.....

.....

Qalanı xatirədir – Baba Vəziroğlu

Qalanı xatirədir – Baba Vəziroğlu

Xatirədir

Yenə yanır bu ocaq,
Yanıb, külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı xatirədir…

Qar yağır narın-narın,
Üzü gülür dağların.
Bu yaşıl yarpaqların
Solanı xatirədir…

Ay çəmənin çiçəyi,
Niyə soldu ləçəyin?
Bu dünyanın gerçəyi,
Yalanı xatirədir…

Niyə çıxdıq yola biz,
Coşub-daşır bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir…

Xəyaldı, yoxsa yalan,
Gəlib keçdi nə zaman?
Sevginin ömrü bir an,
Qalanı xatirədir…

Çıx qatar yoluna

Çıx qatar yoluna bahar gələndə,
Mən sənə çiçəkli bahar göndərim.
Vüsal meyvəsindən dada bilmədik,
Sənə hər meyvədən nübar göndərim…

Çıx qatar yoluna payız olanda,
Uçan durnalarla salam yetirim.
Çıx qatar yoluna qaş qaralanda,
O qərib axşami , qəmi itirim…

Çıx qatar yoluna külək əsəndə,
Dağılan saçını darayım sənin.
Çıx qatar yoluna, səni itirsəm,
Bilim ki, mən harda arayım səni…

Çıx qatar yoluna yağış yağanda
Başının üstündə çətir tutaram.
Çıx qatar yoluna, elə özüm də
Mənzilə yetməyən qərib qataram…

Çıx qatar yoluna hər axşam, səhər,
Çıx qatar yoluna, məni qarşıla.
Bəlkə bir ömürlük çəkdi bu səfər,
Mən gələ bilmədim, məni bağışla…

Sevgi ayrılıqdan güclüdü, vallah

Mən uzaq səfərə yol alan gəmi,
Səni tərk edirəm bir liman kimi.
Qorxma ayrılıqdan burax əlimi,
Sevgi ayrılıqdan güclüdü vallah.

Dünyada nə qədər sevgi var bil ki,
Sən mənim dilimin əzəli, ilki.
Qorxma ayrılıqdan ölüm deyilki
Sevgi ayrılıqdan güclüdü vallah.

Sən hələ bilmirsən ayrılıq nədir
Hər səfər könlünü sıxır inlədir.
Ayrılan cisimdir, ruh səninlədir
Sevgi ayrılıqdan güclüdü vallah.

Sənsiz həyat deyil ömür gün mənə,
Tək sənsən ürəkdən yanan sən mənə.
Qorxma ayrılıqdan inan sən mənə,
Sevgi ayrılıqdan güclüdü vallah.

Qorxu intizar var ağlar gözündə
Neçə yalvarış var bircə sözündə.
Bir gün biləcəysən elə özün də
Sevgi ayrılıqdan güclüdü vallah.

Nə fərqi yaxınam yada uzağam
Hələki səninəm nə qədər sağam.
Ölsəm o dünyadan qayıdacağam
Sevgi ayrılıqdan güclüdü vallah.

Göz yaşı əbəsdi çıxıb gedəcəm
Könlümü odlara yaxıb gedəcəm.
Mən sənə, hamıya sübut edəcəm
Sevgi ayrılıqdan güclüdü vallah.

Bilirəm tək yanan mən olacağam

Bu da son ayrılıq son dayanacaq
Qismətin əlindən biz hara qaçaq.
Günah kimdə oldu – bilmirəm ancaq
Bilirəm – tək yanan mən olacağam

Bilmirəm – sevincdən ya qəmdən oldu,
Bilmirəm dumandan, ya çəndən oldu.
Bəlkə də ayrılıq, tək səndən oldu,
Bilirəm – tək yanan mən olacağam.

Niyə ayrılırıq, hara gedirik,
Vurub qəlbimizə yara gedirik.
Bəlkə ikimiz də günah edirik,
Bilirəm – tək yanan mən olacağam.

Bəlkə bir yuxuydu – oyanmalısan,
Bəlkə, geri dönüb dayanmalısan,
Cəhənnəm oduna sən yanmalısan
Bilirəm – tək yanan mən olacağam.

Min günah elədin sən dönə-dönə,
Bağışladım səni, sınadım yenə.
Yenə də, yenə də sənin xətrinə.
Bilirəm – tək yanan mən olacağam.