Emin Ağayev
QARANLIQ SEVGİ
Sənli günlərimi saldıqca yada
Ağlayıb batıram qəmli dəryada.
Bu geniş, işıqlı, nurlu dünyada
Söndü, zülmət oldu bir anlıq sevgi,
Bizə qismət oldu qaranlıq sevgi.
Əl-ələ tutaraq xoşbəxt gəzərdik.
Dünyanı sevgiylə, eşqlə bəzərdik,
Sevgi dünyamızı qurub tikərdik,
Sökülüb puç oldu viranlıq sevgi.
Bizə qismət oldu qaranlıq sevgi.
Gözlərim yolunda qalıbdır sənin,
Yoxdur sənə oxşar, sənin bir tənin.
Hardadır, çiçəkli-güllü çəmənin?
İndi dönüb olub tikanlıq sevgi,
Bizə qismət oldu, qaranlıq sevgi.
Olmuşuq qaranlıq dünyaya sürgün,
Qaranlıq işığa çevrilər bir gün.
Arzumdur, sevənlər olmasın üzgün,
Verməsin heç kəsə peşmanlıq sevgi,
Bizə qismət oldu qaranlıq sevgi.
ATA
Gəncliyini fəda etdin yolumda,
Taqətimdin, qüvvətimdin qolumda.
Döyünmədi sanki ürək solumda.
Sən gedəni tənha qaldım, ay ata.
Ata baş tacıdır, arxa- dayaqdır.
Ata tutan əldir, gəzən ayaqdır.
Arxasız insanı kim sayacaqdır?
Sən gedəni tənha qaldım, ay ata.
Zəhmətin əvəzsiz, borcun ödənməz,
Çəkdiyin ağrılar ölçüyə gəlməz,
Sənintək üzümü kimsə güldürməz,
Sən gedəni tənha qaldım, ay ata.
Daima xoş üzlü, mehriban idin,
Hər kəslə səmimi bir insan idin,
Qəlbimi fərəhlə dolduran idin,
Sən gedəni tənha qaldım, ay ata.
ANA
Gecələr sübhəcən oyaq qalmısan,
Nazımı çəkərək layla çalmısan,
İndi baxıram ki, çox qocalmısan,
Ağaran saçına qurbanam, ana.
Hər şeyin gözəlin mənə vermisən,
Övladın ağlarkən sən gülməmisən,
Heç zaman bir kəsi incitməmisən,
O gözəl qəlbinə heyranam, ana.
Daim zəhmətinlə böyütdün bizi,
Zəhmətə öyrətdin əllərimizi,
Qoymadın əyilsin bu qəddimizi,
Hallalıq dünyana mehmanam, ana.
Anası olanlar xoşbəxtdir, vallah,
Xoşbəxtlik sizinlə olsun, inşallah.
Cəmi anaları qorusun Allah!
Sən varkən dünyada sultanam, ana.
SƏNSİZ QALDIM
Sevgilim, tərk edib getmisən məni,
Sanki unutmusan olub-keçəni.
Səninçün ömrünü heçə biləni
Atmısan səhraya, çəmənsiz qaldım,
Məcnuntək səhrada mən sənsiz qaldım.
Bilmirəm, nə zaman qayıdarsan sən,
Qayıtsan, qəlbimi ovudarsan sən,
Bu yanan cismimi soyudarsan sən,
Cismim külə döndü, bədənsiz qaldım,
Tənha bir ruh kimi mən sənsiz qaldım.
Qəlbim qan ağlayar, fəqan eləyər,
Sənsizlik qəlbimi al-qan eləyər,
Gözlərim ağlayıb üsyan eləyər,
Gözümün yaşını silənsiz qaldım,
Ağlaya-ağlaya mən sənsiz qaldım.
Aşiqin hər zaman gözləyər səni,
Sənsizlik kölgəsi izləyər məni,
Sevgisi nakamlar dinləyər məni,
Sevdiyim gedibdir, sevənsiz qaldım,
Sızlaya-sızlaya mən sənsiz qaldım.