.....

.....

Ruhun hardadırsa, ordayam, Ata – Əlövsət Tahirlinin şeirləri

Ruhun hardadırsa, ordayam, Ata – Əlövsət Tahirlinin şeirləri

ATA

Tək səndin balanın ciyərparası,
Bitişmir, qan verir köksüm yarası,
Azmişam, dünyanın udub qarası,
Özüm də bilmirəm hardayam, Ata.

Mənəm səndən sonra qərq olub batan,
Yolumda tor qurur indi hər çatan,
Yoxdur yol göstərən, əlimdən tutan,
Boranda, çovğunda, qardayam,Ata.

Cox erkən döndərdin yazımı qışa,
Dönmüsəm qanadı qırılmış quşa,
Hər silah götürən alıbdır tusa,
Sən yoxsan çətində,dardayam, Ata.

Qovrulub yanıram,mən öz közümdə,
Dözürəm bilmirəm necə, özüm də,
Xəyalın başımda, əksin gözümdə,
Ruhun hardadırsa, ordayam, Ata.

KÜL OLUB TORPAĞA SƏPƏLƏNMİŞƏM.

Bəxtindən gileyli, taleydən küskün,
Verdiyi dərdlərə mən bələnmişəm,
Bağrımın başından qan verir yaram,
Bir nazlı baxışdan güllələnmişəm.

Çəkibdir zəmanə hər gün savaşa,
Tutduğum arzular çıxıbdır boşa,
Dəymişəm neçə yol gör daşdan-daşa,
Min yerə bölünüb gilələnmişəm.

Dağında, düzündə yorubdur yollar,
Baha başa gəlib salam-sağollar,
Boğubdur boynuma dolanan qollar,
Fələk xəlbirindən mən ələnmişəm.

Nədir bəxtin mənlə bu həngaməsi,
Bitmir nə gileyi,nə bəhanəsi,
Sıxır ürəyimi qəm məngənəsi,
Kül olub torpağa səpələnmişəm.

YENƏ O DƏNİZİN SAHİLİNƏ GƏL.

Mənli xatirələr yuxuna gəlsə,
Həsrət oxa dönüb qəlbini dəlsə,
Nə vaxtsa gözündə son ümüd ölsə,
Yenə o dənizin sahilinə gəl.

Nə olsun ayirdı o zalım Fələk,
Dondu dilimizdə min arzu-dilək,
İstəsən saçını oxşasın külək,
Yenə o dənizin sahilinə gəl.

Elə əvvəlki tək çağlayır dəniz
Baxıb seyr edirəm nə vaxtdır səssiz,
Sahil qumları da darıxıb sənsiz,
Yenə o dənizin sahilinə gəl.

Zülmət gecələri qatıb gündüzə,
Şair Əlövsət tək sarılıb sözə,
Əksimlə baxmaqçün bir də göz-gözə,
Yenə o dənizin sahilinə gəl.