.....

.....

Qələmim sözümü üşüdür mənim – ƏLİ ƏKBƏROĞLU (şeirlər)

Qələmim sözümü üşüdür mənim – ƏLİ ƏKBƏROĞLU (şeirlər)

DÜŞÜR.

Tale yazısımı, Allahmı yazır,
Nədəndir yaxşılar yamana düşür?
Namərdlərin yolu işığa doğru,
Mərdlərin yolları dumana düşür.

İnsanı yolundan azdırsa tamah,
Eyləsə min xəta, eyləsə günah,
İşi düz getməyib çəksə aman ah,
Səbəbi gərdişi zamana düşür.

Bunu hər bir insan anlayaydı kaş,
Hər Vətən övladı deyil vətəndaş,
Gen gündə hamıya Vətəndi qardaş,
Dar günü vətənçün yanana dür.

Əli, həyat oyun zəri nərdi var,
İgidi,qorxağı, namərd mərdi var,
Hər insan oğlunun qəmi dərdi var,
Amma dərdin çoxu qanana düşür

ÜŞÜDÜR MƏNİ

Yenə bulud gəlib, gün cəmalına,
Kölgəsi üzümü üşüdür mənim.
Başımı qaldırıb baxa bilmirəm,
Baxışın gözümü üşüdür mənim.

Yağdırsan yağışı yuyular həsrət,
Sevgi toxumları islanar əlbət,
Gülərmi üzümə vüsal nəhayət,
Səbrimin dözümü üşüdür məni.

Dünyamda tənhayam içimdə təkəm,
Məhkumam tənhalıq əzabın çəkəm,
Bəlkə bu xislətdə bircəyəm yekəm,
Ünüm öz ünümü üşüdür mənim.

Çiçək arzularım bahar soraqda,
Əli nə haydadı,sən nə maraqda,
Şam olub əridim axdım varaqda,
Qələmim sözümü üşüdür mənim.

GECƏLƏR.

Sevincim şadlığım şıltaq qız olub,
Qaçıb gizlənirlər hara gecələr.
Gündüzlər gözümə dəyməyən dərdlər,
Yığışıb çəkirlər dara gecələr.

Savabamı,günahamı batmışam,
Kimi unutmuşam, kimi atmışam,
Gündüz yaxşı-yaman nə iş tutmuşam,
Sorur bircə-bircə qara gecələr.

Əli Əkbəroğlu tez ötdü zaman,
Qocalıq tez çatdı vermədi aman,
Nadanlar könlümü eyləyib viran,
Sızlayır Köksümdə yara gecələr.

BU DÜNYA.

Zalımların, məzlumların məskəni,
Hər bir kəsin məzarıdı bu dünya.
Gözü acın,qarnı doymaz kəslərin,
Mərəzidi, azarıdı bu dünya.

Kimi xürrəm, kimi qəmnən yaşayır,
Kim acdı, kim dəmnən yaşayır,
Kimi bol-bol kimi kəmnən yaşayır,
Aldananlar bazarıdı bu dünya.

Nə günahı dünya adlı məkanın,
Məsgənidi, məzarıdı insanın,
Əkbəroğlu, gəlib-gedən mehmanın,
Beşcə günlük güzarıdı bu dünya.

YAĞIR.

Göy də Allahındı, yer də Allahın,
Bu yağış dünyanın xeyrinə yağır.
Yağış üstə yağır, dərdin, günahın,
İblisin, şeytanın şərinə yağır.

Yağır namərdlərin piy başlarına,
Yağır gözəllərin göz-qaşlarına,
Qoşulub kiminin göz yaşlarına,
Kiminin dərdinə, sərinə yağır.

Ahımız qalxmasa əgər ki, göyə,
İmdad dinləyirik göylərdən niyə?
Dünya bürünməsə yaşıl örpəyə,
Necə deyək yağış yerinə yağır.

Yazda gül-çiçəyi yağış suvarır,
Yay solur,payızda xəzan aparır,
Qışa ölüm deyir fəğan qoparır,
Bürüyür torpağı qarına yağır.

Əli yanındadı qanan kəslərin,
Hey yanır oduna yanan kəslərin,
Yağmağın hikməti dərdindi, dərin,
Bu sirli torpağın sirrinə yağır.

Əli Əkbəroğlu.