.....

.....

RUHLAR ŞƏHƏRİ – Tamella Şuşalı

RUHLAR ŞƏHƏRİ – Tamella Şuşalı

RUHLAR ŞƏHƏRİ
(Poema)

Uzaq tutub nəzərlərdən
Pənahəli xan həvəslə
dağ başında əzəmətli
Şuşa adlı Qala saldı,
Vüqarını dağdan aldı,
Yüksəklərdə o ucaldı.
Bir qala ki tarixlərdə
enilməyən adı qaldı.
Bu qalaya şir ürəkli,
Sözü keçən, zəhmi ağır
İbrahim xan hakim oldu,
Çoxlarının canlarını
vahiməli qorxu aldı.
Günü-gündən gözəlləşdi,
Oldu dillərin əzbəri
Dərd içində gülümsəyən
yaralı ruhlar şəhəri.

Dünənində, bu günündə köksündə var qan izləri,
Ömür boyu onda qaldı
düşmənin xain gözləri.
Ellər gördü çox qan-qada,
Başı üstün aldı duman ,
Sözün dedi zalım yada,
Düşmənə vermədi aman.
Qacar kimi sərkərdəyə
gözəl Şuşam sinə gərdi,
Öz nəfsinə qurban oldu,
elə burdaca gəbərdi.
Səmalarda oğulların
göz yaşı, acı qəhəri,
Dərd içində gülümsəyən
yaralı ruhlar şəhəri.

Vaqif şirin sözlərilə
gözəlləri nəzmə çəkdi,
Milliliyi yaşatdı o,
Ürəklərdə yuva tikdi,
amma sonu ələm oldu,
Heç “doğru halət” görmədi,
Ağlayan da qələm oldu.
Həsrət gözdən damcıladı,
durnalarla söhbət etdi,
Zakir sözlə qamçıladı,
şərə şillə vurub getdi.
İti sözlə satiranın
Əsasını qurub getdi.
Natəvan da pərvanətək ,
Dolandı sənin başına,
Xan qızının qəzəlləri
məni boğdu göz yaşıma,
Qəmlə açıldı səhəri,
Dərd içində gülümsəyən
yaralı ruhlar şəhəri.

Alim, şair, nəqqaş, xəttat-
hər sahədə çıxartdı ad,
Zəkasıyla işıq saçdı,
Dost, həmdəmi oldu kitab,
Muğamatdan söhbət açdı
yurd sevgili şair Nəvvab.
Səndə dindi Nəcəf bəyin
qan davalı müsibəti.
Səndən yazdı, heç bitmədi
Əbdürrəhim bəyin sözü,
Yazdı nə gördüsə gözü.
Öz dövrünə ayna tutdu
yurda aid hekayəti.
“Qan içində” ağladı bax,
Yusif Vəzirin kədəri,
Dərd içində gülümsəyən
yaralı ruhlar şəhəri.

Nəğmələri dilə düşdü,
çatdı Şərqə, çatdı Qərbə,
Sehrlədi könülləri,
İncə ruhu saldı qəlbə.
Üzeyirin Xan Vətəni,
Oğulları Tanrı seçdi,
Kimlər gəldi, kimlər keçdi,
Vəsf elədi elə səni.
Seyid, Cabbar zilə qalxdı,
Muğam səndə uca taxtdı.
Havalandı Xan səsində
“Qarabağın şikəstəsi”,
Ruhların sirli bəstəsi.
Məcid vurdu zənguləni,
Həzin səslə ötdü Bülbül,
Səslərin xoş avazından
Baş qaldırdı Xarıbülbül.
Səndə doğdu səmaların
ən gözəl nurlu qəməri,
Dərd içində gülümsəyən
yaralı ruhlar şəhəri.

Payızında, həm qışında,
dağlar qarlı, yollar qırov,
Səmalardan boylanır bax
ilk ordunun generalı
Səməd ağa Mehmandarov.
Saya gəlmir oğulların,
Süleyman Sani söyləyir
çox “Qorxulu nağıllar”ın.
Bir fəxrdir tarixində
Firidun bəy, Əhməd bəyin,
Kimin adın çəkmədimsə,
həmvətənlər, inciməyin.
Bu torpağın sehrinə bax,
Yetişdirib dahiləri,
Hər övladı sanki bir dağ.
O ruhlardan biz almışıq
həm dözümü, həm təpəri,
dərd uçində gülümsəyən
yaralı ruhlar şəhəri.

Sənin qəmli hekayənə
xarıbülbül şahid oldu,
Yandı bağrı, üzü soldu.
Əydi qəddin, qəm daşıdı,
Bəlalı illər yaşadı.
Gah boşaldı, gah da doldu.
Şəhidlərin qubarından sinəsinə çəkildi dağ,
Haray saldı dağa, daşa,
Fikrə daldı, xatırladı tarixini varaq-varaq,
Kədər onu boğdu yaşa,
Gözü ilə od götürdü,
Ərənlərin qanlarından
yeni pöhrələr bitirdi.
Hər ölənlə o da öldü.
Səni görüb necə gülüm?!
Gözü nəmli şəhid gülüm.
Unutmadın şəhidləri,
unutmadın bircə əri,
Dərd içində gülümsəyən
yaralı ruhlar şəhəri.

Otuz illik əsarətdə,
həm zülmətdə qalan şəhər,
Oyan, artıq açılıbdır
al günəşli aydın səhər.
Oğulların azad edib
açıb bağlı əllərini,
Unutdurub əsarətdə
qalan qəmli illərini.
Canlarını fəda edən
igidlərdir göydən baxan,
Səmalara qaldırıblar
bu ellərin haqq səsini.
Səndə fərəh, büsat görüb
bax duyurlar nəfəsini.
O ruhlarla təzə ruhlar
birləşiblər, qarışıblar,
Tale, qismət yazısıyla
ülfət qurub barışıblar.
Başın üstdə dalğalanır
Yurd sevgili şanlı bayraq,
O, ruhlara əl eləyir yollarına tutur çıraq.
Bayrağımız yüksəklərdə
salamlayır bu zəfəri,
Dərd içində gülümsəyən
yaralı ruhlar şəhəri.

Müəllif: Tamella Şuşalı