Barışmaram
Gedirsənsə, gözünü məndən tamam kəsib get,
Gözünlə barışaram – özünlə barışmaram!
Yoxluğumun ucundan, həsrətimin ucundan
Yuxuna qarışaram – özünlə barışmaram!
Dilinin kor tiyəsi öyrənibdi pis kəsə,
Pisini də öyərəm, özgə səni pisləsə.
Dərd qəlbini tək görüb qarmalamaq istəsə,
Dərdinə darışaram – özünlə barışmaram!
Sən yanılan, yandıran, sən küsdürən, sən küsən,
Heç qapından girmərəm, qayıt desən, gəl desən.
Görsəm dara düşmüsən, görsəm yaman gündəsən,
Yağınla vuruşaram – özünlə barışmaram!
Çox əyri düzələrdi qovuşsaydı düz-düzə,
İllər ilmə toxudu, söykənmədi söz-sözə.
Elin yığnaq yerində birdən gəlsək üz-üzə,
Halını soruşaram – özünlə barışmaram!
Axı mənə kim çatar ağ günü diləməkdə,
Qələbəni gəzmərən qırmaqda-şiləməkdə.
Oğul-uşaq böyüdüb başçılıq eləməkdə
Yolunla yarışaram – özünlə barışmaram!
Qəlbə hopur sirdaşın hər baxışı, hər izi,
Düşmən çıxan dostun da ağır olur itkisi.
İşdir, səndən başlayıb ölüm ayırsa bizi,
Qəbrinə sarışaram – özünlə barışmaram!
Üzük
Bəxtimin üzünə gülübdür üzün,
Sevincim sel kimi qaynayıb daşır.
Toydan beş il sonra aldığım üzük
Xınalı əlinə necə yaraşır!
Sən bir kəndçi qızı, mən bir tələbə,
Evləndik… evimiz olmadı ancaq.
Uymadın dərzilər saldığı dəbə,
Keçdi təqaüdlə hər dolanacaq.
Evləndik… güldün də utanmağıma,
Dedin bu qayğıyla üzmə özünü.
Qırmızı sap bağla boş barmağıma,
Olsun toy üzüyü, nişan üzüyü.
Bu da yoxsulluğun uzanan ömrü,
Üzürlər istədim hey dönə-dönə.
Bir payız pul yığdım üzükdən ötrü,
Qaçıb qış papağı tikdirdin mənə.
Dolandı fəsillər. Qış getdi yaya.
Amansız olmadıq zamanımıztək.
Qaldı nişanımız toydan sonraya,
Yaşadı ürəkdə üzüklü istək.
Bir gün biz yollandıq dükana sarı,
Aldıq üzüyünü nişanımızın.
Mən sənə verdiyim o yadigarı
Yazdırdın adına uşağımızın…
Səmimiyyət
Ərk ilə evinə gəlmişəm, ay dost;
Görürəm, açıqdır qaşın-qabağın.
Komanı imarət bilmişəm, ay dost,
Nə gərək utanıb tər axıtmağın.
Səndən dünya malı ummayıram mən,
Sanma bəyənmirəm yavan loxmanı.
Doyursan qəlbimi səmimiyyətdən,
Bağrıma basaram kasıb daxmanı.
Sən danış səmimi, kiri səmimi,
Səmimiyyət qəlbin məhək daşıdır.
Söhbət olacaqsa qeyri-səmimi,
Dinib-danışmamaq daha yaxşıdır.
Dostum, doğrultmasa əməl niyyəti,
İnsan necə qalxar, necə ucalar?
Bir ölçü götürsək səmimiyyəti,
Alim var, çobandan geridə qalar.
Bir acı baxışdan sınmış ürəyi
Sağaldan o hansı şirin nemətdir?..
Dada gətirən də duzu, çörəyi,
Elə səmimiyyət, səmimiyyətdir.
Ölmərəm
Ölüm, məni nə beləcə hərlərsən, –
Mən bir ömrü sürməyincə ölmərəm.
Öz anama, öz Tanrıma borcum var,
Aldığımı verməyincə ölmərəm.
Nə istərsən can ağacım quruya,
Arız olub nə girmisən araya?
Sən öləsən, il kərpicli saraya
Yüz neçəni hörməyincə ölmərəm.
Qarı düşmən, bu nə qorxu kinosu,
Neçəyədi bu möhlətin kilosu?
Dəhrələyib dərd bitirən kol-kosu,
Sərgiliyə sərməyincə ölmərəm.
Nə dilərsən soluxuban sozalım,
Axı niyə çarpaz dağla yazılım?
Əkdiyimi biçməyincə, a zalım,
Səpdiyimi dərməyincə ölmərəm.
Qoca quldur, məni azca qarala,
İnanmıram inam sapı qırıla.
Tufan qopa, iki dünya bir ola,
Gözləncimi görməyincə ölmərəm.
Könüllərdi mənim evim-eşiyim,
Könül olsun axırıncı beşiyim.
Qorxuram ki, qəbirdə də üşüyüm,
Ürəklərə girməyincə ölmərəm
İllər dağa dönüb düşdü araya,
Ortada çox umu, çox küsü olub.
Yaxşı ki, axşamlar baxırıq Aya,
Səmalar barışıq güzgüsü olub.
Görəndə gözünə çox baxmamışam,
Elə bilirsən ki, darıxmamışam?..
Axı neyləyim ki, yalqız bir quşam;
Yuxum da bir anın mürgüsü olub.
Yağıma yağısan… gül açsın bağın,
Bəs nədir özümlə bu çarpışmağın?
Vallah, val dəyişib sözdən qaçmağın
Sozalan canımın üzgüsü olub.
Səni tanıyandan girincəm, girinc,
Nə könlüm toxtaqdı, nə qulağım dinc.
Bu necə sevgidi, bu necə sevinc, –
Dərddən oxuyanın türküsü olub.
Sənin bir baxışın daşı mum eylər,
Gülsən, buxarlanar gülünc gileylər.
Halımdan halıdı tutqunca göylər,
Buludlar başımın tüstüsü olub.
Çəkdiyim ağrını çəkməsin heç kim,
Gör neçə üzü var bu keşməkeşin.
Yarıyan eşqimi qoruyan eşqin
Ömrümün qorxusu-hürküsü olub.