.....

.....

Qəhrəman şəhidlərimizə – Mina Rəşid Şıxova

Qəhrəman şəhidlərimizə – Mina Rəşid Şıxova

QƏHRƏMAN ŞƏHİDLƏRİMİZƏ

Uşaqlıqdan arzun olub
Düşmənlərlə savaşmaq.
Qarabağı azad edib
Vətənə bağışlamaq

Kimsəyə minnət qoydunmu
Vətəni qoruyanda.
Yağışda, yaralı halda,
Ac-susuz, yorulanda?…

Sən ancaq irəli baxdın,
Baxmadın sağ-soluna.
Bir də baxdın göyə qalxıb
Yerə düşən qoluna…

Yenə, yenə sarsılmadın
O dəhşətli ağrıdan.
Tək əlinlə silah tutdun,
Dişinlə bayrağından…

Son nəfəsdə bayrağını
Şuşayadək apardın.
Sən Şuşada Zəfər çalıb
Bizi bizə qaytardın.

Qanınla yazdın adını,
O sal daşa, qayaya.
Son anda da təbəssümlə
Vida etdin dünyaya.

NƏ YAXŞI VARSAN, OĞLUM!

Doğum günün mübarək,
Nahid balam, necəsən?
Ürəyimin parası,
Şəhid balam, necəsən?

Bulud kimi dolub, bax,
Anan da, “Salam!” – deyir.
Bacı-qardaşların hey,
Hey səni əzizləyir.

Şəhidlər ölmür, uca
Zirvədə qarsan, oğlum!
Fəxr edirəm səninlə
Nə yaxşı varsan, oğlum!

TOPÇU VÜSAL

Uşaqlar, yaxşı baxın,
Unutmayın bu anı.
“Topçu Vüsal!”, – deyəndə,
Ekrana baxdı hamı.

Oğul deyərəm ona,
Qəhrəman duruşuna.
Düşmənə od yağdıran
O qartal baxışına!

Qonşular xəbər verdi
Vüsalın anasına.
Ana göz yaşlarıyla
Baxdı nər balasına.

Ekranı qucaqladı
Həyəcandan az qala…
-Anan qurban boyuna,
İgid, qəhrəman bala!

Azad oldu Qarabağ,
Zəfər çaldı oğullar.
Topçu Vüsal, Zəfərdə
Sənin də öz payın var.

ŞƏHİDƏM, ÖLMƏMİŞƏM!

Şəhiddir mənim adım,
Vətən üçün doğuldum.
Vətən üçün yaşadım,
Uğrunda şəhid oldum.

Ruhum sənin yanında,
Şəhidəm, ölməmişəm.
Sağım-solum gülüstan,
Mən Cənnətə gəlmişəm…

Anam da qürurludur,
Adım Vətənlə təndir.
Məmim ilk beşiyim də,
Məzarım da Vətəndir!

AZƏRBAYCAN ƏSGƏRİ

Oddan-alovdan keçib,
Düşmən üstünə getdin.
Hər barmağın bir silah
Yağıları məhv etdin
Azərbaycan əsgəri.

Şimşək kimi çaxdın sən,
Zülməti yarıb qalxdın.
Şuşada bayrağımı
Sancıb köksünə sıxdın.
Azərbaycan əsgəri.

Ucaltdın adımızı,
Cəsarətlə, şərəflə.
Sən yenidən doğuldun
Qəlbimdə bu zəfərlə
Azərbaycan əsgəri!

Yeni bir tarix yazdın,
Sadiq qaldın andına.
Qurban olum, mən sənin
Şəhid, Qazi adına
Azərbaycan əsgəri!

ALİ BAŞ KOMANDANIM

Yatmadı sübhə qədər
Ali Baş Komandanım.
Düşmənlərlə savaşdı
Ali Baş Komandanım.

Qalmamışdı dözümü,
Çox sərt dedi sözünü,
Oydu düşmən gözünü
Ali Baş Komandanım.

Hamı ona “Can!” dedi,
“Bu müqəddəs an” dedi,
“Can, Azərbaycan!” dedi
Ali Baş Komandanım!

BİZ QANADLI ƏSGƏRLƏRİK
XTQ əsgərlərinə

Qayaları ram edərik,
Keçərik uçurumdan.
Qarşımızda dağ dayanmaz,
Enərik aşırımdan.

Düşmən bir də oyanar ki,
Biz artıq yanındayıq.
Hanı qurduğu istehkam?
Biz heç sədd tanımadıq.

