.....

.....

Qadın – Arzu Əyyarqızının şeirləri

Qadın – Arzu Əyyarqızının şeirləri

Qəm dəryası

Batmışam dünyanın qəm dəryasına,
Boğulur arzular göz yaşlarımda.
Sevincin dadını unudub qəlbim,
Kədərdən ağarıb lap qaşlarım da.

Qəlbimi bürüyən nalə səsindən
Yorulmuş ruhumun qulağı batır.
Qəhərlə boğduğum o iç səsimi
İnsan düymasa da Allaha çatır.

Bəlkə də sıxılıb sətirlər məndən,
Qəlbimdən uçaraq vərəqə qonur.
Ay Arzu, od tutub qələmin indi,
Dərdin ocağında çırthaçırt yanır.

Qadın

Əlləri qoynunda, gözləri yaşlı,
Taleyin qınayıb üzülən qadın.
Küskündür həyatdan, ümidi sönük,
Saçına dənləri düzülən qadın.

Gözündə vüsalın naləsi qalmış,
Həsrəti bələyib qoynuna almış,
Ölən arzuların laylasın çalmış
Dərdi şeirlərdə çözülən qadın.

Sınmış qürurunun yanar oduna,
İstəməz söz gəlsin təmiz adına.
Çatmaz heç kimsəsi, çatmaz dadına,
Sıxılar künclərdə büzülən qadın.

Şairin

Sözləri ələyər söz xəlbirindən,
Tükənməz söhbəti, sözü şairin.
Misrasi od tutar, ruhu alışar,
Sönməz ocağında közü şairin.

Enişdir, yoxuşdur şairin yolu,
Cibləri boş olar, ürəyi dolu.
Onun var-dövləti imzasi, qolu,
Hər zaman tox olar gözü şairin.

Dünyanın rəsmini söz ilə çəkər,
Alışan qəlblərə sanki su tökər.
Bəzən yazdığıni ovcuna bükər,
Oxumaz, utanar üzü şairin.

Sözü sahibini qilinctək kəsər,
Deməyə qorxduğu sözündən küsər.
Dönər firtınaya, küləktək əsər,
Sovurar özünü özü şairin.

Gözləri yol çəkər, xəyala dalar,
Özü köçüb gedər, sözləri qalar.
Sanma ki, hər yazan bir şair olar,
Sözüylə görünər izi şairin.

Yamaq adam

Özü, sözü kasıb, köhnə,
Özgəsinə yamaq adam.
Çirk-çamura bələnmisən,
Heç olmayır yumaq, adam.

Bəxtin qara, işin fırıq,
Yox mənliyin bircə qırıq.
Ayaqlara oldun çarıq,
Ay əllərdə çomaq adam.

Tülkü kimi girdin hinə,
Lap yazığım gəlir sənə.
Cılızlaşıb gündən-günə,
Olub bircə yumaq adam.

Bu yaşamaq deyil axı,
Sənə rişxənd edir çoxu.
Öz ömrünə vurdun oxu,
Haramla kef-damaq adam.

Döz

Nə qədər olsa da çətin işlərin,
Bir az səbir elə, döz, ağrın alım.
Sahmana salmaqçün dağınıq ömrü
Ələfin düyünün çöz, ağrın alım.

Hər zülmət gecənin bir sabahı var,
Dada yetişəndir o pərvərdigar.
Olsa da bu geniş dünya sənə dar,
Qoyma ki, bükülə diz, ağrın alım.

Dərdin şələsini çatıb çiyninə,
Geyindin səbirdən libas əyninə.
Çox fikir-xəyalı salma beyninə,
Qoy səni yaşatsın söz, ağrın alım.