.....

.....

PƏRİMLƏ SÖHBƏT – Gülcahan Əsgərovanın şeirləri

PƏRİMLƏ SÖHBƏT – Gülcahan Əsgərovanın şeirləri

ÇALARAM SƏNİ

Sehirli üzüyəm, güc var qaşımda,
Sevən bir ürəyəm, sevda başımda.
Belə cilvələnib durma qarşımda,
Əsalı Musayam, udaram səni.

Nə var bu həyatın ağ-qarasında.
İlişib qalmısan məcarasında.
Gizlənsən yer ilə göy arasında,
Mahir bələdçi tək taparam səni.

İncə duyğulara, ülvi niyyətə,
Böyük hörmətim var saf məhəbbətə.
Qəlbimdə çevrilsən acı nifrətə,
Mən də bir ilan tək çalaram səni.

PƏRİMLƏ SÖHBƏT

Əgərki səninçün mən müqəddəsəm,
Eylə öz könlünə minarə məni.
Səninlə yaşayıb, səninlə gülsəm,
Bənzətmə amandı gülxarə məni.

Girmişəm qəlbinə füsünkar kimi,
Olmuşam ömrünün cümlə-hakimi.
Qorxuram o zalım zülümkar kimi,
Atasan qəlbindən kənara məni.

Pak eşqin gözəldir güldən, çiçəkdən,
Buna inanıram sidqi ürəkdən.
Dilim də tutulur bunu deməkdən,
Satasan çox ucuz dinara məni.

Gülcahan qəlbinə düşəndən bəri,
Olmuşam yolunda döyüş əskəri.
Bir gün səpiləndə ölüm ənbəri,
Kim qoyar de sənsiz məzara məni?

YAVAŞ-YAVAŞ

Dərdlər ürəyinə bir iz saldısa,
Ağarar başında tel yavaş-yavaş.
Qəlbinə bir həmkar, dildar yoxdusa,
Yıxacaq ömrünü fel yavaş-yavaş.

Öyübən özünü ucada sansan,
Bühudə şəm kimi mənasız yansan.
Bu fani dünyaya qadir olmasan,
Kamana bənzəyər bel yavaş-yavaş.

Özgəyə həsədi salsan ürəyə,
Yurd versən qəlbində çirkin mələyə,
Hökm etsə, baş əysən çəxri-fələyə
Axar gözlərindən sel yavaş-yavaş.

Bir gün Gülcahan üzün döndüsə,
Qəlbində varlığın odu söndüsə,
Bəşər, bu balamdı, getdi,- dedisə,
Aparar məzara el yavaş-yavaş.

ÖLƏ BİLMƏZ

Bir dünyam var öz içimdə,
Hər kəs onu görə bilməz.
Təməl daşı dürrü-gövhər,
Naşı memar hörə bilməz.

Söz incidir, dildən-dilə
Gəzib keçər eldən elə.
Söz söyləmə bir səfilə,
Qiymətini verə bilməz.

Həyat bir yol, bizsə çığır,
Bir gün ömür başa cıxır.
Azsan əgər sən ha çağır,
İzin yoxsa, gələ bilməz.

Cümlə bəşər şən olmasa,
Kainat bir quru masa.
Dünyam dünyada qalmasa,
Bu Gülcahan ölə bilməz.

O DAĞIN

Qartal olub qanadlanıb uçaydım,
Bir qonaydım qayasına o dağın.
Çiçək olub yamacında bitǝydim,
Qatılaydım mayasına o dağın.

Bax necə yaşayır gənclik yaşında,
Kəməri çaylardır, bulaq qaşında.
Təzə gəlin kimi duvağ başında,
Aşiq oldum həyasına o dağın.

Turac qaçır, kəklik daşdan atılar,
Ot-ələfə gül-çiçəklər qatılar.
Xəstə olsan, min-bir məlhəm taplar,
Qurban olum şəfasına o dağın.

Seyr eylə, Gülcahan, bu gözəl həyat,
Bizimçün deyildir ömürlük, heyhat.
Özün əməlinlə bir qaya yarat,
Həmkar olsun vəfasına o dağın.