Biz hər yandan yola çıxdıq-
Çaydan, dağdan, meşədən…
Düşməni saldıq tələyə
Çaş-baş qaldı bu işdən.

Biz qanadlı əsgərlərik
Göyümüz var uçmağa.
Düşməni aldıq araya
Yer tapmadı qaçmağa.

Aşdıq Murovu, Şişdağı,
Cıdır düzünə çatdıq.
Şuşada bayrağımızı
Uca zirvəyə taxdıq.

Biz qanadlı əsgərlərik
Heç zaman yorulmarıq.
Yurdumuzun gecə-gündüz
Keşiyində durarıq.

AZAD ŞUŞAM

Ordumuzun gücündən
Qorxub qaçdı yağılar.
Şuşanı azad etdi
Şir biləkli oğullar.

Bu yer sanki möcüzə –
Uca dağlar, şiş qaya…
Dolama yollarıyla
Biz qalxırıq Şuşaya.

Hərə bir əsgər olub
Durmuşuq keşiyində
Üzeyirin yurdunda –
Musiqi beşiyində.

Şuşa sənət məbədi,
Gözəlliyin taxtıdır.
Şuşa Azərbaycanın
Mədəni paytaxtıdır.

QARABAĞ-AZƏRBAYCAN

Ana, o an yetişdi
Qarabağa gedirəm.
Otuz illik həsrətə
Son qoymağa gedirəm!

Bu qisas qiyamətə
Deyirdin axı, qalmaz.
Bu bir haqq savaşıdı
İndi dayanmaq olmaz.

Ağlamaq vaxtı deyil,
Gözündə yaş qalmayıb.
Elə mübarək gündü
Belə bir gün olmayıb.

Yenilməz ordumuzla
Bax, irəli gedirik.
Sevin, bu gün “Qarabağ
Bizimdir!”- söyləyirik.

Ana, gülümsə indi,
Qarabağa gedirəm.
Sinəmizə çəkilən
Bax, o dağa gedirəm.

Düşməni məhv edirik
Allah bizə yar olsun!
Qələbə müjdəsiylə
Elim bəxtiyar olsun!

Haqqını halal eylə,
Söylə, gedim, anacan.
Qarabağa can qurban,
Qarabağ – Azərbaycan!

FÜZULİ

Önünə min səd çəkildi
Hey tikdilər, hördülər.
Yolunda tələ qurdular
Neçə tədbir gördülər.

Dəmir yumruq sədd tanımaz
Aşdı bəndi, bərəni.
Ordumuz bir selə döndü
Keçdi dağı, dərəni.

Şəhidim, qazim Füzuli,
Daha sil göz yaşını.
Gecəgözlüm, tufan bitdi
Qaldır uca başını.

Sən Füzuli dühasısan,
Qəhrəmanlar oylağı.
Gör sənə necə yaraşır
Azərbaycan bayrağı.

MƏN AZAD XOCALIYAM

İllərdi dərd dağıydım,
Kədərdən yoğrulmuşam.
Bu gün Zəfər mənimdi
Yenidən doğulmuşam.

Mən azad Xocalıyam,
Daha qəm istəmirəm.
Silirəm göy yaşımı
Duman, çən istəmirəm.

Mən azad Xocalıyam,
Dönəcəm gülüstana.
Yarama məlhəm olub
Görk olacam cahana.

Keçmişimdən min iz var,
Badara, Qarqaram mən.
Min bir sınaqdan keçib
Yenə yaşayıram mən.

Qoy var olsun ordumuz,
Şəhidimiz, qazimiz.
Yeni bir tarix yazdı
Müzəffər sərkərdəmiz.

Mən azad Xocalıyam,
Daha qəm istəmirəm.
Silirəm göy yaşımı
Duman, çən istəmirəm.

XARIBÜLBÜL

Sən güllər içində bir əfsanəsən
Yurdun Qarabağdı, elin Şuşadı.
İllərdi kədərdən saraldın-soldun
İndi zəfərimlə adın qoşadı.

Həsrətim, sonra da mübarizəmin
Nişanına dönən ay qızılgülüm.
Sən türk əsgərinin xatirəsisən
Sən şəhid yarısan, xarıbülbülüm.

Həmişə mənimlə bir olacaqsan
Yadlara uymayan vəfalı gülüm.
Sinəmə qonmusan bir ulduz kimi
Zəfər simvolumsan, xarıbülbülüm.