GÖZƏL
Məni başdan çıxarıb,
İzi izimdən gözəl.
Qalıb gözüm gözündə,
Gözü gözümdən gözəl.
İman deyim, din sənə?
İnadından dönsənə.
Danışsana, dinsənə
Sözü sözümdən gözəl.
Qalmayıbdı dözüm də,
Mən nə qədər dözüm, de.
Xəbərin var özündən? –
Özü özündən gözəl.
ALLAHIM, BAĞIŞLAMA SEVGİDƏ ALDADANI
Çıxıb gedəcəkdinsə
Niyə çıxdın yoluna?
Yıxıb gedəcəkdinsə
Niyə girdin qoluna?
Sevinci yarıyolda,
Arzusu gözdə qaldı.
Sevgisində düz adam
Nə üçün düzdə qaldı?
Nə azaldar, yaxşı bax
Gözündə heyrətini?
Sevmədin ki, biləsən
Saf eşqin qiymətini.
Sevən adam “can verir”,
Çıxmır bir eşqin canı.
Allahım, bağışlama
Sevgidə aldadanı.
ANALAR
Sevgiylə danışar, sevgiylə gülər,
Sevinci paylaşar, sevinci bölər.
Dünyada hər şeyin yerini bilər,
Göz yaşı bilməsin təki analar.
Sözünü həmişə deyəcək elə,
Kimsənin ruhu da inciməz belə.
Səbri göylər qədər, dözümü ilə
Allahın yerdəki ərki analar.
İnciməz, arası olmaz küsüylə,
Öyünər övladı – oğlu, qızıyla.
Bircə təbəssümü, bir gülüşüylə
Qovar uzaqlara qəmi analar.
Oxuyar sözsüz də ürəyimizi,
Qoruyar ilahi sevgiylə bizi.
Biz çəkə bilmirik öz yükümüzü,
Bir evin yükünü çəkər analar.
Duası qoruyar bizi bəladan,
Eşidər hər zaman onu Yaradan.
Sağalar sözüylə çox vaxt yara da,
Sözü də, özü də həkim analar!
ANALARA QIYMAYIN
Kəsib doğrayır məni
Anaların hər ahı.
Övladını çox sevmək
Anaların günahı?
Oğul böyüdür ana,
Bir də, bir də görür ki…
Övladını itirən
Ana bir də gülür ki?
Fərqi yox kim öldürür,
Necə ölür balalar.
Xəbər tutduğu andan
Yaşamır ki, analar.
BİLMƏMİŞƏM
Hər yananın sonu bəlli –
Kül imiş ki, bilməmişəm.
Tale, ona inanana
Gülürmüş ki, bilməmişəm.
Yenə ölən, yenə itən…
Dava, qırğın nə vaxt bitər?
Bu dünyanı alt-üst edən
Dil imiş ki, bilməmişəm.
Baş açmadım çox işindən,
Yaxşı yamanın dişində.
Dünya namərd, nakişidən
Bol imiş ki, bilməmişəm.
Görməyəndə çatmır havam,
Nəvə üstə indi “davam”.
Övlad şirin, amma nəvə
Bal imiş ki, bilməmişəm.
Eşqin odu, közü çoxmuş,
Birin yaxmış, birin yıxmış…
Məhəbbətin dili yoxmuş,
Lal imiş ki, bilməmişəm.
BƏLKƏ DƏ
Bəlkə də bir azdan bitəcək ömrüm,
Bəlkə heç ömrümün yarısı deyil.
Başıma nə gəlsə, barışmalıyam?
Bəlkə heç alnımın yazısı deyil?
Bəlkə də arxadan vuranın biri
Hər gün çörək kəsib, duz yediyimdi.
Bəlkə də ən böyük düşmənim mənim
Bağrıma basdığım – dost dediyimdi.
Bəlkə “bəlkə”lərə bir az da dözüm,
Bəlkə daha çətin olar “bəlkə”siz?
Bəlkə anlamıram özümü özüm,
Anladız daha çox məni bəlkə siz.
