.....

.....

Qoru alnındakı öpüş yerimi – Elməddin Nicat

Qoru alnındakı öpüş yerimi – Elməddin Nicat

GİRİŞ QADAĞANDIR…

Bütün ayrılanlar sarı işıqda,
Söndürüb gediblər işıqforları.
Qol-qola, yan-yana gözləri gülən,
Xoşbəxtlər çoxuydu… uşaq vaxtları…

İntizar yolunda “dayan” siqnalı,
Həsrət də bu ömrə “yolver” deməkdir.
Artıb talelərdə avtoqəzalar,
Yaxşısı yanlışa yol verməməkdir.

Piyada keçidi-ağlı, qaralı
Bizim yaşamağın kordioqramı.
Nə ömürlər kəsdi yol ayrıcları,
Döngələr qətl olmuş sevgi dramı…

“Giriş qadağandır” yazılıb ora,
Bura kim qoyubdur bu sərhəddi bəs?!.
Geriyə dönməyin cərməsi baldı,
Gözə almısansa “qoşa xətti” kəs.

Əlində bərk saxla tale sükanın,
Pozulsa, düzəlmir yol qaydaları.
Ürəklər şəhərdi, küçələrində
Gəzir duyğu adlı piyadaları…

Butün ayrılıqlar sarı işıqda,
Sönülü qoyublar işıqforları…

ÖMÜR OLMUR…

Adamlar ayrılanda
Daş olur, dəmir olmur.
Günü günə calayır,
Yaşayır, ömür olmur…

Xəyal dönür əlçimə,
Qoşulur qu köçünə.
Çiliklənir içinə
Ayrı səs-səmir olmur…

Hər varaq bir lələyə
Az qalır ki, ləliyə…
Sındırılmış ürəyə
Yüz çalış, təmir olmur…

PİANOÇU

Toxundur barmaqlarını
Pianonun ağ-qara dillərinə.
Dəyişim könlümün səcdəsin,
Qiblə kimi boylanım əllərinə.
Ruhuma sakitlik çöksün,
Getsin uzaqlara xəyallarım…
Yollara səpilim duyğular kimi.

Yubanma, Pianoçu…
İçim çölümə daşır.
Bəyaz, incə barmaqların
Pianonun sinəsinə necə gözəl yaraşır…

Yaxşı ki, saçlarımda
gəzişmir şümşad əllərin,
Saçlarımın canı nə gəzir
Qaldıra bu boyda EŞQi ürəyim kimi.

Pianoçu, könlümü çaldın axı,
Nə idi ki, bu şairin günahı…
Pianoçu, nə idi axı?!!…

GETDİM DEMƏ…

Getdim demə, getməyin
Düşər düşməzi olur…
Döydüyü bir öz başı,
Bir də, öz dizi olur.

Getdim demə ha… qəti,
Bitər ömrün taqəti.
Ayrılığın niyyəti-
Həsrətin gözü olur.

Ağrısı çox göynəyin,
Qan qoxuyar köynəyin.
Əkdiyin dərd ürəyin
Laləli düzü olur.

Rəngi qaçır gül üzün,
İçim qəbir, gül düzün.
Kirpik altda hər gözün
Dəli dənizi olur…

Sönər nuru odamın,
Dövrü başlar edamın.
Yarı gedən adamın
Gecə-gündüzü olur?!!!

YAĞIŞLI AXŞAMIN ŞEİRİ…

Mən Tanrının dilindən,
Düşən sonuncu səsəm…
Gərək ki, bu sevdanın
Üstə yarpaqtək əsəm…

Mən bir ayrı şeirdim,
Dindim yağış dilində…
Ruhum canın gəzdirir
Duyğuların əlində…

Sən eheyy… uzaq qadın,
Çıx göyə, adımı çək…
Əlini qoy qaşına,
Ulduzlar görüşəcək…

Bu axşam da bir yağış
Döyəcləyir aynamı…
Eh!!! Neyləyim, saçların
Əllərimdə oynamır…

Uzaqlardan yol çəkən
Gözüm dolub, islanıb.
Ruhuma sığal gərək,
Durum gedim islanım…

SƏNİ BELƏ GÖRMƏK ARZULAMIRDIM…

Yanar gözlərində soyuq su qalıb,
Rəngin avazıyıb, halın sozalıb.
Səsini eşitdim, yaman qocalıb,
Səni belə görmək arzulamırdım…

Xeyri yox bu payız yağışlarının,
Soyuğu sərt olur baxış qarının.
Qırışı çoxalıb baxışlarının,
Səni belə görmək arzulamırdım!

