.....

.....

Qızım – Əfsanə Rəvanın şeirləri

Qızım – Əfsanə Rəvanın şeirləri

Qızım

Söyləmə sirrini, heç kəsə qızım,
Qoru ürəyini, yadlar içində.
Heç kimin dərdinə-sərinə yanma,
Sonra neyləyərsən, odlar içində.

Yıxılsan əlindən tutanın olmaz,
Saxtadı, yalandı, boşdu adamlar.
Bir az gülümsəyib, “can” desən əgər,
Görərsən həddini aşdı adamlar.

Üstündə vicdanı olmayan kəslər,
Hələ sığal çəkər saçına hərdən.
Səni and verirəm saf ürəyinə,
Çaşıb, o sığala aldanma birdən.

Dünyadan böyükdü sənin ürəyin,
İçində dərd-qəmi yaşatma qızım.
Ömrümü, ömrünə qurban edərəm,
Bircə gözlərindən yaş atma, qızım.


Güllərin öpüşün arılar bilir,
Ağacın dərdini payızdan soruş.
Sevənin ürəyin ağrılar bilir,
Bir də ağrıları bu qızdan soruş.

Gələndə özünlə günəşi gətir,
Soyuq havalara qıyma əlimi.
Bir qucaq dolusu bağrına basıb,
Əllərindən ayrı qoyma əlimi.

Ömrüm qışa düşüb, yazımsan axı,
Varımsan, çoxumsan, azımsan axı,
Könül səndən ayrı xəzanlar bağı,
Sən mənə bir ömür lazımsan axı.

Gəl, gözünə qurban gəl ee, bəsimdir
Bu qədər həsrətə div də dözməz ha.
Gəl ee, sənə eşqdən danışım hər gün,
Belə ayrılığı ələk süzməz haa!

Nə vaxtı gəlirsən qurban olduğum?
Gözümü yoluna dikib yorduğum…


Qayıtmayanda bildim.
Bildim ki, vicdanını
itirmisən hardasa.
Bağışlama özünü,
Gözlərin gülən zaman
ürəyin qan ağlasa.

Güya nə fərqi var ki,
Sən yaşayan şəhərin,
Mən yaşayan şəhərdən.
Bircə bunu biləydin,
Vallah sayılmır amma
qaçıb getmək, zəfərdən.

Bir küncə qısılaraq,
Ağladığım gecələr
Sənə, son ahım olsun.
Elə dediyin kimi,
Bu sevgi sənin səhvin,
Mənim günahım olsun.



Bitdi aramızdakı,
Sevginin haqq savaşı.
Sənə, sən boyda qürur,
Mənə kədər yaraşır.

Bir dəfə axtarardın,
Əgər xətrim vardısa.
Yəqin məndən uzaqda,
Bəxtəvərsən hardasa.

Divarları çat verdi,
Sənlə tikdiyim evin.
Oturub halımıza ,
Mən ağlayım, Sən sevin.

Gəlib sənə də çatar,
Uçuq evin sədası.
Mənə bir şey olmaz e,
Qorxuram, xatirələr
Üşüyəcək qadası.


Darıxsaydın gələrdin

İki yolun ayrıcında qalmısan,
Yoruldumu ümidlərin de, bilim.
Hərdən birdən yazırsan ki, “darıxdım”
Sözdür vallah deyirsən də, nə bilim.

Həsrətini məndən yaxşı çəkən var?
Sənin qədər sevilsəydim ölərdim.
Hisslərimdə yanılmıram biləsən,
Deyirəm ki, darıxsaydın gələrdin.

Bir də kimi sevərəmki sən qədər,
Bir də kimə aldanacaq ürəyim.
Qiymaram ki, gözlərini unudam,
Sən unutdun? sağ ol, var ol, nə deyim.
…..