Ölüm
PROLOQ
:Səni geri gətirməz … Qəbrin üstə ha deyim
-” Ölümünü sevmədim, ölümünə sevdiyim!…
Dodağımla götürdüm kirpiyinin tozunu,
Titrədi dodaqlarım sənin əllərin kimi.
İçimdəki sevginin elə çəkdim nazını
Sənin yoxluğun belə ,incitmədi qəlbimi..
Göz yaşıma qoşulub indi narın yağışlar,
Öpür məzar daşının narın tozundan sənin.
Bilmədim gözdən öpmək ayrılıqdır, bağışla!..
Göyün hansı qatında öpdüm Gözündən sənin?..
Göydən düşdü ayrılıq qismətimin belinə
Bükdü mənim belimi , yıxdı mənim evimi!..
Öpüşmə göz yumub təslim oldun ölümə,
Səni ölüm mələyi məndən çox sevirdimi?!
Göydə məclis qurulub – götürüb piyaləmi
İçindəki hicranı yollarına səpmişəm!.
Göy üzü sağlığına qaldırarmı naləmi?!
Mən səni gözlərindən ölümünə öpmüşəm!!..
EPİLOQ
Səni geri gətirməz … Qəbrin üstə ha deyim
-” Ölümünü sevmədim, ölümünə sevdiyim!…
DUA
Alnımıza yazı yazanda , Allah,
Qaşımızı imza atdın altına.
Bizi səpib yer üzünün üstünə,
Göy üzünün bulud tutdun altına.
Duamızı göz yaşına qataq biz,
Bulud edib başımıza tök ,Allah!
Qanadları yaş olsa quş da uçmaz
Qanadına özün sığal çək , Allah!
Sübhə qədər ağladığım duanın…
Möhdac etmə Peyğəmbərə , İmama
Sənə görə saxladığım duanı.
Nə Məkkəyə yolla məni , nə Şama.
Sənə görə mən özümdən çıxmışam,
Qoy özümə gəlim – sənə qayıdım!
Mən dünyaya axı səndən çıxmışam ,
Bu dünyadan ölüm sənə qayıdım..
“Gözüm üstə qaşım var ” , demərəm də
İmza sənin, yazı sənindir , Allah.
Mən kiməm ki ?.. – palçıqdan yaratdığın!..
Hər zərrəmin tozu sənindir, Allah!
Əlim xəzəl, ömrüm payız vədəsi,
Dualarım köçəri quşdur mənim.
Barmaq – barmaq tökülməsin ,neynəsin?!
Sən əlimi göydən yığışdır mənim …
ÖLÜM QIZI
Üzündən təmiz görünür
Suyun də ən lal axanı.
Göydə də Allahı görmür
İnsanın “yerə baxanı”
Göyün uca tərəfinə :
-Sığındım Allah əhvinə .
Qoydum xatirə rəfinə ,
Ömrün yadından çıxanı.
. Soyuqluq etmə , mız-mızı!
Gəl ,sevişək , ölüm qızı.
Sən isindir aramızı,
Mən soyundurum çuxanı .
İbadət haq rizasıdır..
Dünya ,Tanrı cəzasıdır .
Ömür , qəbir qəzasıdır
: Buraxdısa can ,yaxanı..