.....

.....

Qulu Ağsəsin şeirləri

Qulu Ağsəsin şeirləri

Çox da salıb dünyanı eynəyim gözdən – noolar
Ağız suyuyla bitir dodaqda söz də – noolar…

Ölüm nə çətin işdi, gör nə gözəl cəzan var,
Dörd tərəfin köpəksə, demək, mühafizən var…

Yer tərpənir – tərpənsin, sallanarsan budaqdan
Bir də gördün əl edir kimsə sənə uzaqdan…

Nə lazım, uzaqbaşı bircə otağın ola
Gecənin bir yarısı qəfil qonağın ola…

Sevəsən bu gəlişi başdan-ayağa kimi
Küsdürəndə ağlaya qoynunda çağa kimi…

Gedəndə könlünü də yalvar-yapış apara
Gün görməmiş dərisin gün çıxmamış apara…

…Gedə, bir də qapından əcəl girəndə gələ
Günəş xəstə dünyaya şüa verəndə gələ…


Bu beşgünlük dünyada

ürəyimdən şənbə seyrinə çıxmaq keçdi,

arzu dediyin

can evində ən şuluq kirəkeşdi;

Bütün yanıq ciyərlərin

qərarı qətidi:

ən gözəl xətt –

su xəttidi;

Bəlkə də xırda detaldı:

viran evləri işğaldan

uçuq daxmalar qutardı;

Qadınla qələbə hardasa əkizdi:

yoxsa heç biri belə şəstlə

sinəsin qabağa verməzdi;

…İlk sevgi şeirim

mənə dostluq yollayıb instaqramda

(şəklin də çəkmişəm, telefonda durur),

görün nə yazır:

“ikini ikiyə vurarlar,

amma bir bir(in)ə

özü vurulur…”


Yığışıb qarama yüz söz deyərlər,

Bu boyda millətə nə cavab verim?

Bilsələr, qanıma yerikləyərlər –

Səni sevdiyimi… sevmədiklərim

Bir qiz bir oğlana çoxuymuş, demə,

Sevdim təklənəsən… çoxaldın, gülüm.

Açdım ürəyimi yoldan ötənə,

Təki ordan səni çıxardım, gülüm…

Di gəl bacarmadım… düzünü desəm,

Özün tərpənmədin rahat yerindən.

Külli-ixtiyarsan, nə vaxt istəsən,

Oynat, ağlımı da oynat yerindən!

Bunu bir mən bilim, bir də sən ancaq,

Ölüncə bu gözəl sirr bəsimizdi.

Biza nə yurd versin, nə yuva Allah,

Sənə ayırdığım yer bəsimizdi!..


Dan yeri – gecənin göydə od tutan
bağrıdı.
Xəbərin varmı? –
Bilmirəm.
Bir də yarpaq salma külək poçtuna.
Bağlıdı.
Xəbərin varmı? –
Bilmirəm.
Ürəyin – içəri qapındı Sənin,
Aç görək, nəyin var
qabında Sənin?!
Ömür-gün bölünüb… qalıqda
Səni Saxladı.
Xəbərin varmı? –
Bilmirəm.
Hərəmiz borcludu
bir can ölümə,
Ölsək də, tapmarıq
əncam ölümə.
Tanrı qırmır bizi… Ancaq
ölümə yoxladır.
Xəbərin varmı? –
Bilmirəm…


Bir də baş qoşan deyiləm
gecə ulduza, Aya,
Aldığım son xəbəri də
verdim getsin yuxuya.
Yatmamış instaqramdakı
hekayə nəydi – baxdım,
Bu arada votsapa da
barmağım dəydi – baxdım.
Baxmaqdan ağı qarışdı
gözümün qarasına
Tez uzandım… siqnal girdi
yuxumun arasına.
Düşündüm, görən O neynir,
hardan tapır dincliyi?
Gecə Ona,
gündüz Ona,
saat Ona işləyir!
Pəncərəmdə Günəş doğdu –
üzünə töküb telin,
Olan-qalan ağlımı da
qarışdırdı sübh yeli.
Uzaqda göy guruldadı
qəfil, yağış çilədi
Qalxıb fərman imzaladım,
hamını əfv elədim…