.....

.....

Qanqal bəyənməyir qızılgülləri – Yeganə Məmmədova

Qanqal bəyənməyir qızılgülləri – Yeganə Məmmədova

İSTƏYİR

Dərdlərim nə yaman rəngin dəyişir,
Deyəsən xoşuma gəlmək istəyir.
Azacıq sevincdən işartı verib,
Təzədən başıma gəlmək istəyir.

Bu qədər sitəmi neynəyirəm mən,
Sızlayır yaralar, göynəyirəm mən.
Dərdimi udmaqçün çeynəyirəm mən,
Bir loxma aşıma gəlmək istəyir.

Dərd məni dərdimdən yazan eylədi,
Sinəsi kədərli ozan eylədi.
Yazımı soldurub xəzan eylədi,
Üstəlik qışıma gəlmək istəyir.

HARDAN ALIM

Qurutdun saldığım gülüzarı sən,
Yenidən əkməkçün gül hardan alım?
Sovurdu küləklər yanan atəşi,
Başına tökməkçün kül hardan alım?

Titrəmir əllərim, dizlərim daha,
Sən səmtə baxmayır gözlərim daha.
Ruhumdan süzülmür sözlərim daha,
Könlünü almaqçün dil hardan alım?

Bilirəm büdrəyib yıxıldığını,
Sapından üzülüb dağıldığını.
Görürəm dəryada boğulduğunu,
Çəkib çıxartmaqçün əl hardan alım?

***

Ağzını hər açan doğrunu desə,
Eşidən ortada çaş qala bilməz.
Aqillər avama ibrət verərsə,
Gözlər gülümsəyər, yaş qala bilməz.

Həyatı dərindən qansa arsızlar,
Nə ürək ağrıyar, nə könül sızlar.
Yox olar çəkişmə, əriyər buzlar,
Bir çəpər, bir hasar, daş qala bilməz.

Qanqal bəyənməyir qızılgülləri,
Ağıldan milçəklər qovur filləri.
Qılınclar doğrasa yaltaq dilləri,
Əyilmiş bir boyun, baş qala bilməz.

OLMAZ

Tək əldən səs çıxmaz, deyib atalar,
Bir olsaq, bizlərə söz deyən olmaz.
Tamahkar qurdların başını əzsək,
Yeyib haqqımızı, döz deyən olmaz.

Sahibsiz qalanda çəmənlər, çöllər,
Nə işə yarayar dənizlər, göllər?
Sarıbdı torpağı sarmaşıq güllər,
Onların içində düz deyən olmaz.

Bu gerçək həqiqət qəlbimi didir,
Haqq olan nahaqqın badına gedir.
Atalar deyib ki, “güc birlikdədir”,
Sözün hikmətinə az deyən olmaz.

Yarımız o tayda, yarımız burda,
Birləşsək olmarıq möhtac biz qurda.
Kənardan boylansaq bu elə, yurda,
İnan ki, heç zaman biz deyən olmaz.

GƏTİRƏMMİRƏM

Elə bir zirvəyə qoymuşam səni,
Özümü yanına yetirəmmirəm.
Səni sevmək ilə günaha batdım,
Tövbəni dilimə gətirəmmirəm.

Doğru bildiyimi yalan eylədin,
Özün öz əlinlə talan eylədin,
Dərdimə su töküb kalan eylədin,
Yerində ümidi bitirəmmirəm.

Həsrətin bitməyir, yağırmış yaman,
Xoşbəxtlik kar olub, sağırmış yaman.
Baxışın zindandan ağırmış yaman,
Tükənib taqətim, götürəmmirəm.

QARABAĞA

Gəz-dolan dünyanın sağ və solunu,
Axtarıb tapmazsan tay Qarabağa.
Nə qədər gözəllik, füsünkarlıq var,
Tanrı bəxş eləyib pay Qarabağa.

Bizimdir bu Vətən, qoy hamı bilsin,
Səsimiz düşmənin bağrını dəlsin.
Sevinsin hər daşı, torpağı gülsün,
İnan ki, yaraşmır vay Qarabağa.

Tüstülən, ey baca, isinsin dam-daş,
Yenidən dəmlənsin qazanlarda aş.
Bir daha olmasın qan-qada, savaş,
Yad ayaq dəyməsin qoy Qarabağa.