***
Səhərin kandarında soyundu nəyi varsa –
gecəni, ulduzları, köhnə çəkələyini,
qapıları taybatay açıb girdi içəri
eşikdə boğdu gəldi dəlisoy küləyini
— meh də əsmir… – dedilər, biçarə dillənmədi
“mehtək necə əsirlər?” – düşündü öz-özünə.
Görüb görməzdən gəldi ağacları, gülləri,
üzü suya dayandı – baxışı batdı getdi
qolları uzanınca açılınca əlləri
dedilər ki, deyəsən, bu ayrı cür igiddi
-heç tələsmir, – dedilər, biçarə dillənmədi
“bəs necə tələsirlər?” – düşündü öz-özünə.
Heç özü də bilmədi nəyə kimə çökdü diz
tərk etmək istəmirdi bu sirli viranlığı,
heç kimə baş qoşmadı susdu səssiz-səmirsiz
dizlərinin altına yıxdılar qurbanlığı
-kəsmir… kəsmir… – dedilər, biçarə dillənmədi
“görən necə kəsirlər?” – düşündü öz-özünə.
Özünü də yıxdılar cəllad kötüyü üstə
eşitdi qarğışları, dinlədi alxışları,
balta enənə qədər gülümsədi ahəstə
“qayıdacam” – söylədi hamıya baxışları
-zalım bezmir… – dedilər, biçarə dillənmədi
“axı necə bezirlər?..” – düşündü öz-özünə.
***
Quşlar perik düşdü son şeirimdən
sözlər bircə-bircə qopub yıxıldı.
Ölüm bədahətən çəkdi adımı,
sən elə bildin ki, dünya dağıldı…
Sonra bir qarışqa keçdi önündən
gördün ki, dən nədi? – məni sürüyür…
Mənsə pıçıldadım astadan o dəm,
“sən boylan yuxarı… payını götür…”.
Baxsan da nə görə bilərdin axı
uçuq misralardan, məndən savayı…
…Ovcunda bircə dən var idi… amma
yerdə qarışqanın yox idi sayı…
Hələ arılar da uçub gəlirdi,
amma Gül deyilən solmuşdu çoxdan…
…Öpsəm də mən Sözün ayaqlarını,
gəlmir O şeirimə, gəlmir o vaxtdan…
***
Suyun üzü mənim olsun
altı – balıqların, dedim.
nə oldu bəs?
göyün üzü mənim olsun
elə altı da, söylədim,
nə oldu axı, nə oldu?
bütün karvanlar yan keçdi…
nökər keçdi, xan keçdi,
üzümə baxan keçdi,
bircə mən keçə bilmədim,
çünki məndən cahan keçdi,
keçdi suyun üzüylə keçirmiş kimi,
keçdi göyün altıyla keçirmiş kimi,
tanrının qol saatında
mən adda bir an keçdi
keçdi Can adlı bir burulğan kimi –
inan… keçdi,
və dönmədi…
…nə oldu ki?
***
bu daş yağışıdı
bu yırtıq çətir
bu bizik
bu yoldu
o da çağıran
hələ harasıdı harası könül
hər şey qabaqdadı belə baxıram
məni yıxıq görüb ağlamaq niyə
yaranı öpməklə yara sağalmaz
batır barmağını axan qanıma
ümidlə divara: “biz burdayıq…” yaz
***
Uçub gedən nədir ki? döy alnını, döy yerə…
Həm də dikəl öp göyü yayılsın səs-küy yerə
Qəfildən bir can susar zəfər çalar göy yerə
Ruh belədə çırpınan Eşq adlı bayraq olar…
Divanəlik nədir ki? – üfürülmüş haqq deyək,
Səhra nədir? – ovulmuş, səpələnmiş dağ deyək
Yerin hər nəyi varsa, canından iraq deyək
Amma göyün sirrini bizlər açsaq ağ olar…
Məqam elə məqamdı ayıq gedən key gəlir…
Şah nəfəsi dəyincə nökər dönüb bəy gəlir
Kirpiyindən yıxılsa göz yaşın – Söz heykəli
Gözlərinin önündə gördüklərin yox olar…
Axşam keçən karvanın, yolundan sabah ötər
Hər nə var zühur eylər, gah görünər, gah itər,
Ölüm pozsa pəhrizi, tamah salsa Zahidə
Ağlayan beş-üç nəfər, sevinənsə çox olar…
Sevdalılar içində ağ rəng gələr ərsəyə
Zaman alar aramla yaxar saça birçəyə
Aşiq zavallı heç vaxt bel bağlamaz gerçəyə
Gerçək ona nağıldır — dinlədikcə yuxular…