Qırmızı…
Hələ dünyaya gəlmədən ,qırmızıya bulaşdıq…
Sonra elə nədənsə,
Ağlasaq da,gülsək də,
Qızmızıya dolaşdıq…
Toyumuz da,yasımız da,qırmızıya bələndi…
Gözümüzdə gah şirinlər, acılar ləpələndi…
Ay ulduz da ,bayrağımın bətnindəki qırmızıdan doğuldu…
O ay-ulduzu doğmaqçün ,
Ərən-ərən ömürlər, qırmızıda boğuldu…
Biz dünyanın mavisində yuyunsaq da,
Sarısında ovunsaq da,yaşılında qorunsaq da,
Ağında ləkələndik,ağında qaralandıq,
Rənglərin savaşında,qarayla durulandıq…
Gilələnib nar kimi,səpələndik torpağa,
Soyudu qırmızımız,qarışdıq qara bağa …
Sonra…Sonra…
Sinəmizə baş qoydu , qan rəngi qərənfillər,
“Dünya səni çağırır”, müjdəsini verdilər…
Biz o gündən dünyanın hər rəngiylə barışdıq…
Yenidən var olmaqçün, qırmızıya qovuşduq…
Bir eşq qayığın varıydı,
Qəlbim onun avarıydı,
Səbrim qala divarıydı,
Sındırdın adam,sındırdın…
Necə dəyişək keçmişi?
Olan işi,bitən işi,
Bəxtinə doğan günəşi,
Söndürdün adam,söndürdün…
Gəl axtarma ötən dəmi,
Çox daddırdın dərdi,qəmi,
Sən öz könlünə həmdəmi,
Öldürdün adam,öldürdün…
Ya Rəbb,qeyzlənmə cəsarətimə …
“Böyüksüz ev olmaz !”-Sən buyurmusan…
Bu dünya evini bəs niyə özün ,
Yiyəsiz qoymusan,yetim qoymusan ?!
İşləyib qanına insan oğlunun,
Nə üçün bu qədər naqis əməllər …
Niyə bir-birinin qanını içir,
Həvvanın döşündən pak süd əmənlər ?!
Ya Rəbb ,qeyzlənmə cəsarətimə …
İnsan taleyini özün qurmusan ?!
Məsum körpələrin əcəl möhrünü,
Qəsdənmi yarımçıq-nakam vurmusan ?!
Bu necə müəmma ,bu necə sirdir ?!
Zalım cibindədir, məzlumun ahı …
Hanı göz yaşında canı qovrulan ,
Məsum körpələrin ,qadir Allahı ?!
Dərgaha çatmırmı bu qan qoxusu ?!
Qanı qan yuyursa,nə üçündü su?
Yoxmu ürəklərdə Tanrı sevdası,
Yoxmu ürəklərdə Tanrı qorxusu?
Sünidi,saxtadı bütün sevgimiz,
Hərrac bazarına dönüb evimiz …
Kim kimdən bacarır çəkib qoparır !
Bu mənfəətbazlıq ,burulğan kimi ,
Bəşəri şeytana- şərə aparır …
Ya Rəbb,qeyzlənmə gileylərimə …
Hər qövm, səni bir adla səsləyir …
Ya” Boq “,ya “Qrişna “,ya “Budda “deyib ,
Məzlumlar bir səndən imdad istəyir …
Ya dağıt bu evi ,Suru dilləndir ,
Qoy bitsin bu vəhşi heyvan sərgisi ,
Ya ,xain qəlblərə nurundan endir ,
Yaşasın cahanda insan sevgisi !
Ya batır günəşi doğduğu yerdən ,
Təbiət zülmətə ,zülmə bürünsün …
Ya da bir möcüzə göndər dünyaya,
Körpə gülüşləri ərşə ünülsün !
Siz,ey gecə-gündüz,ucalan şahə buludlar ,
Fəth eyləyən ümmanları , səyyahə buludlar…
Çirkablı günahlar da,səvablar da bizimdir…
Siz tab eləyirsiz bu qədər ahə ,buludlar …
İblis elə tüğyan eləyir, burda məkrsiz,
Yoxdur yer üzündə bir ovuc sahə, buludlar…
Gözlərdən axan qəmləri illərdir içirsiz,
Bir çarə qılan yoxmu bu eyvahə ,buludlar ?!
Zalımlara meydan,qoca dünyadır əzəldən ,
Qalmış yenə yaltaq ilə məddahə ,buludlar…
Acgöz dərəbəylər,qaniçən kinli köpəklər,
Gəlməzmi görən bir kərə islahə,buludlar?!
Mən bəndəsinin bəlkə də çatmaz ona ərzi,
Lütfən ,yetirin naməmi dərgahə,buludlar …
Axşam yetişir ,Fatimənin qəlbinə xatir,
Bir ləhzə salam söyləyin,ol mahə buludlar …