Bir ümid üzüldü öz budağından,
İşıqlar kəsildi can otağından.
Gülüşlər perikib dil-dodağından,
Səni belə görmək arzulamırdım…

Səni belə görmək-nə deyim vallah-
Bir az savab oldu, bir az da günah.
Arzumu günaha yozmasın allah,
Səni belə görmək arzulamırdım…

Bir ömür yaşadım bilməm, nə idi,
Ağrısı, acısı ayrı şey idi…
Yaddaşım süst düşdü, ağlım keyidi,
Səni belə görmək arzulamırdım…

Bu nə ağır qəmdi, gözlərin gülməz,
Sənin o halını görməyən bilməz.
Səni belə görmək ağlıma gəlməz,
Səni belə görmək arzulamırdım…

Alınıb taxt-tacın itib şahlığın,
Hanı elədiyin o allahlığın.
Nəyimə gərəkdi quru sağlığın?
Səni belə görmək arzulamırdım…

Sənə bir ömürlük arzu ayırdım,
Zənn etdim olarmış arzuyla yardım.
Mən sənə nələri arzulayırdım,
Səni belə görmək arzulamırdım…

Pərişan boylanır xatirə hərə…
Könül yanıb EŞQə xatir nələrə…
Bir toyluq toy tutdun xatirələrə,
Səni belə görmək arzulamırdım…

Darıxdı ürəyim ovcumun içində
sərçə balası kimi…
Çırpındı qum üstə susuz qalıb
partlayan balıq misal…
Şıdırğı yaz yağışını xatırladan gözlərim.
Yudu yanağımdakı dodaqlarının hənirtisini…
Qulaqlarımda zəng çalır
yetmiş yaşlı qonşumun sözləri,
Gecə mən yatanda duymuşdu
ürəyimin göynərtisini…

İçimə söykənib durmuşam…
Həsrətin kimi doğrayır
Üzümü şaxtalı boz ay…
Özümü yalandan ovudurmuşam,
Ovunmaq məndən yüz işıq ili uzay…

Qarışıb iş otağım
Sənli xəyallarımtək…
Sozalır masamda rəngli qələm, boz kağız.
Biri-birinə qarışıb darıxmaqlarım,
Sevda nəğmələri oxuyur hərəsi bir ağız.

…Dedilər qar yağıb dünən sizin şəhərə,
Sən gələn yollara dağıldı duyğularım.
Qar adam olmuşdum özüm ŞƏHƏRƏ,
Qartopu oynayırdı qayğılarım…

QORU ALNINDAKI ÖPÜŞ YERİMİ…

Bir gün əlimin sığalıyçün
Saçlarının darıxmağı baş qaldırsa,
Başını köksümə söykə.
Barmaqlarını dodağıma…

Bir gün dilinin ucunda adım göynəsə,
Ürəyin köksündə atlı kimi çapsa,
Gözünə görünsə, ulduzlar birtəhər,
Göy nəsə
Özünü mənə yetir
Əgər darıxmaqdan macal tapsan,
Əlindən bərk yapış ürəyinin,
Gözümün içindən yapışdığın kimi…
Qoru alnındakı öpüş yerimi,
Qəfil ömrümə gəldiyin kimi.

Bir gün sübh azanından axşam günbatanına,
Dilinin ucunda adım darıxsa,
bir misram ayə əvəzinə dodağında səyrisə,
Kəssə amanını “bəlkə”… “Nə isə”…
Tanrı duası bil sənə yazdığım şeirləri…