Atamın xatirəsinə
Gözündən ölməyə başladı atam,
Gözündən düşməyə başladı dünya.
Saraldı gözünün ağ çiçəkləri
Gəlib gözlərində qışladı dünya…
Ölümü nar kimi sıxdı gözünə,
Gözünün içində nar çiçəklədi.
Öpdü gözlərindən ölüm mələyi
Gözünün odunda qar çiçəklədi.
Gördüm ki soyuyur həyət-baca da,
Gördüm buz sallanır gül tağlarından.
Bağın başındakı qoz ağacı da
Asılıb qarğanın ayaqlarından…
Pəncərə önündə gilas ağacı
Hamıdan gizlicə
tək ağlayırdı.
Quru budaqları qara əl kimi
Divarın üzünü cırmaqlayırdı…
Gözləri çıxmışdı hədəqəsindən,
Sanki kirpiyində dağ dolaşırdı.
Həyat gözlərində özgələşirdi,
Gözləri ölümlə doğmalaşırdı.
Göz-göz oxşayırdı ölümü atam,
Oxşaya-oxşaya nələr danışdı…
Gözləri ölümə sığmadığından
Öləndən sonra da yumulmamışdı.
Dünyanın şəklindən qaçıb gözləri,
Ölümün şəklini çəkirdi o gün.
Ölümün şəklini olduğu kimi
İlk dəfə atamın gözündə gördüm…
Gözüylə dünyanın arasındakı
İşıqlı nə varsa uçuracaqdı.
Elə yapışmışdı gözü ölümdən
Elə bil əlindən qaçıracaqdı…
Ölməyə heç nəyi yox idi o gün,
Nəfəsi yox idi, dili yox idi.
Elə nazlanırdı gözündə ölüm,
O gün ondan gözəl ölü yox idi…
Gözünə dikilən gözlərdən qaçıb,
gözünə tökülən səslərdən qaçıb,
gözünə çəkilən bizlərdən qaçıb
gözüylə öpüşdü yetimliyiylə,
gözüylə öpüşdü yavanlığıyla,
gözüylə öpüşdü uşaqlığıyla
gözüylə örüşdü cavanlığıyla,
öpmək istəmədi qocalığını
gözləri üzünü yana çevirdi…
Yolu iman yolu,
yolu can yolu,
getdi öz yoluyla, iziylə getdi.
gözündən qəbrinə uzanan yolu
Atam bizdən qabaq gözüylə getdi…
17 Oktyabr, 2004. Çartəpə.
***
Dağı tərsinə çevirdim,
Dağ boyda quyu oldu.
Quyunu tərsinə çevirdim
Dağ boyda boyu oldu.
Dəryanı tərsinə çevirdim
Səhra boyda qumu oldu.
Səhranı tərsinə çevirdim,
Dərya boyda şumu oldu.
Yeri tərsinə çevirdim,
Göy boyda dibi oldu.
Göyü tərsinə çevirdim,
Yer boyda qəbir oldu.
Qəbri tərsinə çevirdim,
İçində kəfən nəm oldu.
Kəfəni tərsinə çevirdim,
Qəbir cəhənnəm oldu.
Torpaq
Torpağın altına düşürəm səhər,
Torpağın üstünə çıxıram axşam.
Duyanım olmayıb bu torpaq qədər,
Torpaqsız özüm də duyulmamışam.
Üstdən buxovlanır, altdan sökülür,
Daş-daş, kömür-kömür daşınır torpaq.
Dinirəm, səsimdən torpaq tökülür,
Susuram, dil açıb danışır torpaq.
Bir ovuc torpağa dönüb yerində,
Üstünə düşəni göyərdir ürək.
Torpaq daşıyıram kipriklərimdə,
Bir gün gözlərim də çiçəkləyəcək.
Məni fikir-fikir əyirir torpaq,
Əyri cığırları kəsə çıxıram.
Dərinə getdikcə böyüyür torpaq,
Dərinə getdikcə üzə çıxıram …
İllərin qədəmi yeyin, çox yeyin,
Günüm ötüşməmiş alır ayımı.
Ölsəm, gözlərimə torpaq tökməyin,
Yeyib qurtarmışam torpaq payımı.
Üzümü şumlayır alnımın təri,
Bir daşa söykənib dağ yarıram mən.
Torpağın üstündə itən günləri
Torpağın altında axtarıram mən.
Eh, bu da taleyin yeni döngəsi,
Yenə qar olacaq, şaxta olacaq.
Vətəndə öz yeri olmayan kəsin,
Qürbətdə məzarı şaxta olacaq…
Dolub gözlərimə ovunur torpaq,
Axşama az qalıb, dözüm birtəhər.
Bir azdan mənimçün Günəş çıxacaq,
Bir azdan mənimçün doğacaq səhər…
Donetsk, 1988