.....

.....

Rəbiqə Nazimqızının şeirləri

Rəbiqə Nazimqızının şeirləri

Tapıntı

sənə qədər bilmirdim
belə də ola bilər
hissə-hissə yaşana bilər məhəbbət.
məsələn, yalnız səs qulaqları ala bilər,
təbəssüm ürəyi.
pencək əlləri çağırar.
mən bilmirdim
insanlardan daha çox aradakı məsafə çığırar,
ağrıyar çıxılmazlığa.
Bilmirdim, barmaqlardan da almaq olar dodaqların hərarətini.
Soyuq həmişə isinməyə işarə deyil,
qaranlıq yaxınlıq üçün deyil həmişə.
İndi çox şeyi bilirəm
və məəttəl qalmıram bu işə…

Qızım üçün

Qızım, paltarını yığ, yığış gedək,
daha buralarda bir işimiz yox.
Bizim indimiz yox, keçmişimiz yox,
bircə yolumuz var, o da gələcək.

Biz güclü deyilik, zəifik, zəif,
gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.

-Hara gedəcəyik? – Burdan uzağa.

-Orda məktəb varmı? – Əlbəttə ki, var.

-Bəs, təzə evimiz, orda qalmayaq?

-Bizsiz də o evdə qalan tapılar.

Daha sual vermə, cavabım yoxdur,
hər gün əsəblərim itir bu yerdə…
Darıxma, nənənə zəng eləyərsən,
dayına bir məktub yazarsan hərdən.

Bəsdi sözə tutdun, vaxt yoxdu, quzum,
uzun yolumuz var – üzü qüruba.
Qırmızı kərpicdən evimiz olsa,
bir də şimal qışı, balaca soba.

Niyə geyinmirsən, gözləmirəmmi?
Deyirsən, qaranlıq düşübdü artıq?
Eybi yox, bu gün də qalası olduq,
Səhər paltarları yığışdırarıq.

***

Allah, mənə bir az bəxt ver,
bir az da vaxt, yaşayım.
Bir az ömrümdən yaşayım,
Bir az sərvaxt yaşayım.

Mənə gecələr yuxu,
Səhərlər gümrahlıq ver.
Mənə bir damcı qorxu,
Bir damcı toxtaqlıq ver.

Bir az ümiddən yolla,
Bir az işıq at, bəsdi.
Bir az ağıl ver, seçim
Nə bəsdi, nə əbəsdi.

Bir az mərhəmət göndər,
Bir də, bol-bol məhəbbət.
Bircə sənə yazmağa
Bir yerim olsun xəlvət.

Bir tikə çörək tapım,
Bir parç su, yaşayaram.
Bir də, qızımı qoru,
Nə versən, daşıyaram.

NAĞIL

Mənim ömrüm nağıldı –
nə gəzirsən içində?
Yoxdur bir qəhrəmanım
sən cilddə, sən biçimdə.

Sən bu dar küçələrdə
azarsan, karıxarsan.
Birdənəm, bu nağılda
özün də darıxarsan.

Axtarma almaları,
almalar əvvəl vardı.
Gecikdin, divlər gəldi,
gördü, aldı, apardı…

Sona çatır nağılım:
biri var, biri yoxdu.
Nə gəzirsən, qırxıncı
qapının sirri yoxdu.

Boylanma, baxma yola –
nə işıq var, nə də it.
Hələ ki görən yoxdu,
Gələn yoxdu, özün get.

***

Bütün navalçalardan
Səsin süzülürdü
Leysandan sonrakı ömrümə.
Alnımda –
saçlarımla qaşlarımın arasında qırısmış ağrının yeri açılırdı.
İçilirdi sudan tutmuş zəhərədək
hər şey,
Buta dadırdı.
Əllərim məni oda dartırdı.
Ömrüm boyu axtardığım
Məchul özü tapılmışdı
Naxışlı masada
“Məni yerimə qoy” deyə.
Ürəyimdəki rəflərdən köhnə
Qab-qacaqları süpürüb atırdım küçəyə.
Gecədən qalma göz yaşı quruyurdu,
Nə qırmızıydı, nə çəhrayı
Məlhəmini tapmış xəstə rəngindəydi qızılgül çiçəyi.
Yerindən çıxmısdı dünyanın oxu.
Ömür boyu axtardığım tapmacanı,
Otağımdakı çəkməcəni,
Məni,
Şəhərləri, adamları…
Hər yanı işgal eləmişdı
Dadını bilmədiyim qoxun…