərəm.
Səndən sonra sıfırdan da betərəm,
Vur özünə, çıx özündən, böl, olmur.
Bəlkə elə istəyinə yetmisən,
Göz yummuşam, gözlərimdən itmisən.
Birdən-birə hara çıxıb getmisən?
Ay insafsız, belə sevgi bil, olmur.
Mən bilirəm, yas saxlamaqla deyil,
Keçib getmir, heç ağlamaqla deyil.
Təqvimləri qaralamaqla deyil,
Günüm keçmir, ayım ötmür, il olmur.
Düşünürdüm, “biz” olarıq birləşib,
Sən getmisən, həyat yaman dəyişib.
“Get” deməyə dilin elə öyrəşib,
O dilində bircə dəfə “Gəl” olmur.
***
Mən dəli deyiləm, dəli deyiləm,
Mən sözün düzünü deyən adamam.
Özümdən getməyə öyrəncəliyəm,
Arabir özümə gələn adamam.
Təbəssüm qonaqdır dodaqlarıma,
Nə edim, mənə də dəyişim olur.
Dodağım yalandan qaça da bilir,
Ağlamaq ən gözəl vərdişim olur.
Sevgini hər şeydən uca tutaram,
Hər şeyi bir anda silə bilərəm.
Bu vətən yolunda şəhid olaram,
Bir qadın üçün də ölə bilərəm.
Məni belə tanı, məni belə sev,
Yox bu xarabada anlayan məni.
Bir anam var idi, eyib örtənim,
Bir atam qalıbdır danlayan məni.
Pərviz Qurbanlı