Elə qorxuluydu o söz inan ki,
Qoymurdum bir addım səni atmağa.
Hər dəfə “Gedirəm” deyəndə sanki
Özümdən çıxırdım sənə çatmağa.
Qırdın bu adamı, qırdın bezmədən,
Onda nə qaldı ki, dönüb gələ də?
Nə çətin olurmuş səni unutmaq,
Əlim ürəyimə gəlmir hələ də.
Yadıma düşməzdi sənli hər günün
Nə vaxt başlaması, nə vaxt bitməsi.
O qədər ürəyim gedirdi sənçün
İndi də var məndə ürək getməsi.
Qürurdur başımı dirəyən daşa,
Az qalib lap məni diz üstə yıxa.
Saçının bir telin gəzirəm hər gün
Bəlkə yeməyimin içindən çıxa..
***
Dolaşıb qalmısan xəyallarımda,
Az qala özümü unudum artıq.
Çıx mənim gözü kor yuxularımdan,
Çıx mənim ağlımdan, çıx, nə olar, çıx.
Ömrümdən boş yerə itən günləri,
Səninlə başlayıb bitən günləri,
Unut birdəfəlik ötən günləri,
Nə mənə yük elə, nə üst-üstə yığ,
Çıx mənim ağlımdan, çıx, nə olar, çıx.
Düşünmə nə vaxtsa edərik davam,
Sən etdin sevməyi gözümdə haram,
Elə bil olmayıb mən adlı adam,
Daha nə peşman ol, nə qəlbini sıx,
Çıx mənim ağlımdan, çıx, nə olar, çıx.
Axan göz yaşını özün silərsən,
Məni axtararsan, məni dilərsən,
O sevgin, o da sən, özün bilərsən,
Dağıt məzarını, baş daşını yıx,
Cıx mənim ağlımdan, çıx, nə olar, çıx…
***
Birdən getmək istəsən
Susmaram inadına,
“Qal” deyərəm saxlayıb,
“Getmə” deyib salmaram
“Get “sözünü yadına
Yorar tərsliyin səni,
Deyərəm ki, incimə.
Bu sevgi bir yuxudur,
Sənin də yuxun gəlir,
Qoy başını çiynimə.
Desəm, getmə, birdənəm,
Mənə asmasan qulaq,
Getsən qapıya tərəf,
Səni qarşılayaram
Son addımından qabaq.
Deyərəm, ay daşürək,
Özün düşün, mən sənəm?
Hara getsən, asta vur,
Peşman olub dönməyə
Qapı mənəm, birdənəm.
Susub, baxıb demərəm,
Belə acı danışma.
Bilirəm ki, şıltaqsan,
Dözərəm, “Get” demərəm,
Təki yolu soruşma.
***
Mənim gözlərimin nə gunahı var?
Çəkir gözlərimi dara gözlərin.
Salıb baxış-baxış öz arxasınca,
Bilmirəm, aparır hara gözlərin
Sanki sən göydəsən, mən isə yerdə,
Gözucu baxışın dərmandır dərdə,
Ürəyin güzgüdür, gözəldir bir də
Sənin o mənalı qara gözlərin.
Sən yerdən səmaya qonan bir ulduz,
Baxışın, gülüşün gözəldir sonsuz.
Sən Allah, çox acı söz demə, onsuz,
Vurub ürəyimə yara gözlərin.