Vüsal Böyükağa oğlu Ağayev 1983-cü ildə Sumqayıt şəhərində anadan olub.
2000-ci ildə general Məhəmməd Əsədov adına Sumqayıt şəhər 20 saylı tam orta məktəbi bitirib.
Məktəb illərindən şeir yazmağa başlayıb.
Şeirləri “Abşeron”, “Möhtəşəm Azərbaycan”, “Haqqın sədası” qəzetlərində, “Ulduz”, “Azərbaycan”, “Xəzan”, “Azad qələm”, “Yurd” jurnallarında; “Xarı bülbül”, “Mənim Vətənim”, “Xocalı harayı və əsirlikdən gələn səs”, “Anasız-atasız, dünyam”, “Cahana sığmazam”, “Ağsu Yazarları”, “Yeni Uğur”, “Gələcəyə doğru” poeziya antologiyalarında yer alıb. Həmçinin, İraq-Türkmən vilayə-tinin “Aksu” qəzetində və jurnalında yayımlanıb.
“Qafqaz Media” İctimai Birliyi tərəfindən İlhamlı Azərbaycan “DÖŞ NİŞANI” medalına layiq görülüb.
“Türkmən Ədəbiyyatçılar Birliyi”nin, “Ağsu yazarları” Ədəbi Birliyinin, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin üzvüdür.
Ədəbi təxəllüsü: VÜSAL AĞA
YAŞA, AZƏRBAYCANIM!
Günəşin doğan yeri,
İgidlərin qan yeri.
Bu millətin şan yeri,
Yaşa Azərbaycanım!
Bu məğrur çağın ilə,
Bu dürr torpağın ilə,
Ucal bayrağın ilə,
qoşa, Azərbaycanım!
Tarix yazdı igidlər,
Düşmənə dağ çəkdilər.
Gəldi müsəlləh əsgər
Cuşa Azərbaycanım.
İllərdir ki, bu yuxu,
Şükür ki, bitir axı.
Dəyir düşmənin oxu
daşa, Azərbaycanım!
Analar rahat yatır,
Düşmənin səsi batır.
Qələbəylə il çatır
başa Azərbaycanım
Yaşa Azərbaycanım!
QADIN
Qadın da hardasa şeir kimidir,
Gözəl misraları, hecaları var.
Hərdən məftun edən sehr kimidir,
Hərdən də içində acıları var.
Baxar ürəyinin gözüylə qadın,
Görər ürəyindən gəlib keçəni.
Yüz fikir gətirər özüylə qadın,
Şeir tək yatmağa qoymaz gecəni.
Elə bil ruhuna hopar qəflətən,
İlham pərisidir gəlib, bəlkə də.
İncitsən, ömründən qopar qəflətən,
Görərsən ruhun da ölüb, bəlkə də.
Qadın nəfəsində yatır söz ruhu,
Ən gözəl təşbehdir qadının səsi.
Bəlkə, qadınlardır sözün Allahı,
Bəlkə, qadınlardır sözün qibləsi.
DARIXANDA
Dilim istər acı dada,
Gəlir mənə bəla, qada.
Xatirələr düşür yada,
Sənsiz qalıb darıxanda.
Dünyam tamam başqalaşır,
Canım özümə yadlaşır.
Sevinc məndən uzaqlaşır,
Sənsiz qalıb darıxanda.
Düşündükcə rəngim solur,
Qəlbimə qəm, qüssə dolur.
Hər sözüm bir şeir olur,
Sənsiz qalıb darıxanda.
Dərd əlindən yanır üzüm,
Nurdan düşür, görmür gözüm.
Nə gecəm var, nə gündüzüm,
Sənsiz qalıb darıxanda.
Alovlanıb od oluram,
Dərd səpən fəryad oluram.
Özümə də yad oluram,
Sənsiz qalıb darıxanda.
“YOX” demə.
A könlümün sevinci,
Söz demədim ki, inci.
Dedim könlün açılsın,
Yoluna nur saçılsın.
Sən bir bağçanın gülü,
Mən də onun bülbülü.
Uzadım tut əlimi,
Açım sənə qəlbimi.
Həyat məni aparır,
Gəncliyimdən qoparır.
Dur yaxına gəl quzum,
Köksümə sığmır arzum.
Həsrətinlə hər gecə,
Çalıram teli incə.
Mizrab gətir vur telə,
Qəlbimi gətir dilə.
Onu nizamla, köklə,
Arzundursa, çək zilə.
İstəyirsən düş bəmə,
Amma mənə “YOX” demə.
