***
İşdi-qəzadı
səndən əvvəl ölsəm,
məni son mənzilə aparırlar, görsən, vəsiyyətimə əməl elə:
arxamca su at,
uğur dilə.
Saçını yolma,
köksünü ötürmə,
Allahın yanına gedirəm,
ürəyinə ayrı şey gətirmə.
Borclunun qapısın döyərlər:
yeganə borclu qaldığım,
əvəzini vermədən aldığım
son nəfəsdən özgə
kimsəni qapıma yaxın qoyma.
Bir də
ta uşaq deyilsən,
burnunun suyunu
gözündən axıdan
bu faniyə uyma…
***
Bir yol yatağından qalxmayan bu çay
Qoluna döyməni nə vaxt yazdırıb?
Qış günü soyuqdan ölən ağacın
Yasına mart ayı yarpaq yazdırıb…
Başını yelləsən, külü közərir,
İşıq vermir, amma işıq söz verir.
Bircə eybi var ki, dünya gözəlin
Məni qucağına qonaq yazdırıb…
Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür – adımızı öz jurnalına
Əcəl adqoydudan qabaq yazdırıb…
***
Yorulub oturdum
varağın bir küncündə,
ürəyim it kimi ulayır,
it kimi…
at gücündə.
Qışa bir taya şeir yığmışam
sözü misraya vura-vura.
Günəş – müqəvva görünsəydi,
gecəni quş kimi qorxuzub uçura…
Düşünürəm:
Yaşamaq –
dünyanın ən zor işi!
Yaşamaq –
irəli qovaraq keçmişi!
Fəqət…
istəyirəm əcəl gələndə
qarşımda heç nə dayanmasın.
Məni elə çağırsın ki,
sevgilim yuxudan oyanmasın…