Üstünə gedəndə ölüm “əkilib”,
Niyə göz yumsun ki, görəndə məni?
Bəlkə də çiynimdə yükdən çəkinib,
Apara bilməyib ölüm də məni?!
ARXAN DAĞ OLSUN, VƏTƏN!
Sağın-solun gül, çiçək –
Daim bağ olsun, Vətən!
Önündə nə olursa,
Arxan dağ olsun, Vətən!
Hər şeyin bir qədəri,
İpini yığ qəhərin.
Bas bağrına Xəzəri,
Dərdin dağılsın, Vətən!
Yağış da, qar da olsa,
Lap elə darda olsam,
Gələrəm harda olsam,
Nə vaxt çağırsan, Vətən!
Sən gülməsən, mən gülməm,
Baş əymədim bir zülmə…
Ölsəm belə, üzülmə,
Başın sağ olsun, Vətən!
ALLAH DA ÜZ DÖNDƏRİR
Yəqin daha eşitməz,
Yalvarsaq da Allaha.
Bircə duamız yetməz,
Allah da bezib daha.
Niyə eşitməlidi?
Söz verib, yiyə durduq?!
Sözümüzdən qaçmaqçün
Üzə bax… üzə durduq.
Nə dedik: ”Yalan yaxşı”,
Nə yalandan qırıldıq.
Sonuncu yalanla biz,
Son ümidini qırdıq.
Səbirdirsə bir adı,
Nə qədər edər səbir?
Düz yoldan çıxdıqca biz,
Allah da üz döndərir.
AĞI DEYİR
Nə mizan var, nə tərəzi,
Hər şey öz həddini aşır.
Qocalmağa ümid azdı,
Ölüm hər gün cavanlaşır.
Bir allahsız bir iş tutur,
Puç eləyir yüz ümidi.
Kədər yaxşı adamların
Sevincini diri udur.
İştahası diş altında,
Qəm son ümidləri yeyir.
Bu fani göylər altında
Küləklər də ağı deyir.
ADAM OL
Adam doğulmadın?
Üzündən-gözündən
Adamsan axı.
Nə vaxt olacaqsan
Adam sən axı?
Lap tutaq dinmədi
Heç zaman fağır.
Bax da baxışlara:
Söyüşdən ağır…
Min dona girirsən
Bir qarın üçün.
Çox deyil ləkələr
Bir alın üçün?!
Qəhrəman doğulmur
Hər kəs dünyada.
Mən də demirəm ki,
İgid ol, nər ol.
Adam doğulmusan?
Bütöv ol, tam ol.
Adam doğulmusan?
Onda adam ol.
BAXMAYIR
İçimdə çox saxladım,
Gördüm səbrim ağlayır.
Sabaha bel bağladım,
Gördüm ömür laxlayır.
Gül var, qəlbimə yatmaz,
Gül var, qoxusu getməz.
Gül var, dibçəkdə bitməz,
Gül var, daşa baxmayır.
İndi ha tut qolumdan,
Mən də azdım yolumdan.
Yandım bir eşq odunda
Yaza, qışa baxmayır.
BİLMƏDİM
Tüstüləyən bir dərdimi
Ata bilmədim, bilmədim.
Dərd dağıtdı ürəyimi,
Bata bilmədim, bilmədim.
Kimlər ömürdən yarıdı?
Ömür də çoxdan yarıdı.
Sevinc də çıxdı aradan,
Tuta bilmədim, bilmədim.
Nələr gördüm, nələr çəkdim,
Səhralara çiçək əkdim.
Məndən yeyin imiş bəxtim,
Çata bilmədim, bilmədim.
Satdılar yatanları da,
Satdılar batanları da…
Mən məni satanları da
Sata bilmədim, bilmədim.
Gördün təklər təkdi, ara,
Ay ümidin ərki, ara.
Vicdan hər gün çəkdi dara,
Yata bilmədim, bilmədim.
Rasif İMANOĞLU