.....

.....

Qələmlə söhbət – Əli Musaoğlunun şeirləri

Qələmlə söhbət – Əli Musaoğlunun şeirləri

Dost

Görünər hər yanda doğmandan yaxın,
Sevincin olanda uçar göylərə.
Abidə ucaldıb bir iz buraxın
Dostluğun qədrini bilən kəslərə.

Gah solunda olar, gah da sağında,
Acını özünün acısı bilər.
Görünməz heç zaman göz qabağında,
Dar gündə yanına ilk dostun gələr.

“Dost” sözün hecaya bölünməz, bilin,
Düşünün bir xeyli “dost” deyən zaman.
Görən gözün olar, tutunan əlin,
Təmiz ürək ilə dost olan insan.

Yoluna işıqdır, yoluna çıraq,
Varlığı hər zaman qürurdur sənə.
Namərd zərbə vurar kürəkdən ancaq,
Mərd insan layiqdir “dost” kəlməsinə.

Qələmlə söhbət

Bu gün qələm ilə dərdləşdim bir az,
Ağ kağız üstünə dərdimi yazdı.
Dedi ki, bu dərdi qarğa çəksəydi,
Üç yüz il ömrünü heç yaşamazdı.

Süzdürdü göz yaşın sətirbəsətir,
Sətirlər içində sözlər alışdı.
Mənim yanağımdan süzülən yaşlar
Döndü mürəkkəbə, sözlə qarışdı.

Heç macal olmadı nöqtə qoymağa,
Kəsilmək bilmədi sözlərin ardı.
Bu günü yaşadım, bu gündə qaldım,
Fikirlər keçmişə çəkib apardı.

Dərdlərin qələmə deyən şairin
Üzünə zülməttək açıldı səhər.
Gecələr ağladım, göz yaşı tökdüm,
Gündüzlər görənlər sandı bəxtəvər.

Qələm də sonunda söylədi belə:
İnsanı qocaldan dərdmiş, acıymış.
Qəlbində intizar yaşayan biri
Yaşarkən puç olmuş tut ağacıymış.

Keçmişi silməliyəm

Sevgi gəzdim qəlbi daşda,
Saç ağardı vaxtsız başda.
Gözlərimdən axan yaşda
Mən keçmişi silməliyəm.

Sağalmaz ki könül yaram,
Dərdlər varsa, mən də varam.
Vaxtsız-vaxtsız, aram-aram
Mən keçmişi silməliyəm.

Yalandan hey gülə-gülə,
Həsrət qaldım səsdə zilə.
Sonda qəlbim gəldi dilə,
Mən keçmişi silməliyəm.

Ümidimdir gələn sabah,
Etməmişəm heç vaxt günah.
Köməyə yet, nolar, Allah,
Mən keçmişi silməliyəm.

Ömrü-günü etdim tələf,
Hey göründüm qəmə hədəf.
Dırnaq getsə, göynər sədəf,
Mən keçmişi silməliyəm.

Əli, daha olma bədbin,
Sevinc saçsın, gülsün qəlbin.
Xoşbəxliyin tapıb rəngin,
Mən keçmişi silməliyəm.

Rəsmdəki təbəssüm

Bir rəssam tapmıram hələ, əzizim,
Ağ kağız üstünə çəkə rəsmini.
Üzünü tutmasın incə tellərin,
Rəsmdə canlansın olduğun kimi.

Fırçanı götürüb qara boyanı
Bəxtinə çəkməsin, saçına çəksin.
İncə gözlərinə çatdığı zaman
Fırçadan sakitcə əlini çəksin.

O qara gözləri qoy özüm çəkim,
Toxunum nöqtətək incədən incə.
Allaha yalvarım, rəsm bitməsin,
Rəsmlə dərdləşim sakit ölüncə.

Çəkim dodağını, çəkim üzünü,
Yanağın üstündə nazın, qəmzəsin.
Rəsmin söhbət etsin mənlə bir qədər,
Ürəyim sinəmdə əssin, titrəsin.

Sevgisin tabloda tapan adamam,
Üz-üzə gülmədik sənlə bir kərə.
Rəsmdən gülüşün çəkilən günü
Mənim də ruhumu apar göylərə.