***
Sən mənim xətrini əziz bildiyim,
Gözümün qarası, ağısan, ay qız!
Ürəyin həsrəti, könlümün yarı,
Qəlbimin hicrandan dağısan, ay qız!
Mən sənə bağlanmış, sənə vurulmuş,
Eşqinlə, sevginlə axıb, durulmuş,
Dilindən ürəyi sınıb, qırılmış,
Sən mənə düşmənsən, yağısan, ay qız!
Tək sevgim, tək eşqim, tək məhəbbətim,
Vüsalın olubdur, acı möhnətim,
Sən mənim ilhamım, pak bədahətim,
Şeirimin ən gözəl çağısan, ay qız!
Ömrümün ən gözəl zamanısan sən,
Sevgi zirvəsinin dumanısan sən,
Qismətin məhəbbət umanısan sən,
Şairin barverməz bağısan, ay qız!
***
Sən ey məni sevən gözəl, arzumdu,
Bu sevgiylə yaşın keçsin, əl əssin.
Saçlarından bir tel qopa, qorxumdu,
Aman gündü, bir küləkdə tel əssin.
Meh də səndən uzaq keçsin, dəyməsin,
Toz qaldırıb, qaşlarını əyməsin,
Birdən açar, gödəkçənin düyməsin,
Hünəri var, qoy yanından yel əssin…
Bil üstündə olacağdır, hey gözüm,
Bir Allah qorusun səni, bir özüm,
Bir gün Qismət görüşə yox, əzizim,
Çalış, vuruş evimizə tələssin.
***
Silib gözlərimi , baxdım üzünə ,
Əllərin uzanır , əlimə sarı .
Məlhəmim bir ovuc , pak məhəbbətin ,
Adın nəfəsimin , son xilaskarı .
Süzgün baxışların – çiskinin , çənin ,
Ələyər leysanı – qəzəbin sənin ,
Meh olam yerində – həmin şanənin ,
Ahəstə darayam , şumal saçları .
Sənin adındadır , göylərə pənah ,
Əmrin altdadır , həm Günəş , həm Mah ,
Məhşurluq qazanıb adınla Allah ,
Axtaran əlini açar , yuxarı …
Simandan bəllidir adın , hörmətin ,
Əsla tükənməyər arın , ismətin ,
Möhürlə düşmüsən sən bu Qismətin ,
Alnına yazısan , ömrünə yarı .