.....

.....

Qorxmaz Kadusinin şeirləri

Qorxmaz Kadusinin şeirləri

Əyə bilmədin

Eşq pərvanəsiydim, eşq istəyirdim,
Oduna bələyib yandırdın məni!
Canımdır dediyim canı alanmış!
Acı həqiqətlə qandırdın məni!

Sandım gülzarımda gülümü dərdim,
Tükəndi sevincim, çoxaldı dərdim.
Sevib sevilməyi bahar bilirdim,
Cavan yaz çağımda dondurdun məni!

Ruhum parçalandı, üzüldü bədən,
Gec oldu biləndə aldanmışam mən.
Dözdüm bu həsrətə, poladmışam mən,
Əyə bilməsən də, sındırdın məni!

Üçüncü adam

Vaxtında alınar andlar, sövdalar,
Olmasa arada üçüncü adam!
Bütöv razılığı sonuncu anda,
Saxladar yarıda üçüncü adam!

Qardaşdan, qardaşa fitnə ələyən,
Qonşunu, qonşuya düşmən eyləyən,
Cüt qəlbi vüsala peşman eyləyən,
Kaş çıxa sıradan üçüncü adam!

Qataraq aranı çıxar aradan,
Ürəyi xaraba, vicdansız, nadan.
Küsdürər övladı ata-anadan,
Yarından yarı da, üçüncü adam!

Yersizsə yer alıb yeridər sözün,
Güdükdən bir an da, ayırmaz gözün.
Yaramaz işlərdə unudar özün,
Şərəfi, arı da üçüncü adam!

Özünü hamıdan ağıllı sanar,
Haqsıza haqq verər, haqlını danar.
Bu üçüncülərə ürəyim yanar,
Tapar onları da, üçüncü adam!

Aldadır

Əvvəl ağıllılar, indi
dəlilər bizi aldadır.
Qanımız bitdi qopmadı,
Zəlilər bizi aldadır.

Çörək gəzir cavan-qoca,
Tərif lazım qarnı aca?
Kresloya dustaq, haça
dillilər bizi aldadır.

Açıqsa da uca göylər,
Sanırsan ki, səni dinlər?
Bilmədiyimiz gizlinlər,
Bəllilər bizi aldadır.

Keçib daha hayıf, kaşdan,
Çıxa bilmərik bu qışdan.
Canı sağlam, ancaq başdan
əlillər bizi aldadır.

Tənbəl, yeyin, ahəstələr,
Mənəviyyatdan xəstələr.
Nəzakətli “baş üstə”lər,
“Bəli”lər bizi aldadır.

Dirilər oldu yadımız,
Pirə nəzir imdadımız.
Hasil olmur muradımız,
Ölülər bizi aldadır.

Yıxılmaq nədir

Cismani ölürsə olmayır adam,
Sağ ikən yox kimi, yox olmaq nədir?
Dağdan ağır fikrə dözmək olursa,
Bir qucaqlıq yükə sıxılmaq nədir?

Yol çəkən yollardan su içmir gözün,
İnadın, iradın, yalanın, düzun.
Dünyanı içinə yığmısan özün,
Özün öz içinə yığılmaq nədir?

Gərəkli olmadın umanda səndən,
Yaxşıya qalmadı güman da səndən.
Xeyirxah olaydın ağlın kəsəndən,
Bu ahıl çağında durulmaq nədir?

Yalan ayaq açıb çoxdan yeriyir,
Zəhmətkeş ac qalır, harınsa yeyir.
Göydə O, Yerdə şah qulumsan deyir,
Azad doğulmusan qul olmaq nədir?

Bu şirin həyatdan yorulmaq olur,
Bir qurtum su ilə boğulmaq olur,
Təsadüf büdrəyib yıxılmaq olur,
Güvəndiyin dağdan yıxılmaq nədir?

Sevmişəm

Səni görən gündən dəyişib halım,
Gəlibdir sevgimin dəmi sevmişəm.
Sevgi dastanına yazılar adım,
Mən bəlli aşiqlər kimi sevmişəm.

Məcnunam, səhranı dolaşan mənəm,
Fərhadam, qayayla çarpışan mənəm,
Kərəməm, eşqindən alışan mənəm,
Tükənə bilməyən qəmi sevmişəm.

Hicranından yanıb bağrımın başı,
Baharımda gördüm üzü sərt qışı.
Bilirəm, qurumaz gözümün yaşı,
Solan yanağımda nəmi sevmişəm.

Biçdi əynimizə həsrət köynəyin,
Nə yerin, nə göyün çatmır köməyi.
Dərdindən unutdum gülümsəməyi,
Qəlbimin qırılan simin sevmişəm.

Bircə baxışınla ürəyə dolan,
Sən həqiqət idin, qalanlar yalan.
Əvvəl səni, sonra, yadigar qalan,
Sənə olan saf sevgimi sevmişəm,
Verdiyin hicranı, qəmi sevmişəm.

28.01.2025
Qorxmaz Kadusi.