.....

.....

“Qorxuram bir ömür itirəm səni”- Səbinə Xosiyeva (şeirlər)

“Qorxuram bir ömür itirəm səni”- Səbinə Xosiyeva (şeirlər)

***

Adın keçən hər yerdə mən,
Karıxıram hələ də .
Sənin üçün için-için ,
Darıxıram hələ də.

Yoxluğuna üsyan edib,
Alışıram eləcə .
Özüm, özümlə küsürəm ,
Barışıram eləcə .

İndi məndən uzaqlarda ,
Bilmirəm ki necəsən ..
Uzatsam çatardı əlbət ,
Əlim sənə necəsə…

Amma bu ayrılıq ,hicran ,
Sənə xoşsa,..mənə də…
Həyat sənə amansızca ,
Əsib-coşsa mənə de!…

***

Nə atam var idi,nə ata yurdum,
Qəlbinə sığındım ,adam, evimdin!
Mən kimdən incisəm, mən kimdən küssəm ,
Qaçaraq gəldiyim atam evimdin …

Zamanla dar etdin mənə o evi ,
Günbəgün yadlaşdım,adam, evində!..
Nə üçün qəlbindən çıxardın məni ,
Çoxmu yer tuturdum atam evində?

Təzədən qapına durub gəlmərəm,
İtirdim gücümü ,mən taqətimi ..
Bircə an qəlbinə dəyməmişdim heç,
Səni incidən şey sədaqətimmi?

Eybi yox əzizim, eybi yox canım,
Məni yıxıldığın yerdə anarsan! ,
Qəlbinə sığınmış o yalqız qızı,
Yetim saxladığın yerdən yanarsan!

Kiməm ? nəyinəm?

O gözlərindəki sevgidir,nədir?
Nədir mənə doğru gətirən səni?
Qorxuram soruşam kiməm,nəyinəm,
Qorxuram bir ömür itirəm səni ..

Mən axı ömrünün harasındayam ?
Bəlkə də doğman yox yadınam elə..
Bəlkə də hamıdan əzizin mənəm,
Dərdindən öldüyün qadınam elə?…

Keçir suallarla günüm ,saatım,
Susdura bilmirəm qəlbimin səsin.
Necə də çətindir əlin tutmamaq ,
Məsumca ,dəlicə sevdiyin kəsin..

İsidir ruhumu odlu baxışın ,
Hərdən də görürəm həmin deyilsən.
Bu qədər nagüman buraxma məni,
De görüm mənimsən, mənim deyilsən?..

Bir ürəkdə..

Bu necə unutmaqdır ?
Gözün hələ nəmdisə ..
Uzaqlar cənnət deyil,
İçin cəhənnəmdisə …

Öz özünlə qalanda ,
Tində ,küncdə dalanda ,
Ha gülümsə yalandan ,
O çəkdiyin qəmdisə ..

Ha gileylən, ha deyin ,
Hər şey keçər,ha deyim,
Min əzabı taleyin ,
Bir ürəkdə cəmdisə…

Məhəbbətimsən

Qəlbimdə gizlədim bu boyda eşqi,
Görmədin o eşqi,məhəbbəti sən,
Hələ də bilmirsən mənim həyatda ,
Yeganə ən ülvi məhəbbətimsən …

Necə qəribədir , necə qəribə ,
Yanımda durursan toxunmaq olmur.
Heyif ki dünyada yoxdur möcüzə,
Tutub əllərindən yox olmaq olmur..

Eləcə əlçatmaz görünür hər şey,
Həsrətdən soluram,saralıram mən.
Bir addım məsafəm olan adama ,
Sadəcə xəyalən sarılıram mən …

Günahmı edirəm ona hər dəfə ,
Uzaqdan baxdığım məsum baxışla?
Mən onu sevirəm,sevirəm,Allah
Bacara bilirsən məni bağışla !…

Səbinə Xosiyeva