QIRILAN QƏLB
Bir acı söz ilə qırdığın qəlbi,
Küsdürdün, yenidən ala biləsən?
Axı viran qoydun, axı uçurdun,
Qurub necə məskən sala bilərsən?
Gözümdə yurd salan dumanda, çəndə,
Saçımı bürüyən dəndə varıydın.
Heçmi düşünmədin acı sözünlə,
Qırdığın ürəkdə sən də varıydın.
Qırılan ürəyin təmiri olmaz,
Calasan üst-üstə naləni, ahı.
Səni bağışlasam, bil ki, əzizim,
Allah bağışlamaz belə günahı.
NAĞILLAR
Mənim heç doyulmaz nağıllarım var,
Xatirəm mürgülər gecələrində.
Nağıl dünyasından qopub gəlmişəm,
Sərgərdan gəzirəm küçələrində.
Mənim nağıllarım yuxu gətirməz
Yuxunu əlindən alıb gedərlər.
Simurq qanadında göyə götürməz.
Könlünə izlərin salıb gedərlər.
Hər biri vüsalla bitir sonunda
Ayrılıq sözünü bilmir nağıllar.
İzin ver, yaşayım nağıllarında,
Mənim sevgim kimi ölmür nağıllar.
ÇAĞLAYAR ŞAİR
Arzuyla oyanıb xəyalla yatar,
Hamıdan gizlincə ağlayar şair .
Sirrini heç kimə açıb- ağartmaz,
Qəlbini gizlicə dağlayar şair.
Tablayar həyatda dərd adlı yükə,
Taleyi bir anda asılar tükə,
Ömrün oyununda dönər müdrikə,
Ahıllıq yaşını haqlayar şair.
Yarar zülmətləri könlünün şamı,
Baxar söz mülkünə həsədlə hamı,
Sabaha heç zaman itməz inamı,
Hər zaman ümidlə çağlayar şair.
Nakam sevgisinin gözü yaş olar,
Qızı yaz olmamış yazı qış olar,
Qəlbində vüsalın yeri boş olar,
Qəlbində bir həsrət saxlayar şair.
Daim haqsızlığın yanar oduna,
Bir ləkə gətirməz şair adına ,
Qiyamət gününü salıb yadına,
Nəfsin qapısını bağlayar şair.
DARIXMAQ
Yenə cığır saldı misralarıma,
Ən şirin kəlməyə döndü darıxmaq.
Bir qərib sevgiyə həsrət könlümün,
Susan fəryadıyla dindi darıxmaq.
Coşub damarımda qan kimi çağlar,
Hicranı vüsalın sehrinə bağlar.
Dərdimi qəlbimin diliylə ağlar,
Közərən oduma yandı darıxmaq.
Ağrıma qol açıb çəkdi özünə,
Göz yaşım göllənib axdı gözünə,
Üz qoydu ruhumun soyuq üzünə,
Üşüdü, titrədi, dondu darıxmaq.
Uzaqdı sonuncu görüşə kimi,
Amansız bəxtimlə döyüşə kimi,
Baxıb son halıma bir şüşə kimi,
Darıxıb, darıxıb sındı darıxmaq.
VƏTƏN
Gah qərbə bölündü, gah da cənuba,
Döndü kölgəsinə ağrı Vətənin.
Nə qədər gələcək Şəhid xəbəri?
Nə qədər yanacaq bağrı Vətənin?
Otuz il Qarabağ həsrəti çəkdi,
Özündən özünə əli çatmadı.
Qırx dörd gün çox dərdi şəfa tapsa da,
Xocalı yarası qaysaq tutmadı.
“Gülüstan” qılıncı elə böldü ki,
Bulağı qəribdi, kəhrizi qərib.
Bir yanda Göyçənin gözü yol çəkir,
Bir yanda Dərbəndi, Təbrizi qərib!