YUXULARIMIN GERÇƏKLİYİ…
Nə fırtınalar öldürdü,
Nə yanğınlar söndürdü bu ürək.
Özümü itirdiyim yerdə tapdım səni…
Tükəndiyim yerdə tutdun taqətimin əlindən.
Sən qarşıma çıxandan,
Gözlərinin qucağında
Baxışlarınla sevdim həyatı…
Qaranlıq dünyama işıq kimi süzüldün…
Sevgimin yaxasına mirvaritək düzüldün…
Ürəyinin saflığında qüsullandı hisslərim.
Ama gəlişin soyuq qış günəşiydi…
İlıq nəfəsimlə isitməyə çalışdım şəfəqlərini,
Aramızdaki məsafələr qoymadı tutam əllərini…
Xəyallarımın ağrıdığı yerdən cücərdi həsrətin…
Səbrimə sığınıb
Yaz kimi gəldin qış ömrümə…
Amma nə yaxşı gəldin…
Yazdığım şeirlər də,
Qurduğum çümlələr də
Yetərsizdi, yetərsiz…
Ürəyimi isidən sənin ilıq səsindi
Bu sevgimə can verən həzin nəvazişindi
Bəlkə də bir yuxuydun
Hicranı həsrət dadan
Oyanmağa qorxduğum
Gerçəyi xəyal adam…
Əgər bir gün… nə vaxtsa
röyalarımdan itsən,
Bir yolluq məndən getsən
Bu yuxunun bağrında eşqi edam edərəm.
Səni tapmaqçun yenə
mən yuxuya gedərəm.
MƏNİM OLAN SƏN…
Qəlbimdəsən, qəlbimdə…
Lap dərinliyində…
Elə gizlətdim ki səni,
Əllərimi telindən,
Adını dilimdən… elə gizlətdim ki…
Orda sadəcə sən varsan, sən…
Var olduğunu bilənlər də
səni bilirlər, məndə olan səni yox…
Xəyallarım yetər səni mənə gətirməyə,
Yoxluğun yetər varlığımı bitirməyə…
Gözlərimi yumsam yetər səni görməyimə…
Sən demə
böyüklüyünə qucaq açacaq qədər
Böyükmüş ürəyim..
Sən sahib olduğum ən böyük varlıq,
Mənim tək doğrumsan…
Sarı saçlarında gülümsəyərək payız,
Səndən yazanda çiçək açar kağız…
Dupduru sudur gözlərinin aynası,
Xoş gəlmisən ömrümə ay qəlbimin sonası…
Sən ömrün baharısan!
Sən sevgi şüarısan!
Vüsalın ürəyində əbədi qalasısan…
O KÖRPƏNİ ÇOX AXTARDIM…
Təkliyim ən vəfalı dostum imiş…
Hər kəsdən daha sadiq,
Hər kəsdən daha dürüstmüş demə…
Harda olsam,
Hara getsəm mənimlədir…
Doğulduğum günü xatırlamıram…
Xatırlasam böyük olardım…
Tapsam soruşacaqdim,
O körpədən
Qəlbini bu dünyaya niyə bağladın?!
Elə ilk gündən niyə ağladın?
Soruşacaqdım ki,
Soyuqmu vurdu ümidlərini?!
Xəyalların
sabun köpüyü kimi haçan əridi?!
Haçan itdin alnının xəritəsində?!
Ağ saçları
Baş üstünə haçan ucaltdin?!
Zamanın sürgünündə
O körpəni haçan qocaltdin?!
İllərin saxlancında
Hələ də hıçqirir o körpə…
Bəlkə qonşu qızının
İlk eşq ağrısıyla,
Elə o gündən
Yıxlib dizini qanadan,
Dərisini günəş qaraldan
O uşaq içimə sığındı?!
İndi
Bir ana siğalı gəzir
İlk sevginin göz yaşını silməyə,
Gözlərinə gülməyə
Bir ana sığalı gəzir…
Onun yaddaşında
Dəryalar balığa,
Tənliklər qalığa
Uşaqlığı qocalığa uduzub…
Anasına çiçəklər toplayan
Bapbalaca əlləri
Neçə ildi
Ağzına sıxmağa sus payıdır,
Neçə ildi
udqunur sözünü,
Neçə ildi,
İçimdə kilidləyib özünü…
Gəncliyi təkliyinə yoldaş
Ümidsizliyinə sirdaş,
Güvənsizliyinə qardaş olub…
Haçansa
Uşaqların uçurduğu çərpələnglərin
Düyünü açılsa
Onda azad olub yenidın doğulacaq
İçimdəki bu uşaq…
Və göy qurşağından
Gülüşlər toplayacaq
Anasına…